Məhkəmə qərarları › İş №2(039)-343/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-343/2020

09.01.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-343/2020 09.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, mü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehndən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən üzərinə yazılmış 448,82 manat məbləğində cərimənin və 92,25 manat məbləğində sayğacın dəyərinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Yevlax şəhəri ünvan 1 mənzil 3 saylı ünvanda yerləşən yaşadıqları fərdi yaşayış evi təbii qazla təchiz olunmuşdur. Cavabdeh İB Tərtər RQİİ-nin Yevlax Xidmət Sahəsinin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmişdir. Bununla əlaqədar Cavabdeh İB təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx xxxxx 2018-ci il tarixli aktına əsasən sayğacın çıxarışındakı plastmast borunun deşilməsi qeyd edilmişdir. Həmin sayğaca müdaxilənin olması göstərilərək yenisi ilə əvəz edilmişdir. Bundan sonra ondan əsassız oaraq 92,25 manat sayğacın dəyəri tələb edilir və müdaxilə nəticəsində itirilmiş qaza görə hesablanmış 448,82 manat məbləğində cərimə ödəmli olması barədə xəbərdarlıq edilmişdir. Həmin cərimənin əsassız hesab edir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır. Ona görə də ona əsassız yaranmış 448,82 manat məbləğində cərimənin və 92,5 manat sayğacın dəyərinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh İB nümayəndəsi iclasa gəlməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunmuş ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı Yevlax şəhəri ünvan 1 mənzil 3 ünvanında yerləşən fərdi yaşayış evində G-4 markalı, ******* nömrəli sayğaca baxış keçirilmiş, müəyyən edilmişdir ki, sayğacın çıxışındakı plastmast boru deşilmişdir. Tələb edilmişdir ki, dəymiş ziyan hesablansın və abonent tərəfindən ödənilsin. Həmin akt Yevlax Xidmət Sahəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı aktı imzalamaqdan imtina etmişdir. Laborator müayinələrin nəticəsində qeyd edilmişdir ki, ******* nömrəli sayğacda xətalar normaya uyğun deyil. Sayac minimal sərfiyyatda 100% nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğacın çıxış plastmas borusu zədələnib, lakin deşilməyib. Abonentin saldosundan görünür ki, İddiaçı akt əsasında 2018-ci ilin dekabr ayında 443,52 manat cərimə hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11 bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 12: Bənd 5. Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda vəhədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. Bənd 6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında 87 saylı qərarının 5.1-ci maddəsinə əsasən Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarı: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan RespublikasıMülki-ProsessualMəcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, istinad edilən normaların tələblərinə görə, zədələnmənin istehlakçının, hazırkı halda İddiaçı təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, onun tərəfindən cərimə ödənilsin, habelə sayğacın dəyişdirilməsi məhz onun hesabına həyata keçirilsin. Təqdim edilmiş sübutlarla istehlakçı İddiaçı yaşadığı Yevlax şəhəri ünvan 1 mənzil 3 ünvanında yerləşən fərdi yaşayış evində G-4 markalı, ******* nömrəli sayğaca baxış keçirilən zaman sayğacın düzgün işləməməsi müəyyən olunur. Bunun məhz İddiaçı müdaxiləsinin nəticəsində və ya onun təqsiri üzündən baş verməsi sübut olunmur. Bu səbədən məhkəmə hesab edir ki, İddiaçı hesablanmış cərimə silinməlidir. Lakin, iddia tələbində 448,82 manat cərimənin və 92,25 manat məbləğində sayğacın dəyərinin silinməsi xahiş olunsa da, təsdiq olunur ki, yalnız 443,52 manat cərimə hesablanmışdır, Cavabdeh İB-nin İddiaçı 92,25 manat məbləğində sayğacın dəyərinin tələb olunması iş materialları ilə təsdiq olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki-Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Yevlax şəhəri ünvan 1 mənzil 3 ünvanında qazdan istifadəyə görə **********00030 №-li abonent koduna hesablanmış 443 (dörd yüz qırx üç) manat 52 (əlli iki) qəpik onun borcundan silinsin. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar