Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-36/2023 17.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən Cavabdeh 2880 manat kompensasiya - pul vəsaiti ödəmək şərtilə onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri, Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilində cavabdehin istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun sabiq həyat yoldaşıdır. Aralarında olan nikah qeydi Yevlax Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə ləğv edilmişdir. Yevlax şəhəri, Pişəvəri küçəsində istifadədə olan 0.094 ha torpaq sahəsində yerləşən 3A nömrəli, 1 mərtəbəli binanın 5-ci girişində 1-ci mərtəbəsində 138.79 kv.m ümumi 95.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüquq üzrə ona məxsusdur. O, cümlədən daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 161 nömrəli qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə Cavabdeh istifadə hüququ yaranmışdır. Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddia tələbi təmin edilərək, onun Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə istifadə hüququnun tanınması və Cavabdeh həmin evə köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli, qərardadı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş “iddiaçı Cavabdeh Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə istifadə hüququnun tanınması “hissəsində ləğv edilərək, bu hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə cavabdeh İddiaçı məxsus olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Cavabdeh onun xüsusi mülkiyyətimə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə istifadə hüququ yaranması Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, habelə Cavabdeh həmin mənzilə köçürülməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət edilmişdir. Cavabdehlə onun ailə münasibətlərinə xitam verildiyindən, eyni zamanda hər birinin ayrıca şəxsi həyatları olduğundan, hesab edir ki, Cavabdeh onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilində istifadə hüququ ilə yaşaması mümkün deyildir. Onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzili əgər bütövlükdə kirayə vermək niyyətində olsa, ayda 80 manata kirayə vermək mümkündür. Cavabdehə 3 (üç) illik müddət ərzində kirayə pulu hesabı ilə kompensasiya təklif edir. O, cavabdehə 2880 manat kompensasiya təklif edir və həmin məbləğlə cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzil nəzərdə tutulur ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə edəcəkdir. Bu təklifilə cavabdehə müraciət etsə də, cavabdeh heç bir münasibət bildirməmişdir. Onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzil (evin) Cavabdeh istifadə hüququ ilə yüklüdür. O, öz evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Məhkəmə iclasında iddiaçının vəkil Sevda Bəkirova iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının vəkilin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikasının Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** №li, xx.xx.2008-ci il tarixli çıxarışından görünür ki, Yevlax şəhəri Pişəvəri küçəsində istifadədə olan 0.094 ha torpaq sahəsində yerləşən 3A nömrəli, 1 mərtəbəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində, 138.79 kv.m ümumi, 95.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 161 nömrəli vərəqədə qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-648/2021 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə Cavabdeh istifadə hüququ yaranmışdır. Bu səbəbdən həmin mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə İddiaçı iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(107)-716/2022 nömrəli qətnaməsindən görünür ki, Məhkəmə kollegiyasının tədqiqi nəticəsində müəyyən edildi ki, Yevlax şəhəri Pişəvəri küçəsi 3A, 5 nömrəli mənzil (mübahisəli mənzil) Yevlax şəhər İcra Hakimiyyətinin 04 aprel 2008-ci il tarixli, 31 nömrəli orderi ilə Cavabdeh (hazırkı iş üzrə cavabdeh) və onun arvadı İddiaçı (hazırkı iş üzrə iddiaçı) istifadəsinə verilmişdir. Cavabdeh xx.xx.2008-ci il tarixdə mübahisəli evin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir. Beləliklə, mübahisəli evə xx.xx.2008-ci ildə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(107)-716/2022 nömrəli qərardadı ilə cavabdeh İddiaçı vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(039)-428/2021 nömrəli qətnaməsi iddianın təmin olunmuş “iddiaçı Cavabdeh Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə istifadə hüququnun tanınması” hissəsində ləğv edilərək, bu hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçı Cavabdeh mübahisəsi gedən Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə istifadə hüququ Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-648/2021 saylı qətnaməsi ilə müəyyən edildiyindən, hazırki tələb üzrə işə yenidən məhkəmə qaydasında baxılması və yenidən hüquqi qiymət verilməsi düzgün olmazdı. Çünki tərəflər arasında olan mübahisənin bu hissəsi artıq qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. "xxxx" MMC-nin 371 saylı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2022-ci il aprel ayına bazar qiymətinin dəyəri 34.700 manat müəyyən edilir və orta bazar aylıq kirayə haqqı (əşyasız) 150 manat müəyyən edilir. Təyin edilmiş ekspertiza ilə bağlı "xxxx" MMC tərəfindən verilmiş 371 №-li, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin qiymətləndirilmə xərcini yəni 300 manatı İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2009-cu il oktyabrın 1-dək yarandığı üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarına əsasən hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda aşağıdakılar göstərilmişdir: “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il Qərarı ilə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.” Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq qeyd edir ki, mülkiyyətçi- İddiaçı təklif etdiyi 2880 manat məbləğində kompensasiya Cavabdeh davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli mənzillə müqayisədə oxşar şəraiti olan başqa yerdə yaşamaq imkanını vermir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1.-ci maddəsinə görə də bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsi təmin edilmədiyindən dövlət rüsumı, Mülki Prosessual Məcəllənin 119.1ci maddəsinin tələbinə görə iddiaçıya aid edilməlidir. Mütəxəssisinin tədqiqatının dəyəri olan 300 manatın iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilməsi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilində cavabdehin istifadə hüququna iddiaçı tərəfindən 2880 manat kompensasiya-pul vəsaiti ödəmək şərtilə xitam verilməsinə dair iddiası təmin edilməsin. Mütəxəssisinin tədqiqatının dəyəri olan 300 manatın iddiaçı tərəfindən "xxxx" MMCnin hesabına ödənilməsi nəzərə alınsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-36/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-36/2023
17.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver