Məhkəmə qərarları › İş №2(039)-33/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-33/2025

13.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-33/2025 13.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi ilə, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh2 və onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 ilə mərhum atası X9 arasında bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi barədə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın (Seriya MA № 0343243) ləğv edilməsi barədə qətnamə qəbul edilməsi və iş üzrə sözügedən qanun pozuntularına yol vermis şəxslər barəsində xüsusi qərardad çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 qanunsuz yolla mülkiyyətinə verilmiş və hazırda mübahisə olunan (iddia olunan) Yevlax şəhəri, H.Aslanov küçəsi, 52 ünvanda yerləşən yaşayış evi (mənzil) mərhum atası X9 mülkiyyətində olmuş və atası xəstəliyindən və yaşlı olmasından istifadə edən Cavabdeh2 valideynləri 19 avqust 1996-cı il tarixdə Daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə cavabdehin adına qanunsuz yolla rəsmiləşdirilmişdir. O, bu barədə son zamanlar bilmişdir. Qeyd edir ki, mərhum atası X1 onun razılığı ilə sözügedən-ünvan 1 ünvanında yerləşən evdə (mənzil) o-İddiaçı və ailə üzvləri-həyat yoldaşı X6, övladları – X11 və X15 daimi pasport qeydiyyatı və istifadə hüquqları vardır. Atası və anasının sağlığında O-İddiaçı həmin evdə (mənzildə) ailə üzvləri ilə birlikdə yaşamışdır və valideynlərinə qulluq etmişdir və müvəqqəti yaşamaq və işləmək üçün Mingəçevir şəhərinə köçəndən sonra da gəlib-getmişlər və valideynlərinin qulluğunda durmuşdur. Hal-hazırda cavabdeh –Cavabdeh2 onun xəbəri,məlumatı və razılığı olmadan ünvan 1 ünvanda yerləşən evi (mənzil) qanunsuz yolla öz adına rəsmiləşdirmişdir və AR. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti 17 saylı yevlax Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarış (Seriya MA № 0343243) almışdır. O-İddiaçı və ailə üzvlərihəyat yoldaşı X12, övladları-X25 və X20 bu barədə yaxın vaxtlarda cavabdeh-Cavabdeh2 onları qeydiyyatdan çıxarmaq istəməsi barədə Şəki İnzibati Məhkəməsinə müraciət edərkən bilmişlərdir. Cavabdeh-Cavabdeh2 ona və ailə üzvlərinə qarşı əsassız iddia irəli sürərək, onları mübahisəli evə (mənzilə) dair hüquqlardan məhrum etmək istəyir və demək olar ki, faktiki bu hüquqlardan qanunsuz yolla məhrum etmişdir. Mərhum atası-X9 xəstə və yaşlı olma halından istifadə edərək, atasının mülkiyyətində olmuş sözügedən-ünvan 1 ünvanda yerləşən evin (mənzil) cavabdeh-Cavabdeh2 tərəfindən O-İddiaçı və həmin evə dair hüquqları olan ailə üzvlərinin xəbəri, məlumatı və razılıqları olmadan öz adına qanunsuz yolla bağışlanma müqaviləsi bağlamaqla və rəsmiləşdirməklə qanunun tələblərini pozmuşdur. Cavabdeh-Cavabdeh2 sözügedən hadisəni qəsdən etməklə qanunun tələbini pozmaqla yanaşı O-İddiaçı və ailə üzvlərinə həm maddi və həm də mənəvi ziyana vurmuşdur. Cavabdeh-Cavabdeh2 hesab edir ki,bu və ya digər formada sövdələşərək, iş üzrə digər cavabdeh orqan-Notariat ofisinin və notariusun səhlənkarlıqlarından istifadə etməklə mərhum atası-X9 xəstə və yaşlı olma halından məharətlə istifadə etmiş və bağlanmış bağışlama müqaviləsi ilə pərdələməklə onların da sözügedən-ünvan 2 ünvanda yerləşən evə(mənzil) dair mülkiyyət, istifadə və qeydiyyatda olma hüquqlarını nəzərə almadan qanunsuzluq edərək evi öz adına özününküləşdirmişdir. Bundan əlavə aşağıda qeyd etdiyi qanunvericilik aktlarından da görünür ki, müqavilə bağlandıqdan dərhal sonra elektron formada informasiya sistemləri vasitəsi ilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərilməlidir. Müqavilə notarial qaydada bağlanması və bu müqavilənin tərəflər tərəfindən imzalanması və onun tesdiq edilməsi bu müqavilənin bağlanmış sayılması üçün əsasdır. Cavabdeh-Cavabdeh2 ilə mərhum atası-X9 arasında bağlanmış bağışlama müqaviləsi vicdanlılıq prinsiplərinə də ziddir. Onlar arasında bağlanmış müqavilə pərdələnmiş müqavilədir və bu səbəbdən da bağlandığı andan etibarsızdır. Cavabdeh-Cavabdeh2 ilə mərhum atası-X9 arasında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab olunmalı və həmin müqaviləni hüquqi nəticəsi olan sözügedən-ünvan 1 ünvanında yerləşən evin (mənzil) cavabdeh-Cavabdeh2 adına mülkiyyətə alınması barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarış (Seriya MA №0343243) ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçının mərhum atasının ölümündən cəmi 1 həftə (7 gün) əvvəl, ünvan 3 ünvanında yerləşən evin (mənzil) cavabdehə bağışlaması və rəsmi müqaviləyə imza etməsi mümkün deyildir. Belə ki, X18 xərçəng xəstəsi olmuş, son dönəmlərdə isə xəstəliyi ağırlaşmış və sonuncu huşunu-ağlını itirmişdir. Bu səbəbdən də bağışlanma müqaviləsini imza etməsi onun iradə ifadəsi olmamışdır. Çünki ölüm ayağında olan şəxsin bu addımı atması ağıla batan deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin müvafiq maddəsində də deyildiyi kimi şəxsin fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa iddiaçı sözügedən evdə anadan olmuş və orada da ailə qurmuş, X18 vəfat edərkən iddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçı mübahisəli evdə qeydiyyatdadır və Cavabdeh2 Şəki İnzibati Məhkəməsinə İddiaçı qeydiyyatdan çıxarılması ilə bağlı müraciət etmiş, lakin Yevlax Rayon Məhkəməsində hazırki işə baxıldığı üçün baxılmamış saxlanmışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, əvvəllər təqdim olunan və onlarda mövcud olan imza nümunələri ilə ekspertiza üçün kifayət etmədiyindən məlumatlıdırlar və əlavə sərbəst xətt və imza nümunələri olmadığı üçün təqdim edə bilməmişlər. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək göstərdi ki, o, iddianı qəbul etmir. Belə ki, o, hələ uşaq vaxtlarında babası X18 evi ona bağışlayacağını bildirmiş və xəstəliyi ilə bağlı son dövrlərdə ağırlaşdığını hiss etdiyi üçün notariusu evə dəvət etmiş, daha sonra isə bağışlanma ilə bağlı hərəkətlər olmuşdur. Məhkəmə iclasında Cavabdeh2 vəkili X7 izahat verərək göstərdi ki, iddiaçı ilk növbədə iddia müddətini ötürmüşdür. Belə ki, X9 evin bağışlaması ilə bağlı sənədləşmədən 30 il müddət keçmişdir və bu hərəkətlərdən iddiaçının xəbərinin olmaması mümkün deyildir. Bundan başqa, xərçəng xəstəsi olan adamın orqanlarının sıradan çıxmasına gətirib çıxaran xəstəlikdir və X9 xərçəng xəstəsi olması sonuncunun şüurunun getməsi demək olmaz. X18 ömrünün son dönəmlərinə qədər şüurlu və özünü bilmə iqtidarında olmuşdur. Eyni zamanda iddia tərəfi imzanın saxta olmasını və işin digər hallarını sübut etməyə borcludur və bu halları sübuta yetirə bilməmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş materiallarında olan AZ-T 057117 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X10 arasında 31 mart 1989-cu ildə rəsmi nikah bağlanmışdır. Mülki iş materiallarında olan xx.xx.2024-cü il tarixli 5 №-li MİS-in arayışdan görünür ki, Əliyev X5 şəhəri, Maqomayev küçəsi, ev 79, mənzil 19 ünvanında qeydiyyatsız yaşayır. Mülki iş materiallarında olan MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 0.0487 ha torpaq sahəsi olan, 131.43 kv.m fərdi yaşayış evi (xüsusi mülkiyyət) Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Mülki iş materiallarında olan 19 avqust 1996-cı il tarixli yaşayış evinin bəxşiş müqaviləsindən görünür ki, X18 ilə Cavabdeh2 adından X13 arasında müqavilə bağlanmışdır. X3 şəhəri, H.Aslanov küçəsi, 52 nömrəli ünvanda 600 kv.m torpaq sahəsində yerləşən 1958/77-ci illərdə kubikdən tikilmiş, iki otaqlı yaşayış sahəsi 57,5 kv.m, ümmumi sahəsi 170,6 kv.m-dən ibarət olan yaşayış evini nəvəsi Cavabdeh2 bəxşiş etmişdir. Müqavilənin tərtibi və təsdiqi üçün xərcləri bəxşiş edən X18 ödəmişdir. Mülki iş materiallarında olan və məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən daxil olmuş münasibətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən “qanunsuz yolla Cavabdeh2 müqavilə rəsmiləşdirilməsi və 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən çıxarış əldə etməsi” müddəası əsassızdır, hər hansı mötəbər sübutla isbat edilmir. Belə ki, iddiaçının mərhum atasının sağlığında rəsmiləşdirilmiş müqavilə mərhumun şəxsi iradə ifadəsi ilə bağlanmış və mərhumun sağlığında özü tərəfindən mübahisə predmetinə çevrilməmişdir. Sözügedən müqavilə 19 avqust 1996-cı ildə Yevlax rayon 1 saylı notariat kontorunda bağlanmış, dəyişdirilməsi və ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Mübahisə predmetinə çevrilmiş çıxarış isə “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən qanuni əsaslarla verilmişdir. Mülki iş materiallarında olan və sorğu əsasında məhkəmənin sorğusu əsasında Yevlax rayon 1 saylı Dövlət Notariat Ofisində 19 avqust 1996-cı il tarixdə 3M-2-45 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurətlərindən görünür ki, bağışlanma üçün zəruri sənədlər toplanmış və X8 arvadı X4 ərizə ilə Yevlax rayon 1 saylı Dövlət Notariat kontoruna müraciət edərək ünvan 6 ünvanda yerləşən evin nəvəsi Cavabdeh2 bağışlanmasına razılıq vermişdir. Mülki iş materiallarında olan “məhkəmə ekspertizası aparılmasından imtina edilməsi barədə” məlumatdan görünür ki, Cavabdeh2 ilə X9 adlarında olan 19 avqust 1996-cı il tarixli bağışlama müqaviləsinin əslinin və həmin müqavilənin qeydiyyatdan keçdiyi reyestr jurnalının (Yevlax rayon Notariat ofisi 3 M-2-45) və X9 1990-1996-cı illərə dair sərbəst xətt və imza nümunələrinin təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixdə vəsatət verilmiş, xx.xx.2024-cü il tarixdə 19 avqust 1996-cı il tarixli bağışlama müqaviləsinin əsli və həmin müqavilənin qeydiyyatdan keçdiyi reyestr jurnalının əsilləri təqdim edilsə də X9 1990- 1996-cı illərə dair sərbəst xətt və imza nümunələri təqdim edilməmişdir. Ekspertin vəsatəti təmin edilmədiyindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, X18 ilə Cavabdeh2 adından X13 arasında müqavilə bağlanmışdır. X3 şəhəri, H.Aslanov küçəsi, 52 nömrəli ünvanda 600 kv.m torpaq sahəsində yerləşən, 1958/77-ci illərdə kubikdən tikilmiş, iki otaqlı yaşayış sahəsi 57,5 kv.m, ümmumi sahəsi 170,6 kv.m-dən ibarət olan yaşayış evini nəvəsi Cavabdeh2 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən oğlu ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 0.0487 kv.m olan, ümumi 131.43 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, Cavabdeh2 qanunsuz yolla bağışlanmış və hazırda mübahisə olunan (iddia olunan) Yevlax şəhəri, H.Aslanov küçəsi, 52 ünvanda yerləşən yaşayış evi (mənzil) mərhum atası X9 mülkiyyətində olmuş və atası xəstəliyindən və yaşlı olmasından istifadə edən Cavabdeh2 valideynləri 19 avqust 1996-cı il tarixdə Daşınmaz əmlakın bağışlanma müqaviləsi ilə cavabdehin adına qanunsuz yolla rəsmiləşdirilmişdir. Mübahisəli torpaq sahəsinin və torpaq sahəsinin üzərində yaşayış fərdi yaşayış evi iddiaçının atasına məxsus olmuşdur. Həmin sözügedən yerdə də anasının da payı olmuşdur. Qanunvericiliyin tələbləri müqaviləni təsdiqləmiş notarius tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. MM-in 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 337.1 maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən, müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama müqaviləsi yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayılır. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında göstərmişdir ki, mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. İddiaçı mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi bağışlanarkən atasının xərçəng xəstəsi olmasını, son dönəmlərdə isə xəstəliyi ağırlaşmasını və sonuncu huşunu-ağlını itirməsini, bu səbəbdən də imzanın digər şəxs (lər) tərəfindən saxtalaşdırılmasını, anasından da yazılı razılıq alınmadığı üçün bağışlama müqaviləsinin etibarsız sayıldığını və sair göstərsə də, məhkəməsi onların bu dəlilləri ilə razılışmır. Belə ki, iddiaçının atası X9 xəstə olması, onun məhdud qabiliyyətli şəxs olması, psixi pozuntu sayılması barədə də heç bir sübut təqdim edilməmişdir. Bundan başqa da mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi bağışlanma ilə bağlı notarial hərəkətləri aparılarkən, iddiaçının anası da etiraz etməmiş və bunu ərizəsi ilə bildirmişdir. Bu əsasda müəyyən edilir ki, iddiaçının mərhum atası mübahisəli əmlakı öz istəyi ilə, öz iradəsi ilə cavabdehə bağışlamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanan müqavilənin etibarsızlığı üçün əsaslar mövcud deyildir, iddia tələbi əsassızdır və təmin edilə bilməz. İddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçı Cavabdeh2 qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim: Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar