Məhkəmə qərarları › İş №2(039)-386/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-386/2022

01.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-386/2022 01.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Cavabdehnə (İB) qarşı əsassız hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək əsassız olaraq hesablanaraq onun abonent koduna vurulmuş itirilmiş qazın dəyəri 216 manat cərimənin silinməsi və yeni quraşdırılmış sayğacın dəyərinin cavabdehə aid ediləsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, Z.Tağıyev küçəsi ev 13-də yaşayır. Sayğac qoyulan gündən sərf etdiyi qazın pulunu vaxtı vaxtında ödəmişdir. Buna baxmayaraq 23.04.2021-ci il tarixdə Qaz idarəsinin əməkdaşları tərəfindən sayğacına müdaxilə olunduğu bəhanəsi ilə ona əsassız olaraq 216.00 manat borc hesablanmışdır. Həmin borcu əsassız hesab edir. Belə ki, qaz sayğacı həyətindən kənarda, yəni çöl ərazidə quraşdırılmışdır və onun iştirakı olmadan sayğac sökülmüşdür, həmin borc ehtimallara əsaslanıb yazılmışdır. Həmin borcla razı deyil, həmin borc qanunsuz hesabına vurulmuşdur. İstehlakçı kimi qanunla qorunan hüquqlarının cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Göründüyü kimi, cavabdeh orqan X1 İstismar İdarəsinin əməkdaşları onlara verilmiş hüquqlardan sui istifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşdur ki, bu da yolverilməzdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iclasın iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh İB nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, iddiaçının, habelə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunmuş ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı Yevlax şəhəri, S.Musayev küçəsi ev 24-də yerləşən G-4 markalı, ******* nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilir ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4x6x30=2160 m3 Laborator müayinələrin nəticəsində qeyd edilmişdir ki, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarda əzik-cızıq izləri müəyyən edilib. Abonentin **********00000 nömrəli saldosundan görünür ki, İddiaçı akt əsasında 2021-ci ilin aprel ayında 216 manat cərimə hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11 bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 87 saylı qərarının 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarı: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki Mehmandan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki Mehmandan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki Mehmanının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki Mehmandan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki Mehmandan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.2 iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: İddia verilən zaman qüvvədə olan Maddə 8.1.1 məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1,000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1.5 istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izləri aşkar olunmuş, bu barədə akt tərtib olunmuş və sayğac müayinəyə göndərilmişdir. Akt əsasında İddiaçıa 216 manat cərimə hesablanmışdır. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələblərinə görə, küçədə yerləşən sayğaca müdaxilənin istehlakçının, hazırkı halda İddiaçı təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, bunun nəticəsində akt əsasında ona cərimə hesablansın. Lakin, həmin qüsurların məhz İddiaçı müdaxiləsi nəticəsində baş verməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Bundan başqa qeyd olunmalıdır ki, hazırkı halda qaz paylayıcı tərəfindən sayğacın qanunvericiliyin tələblərinə uyğun olaraq üzərində olan plombun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi də təsdiqini tapmır ki, belə olan halda istehlakçı müdaxiləyə görə cavabdehlik daşıya bilməz. Sayğaca müdaxilənin istehlakçı tərəfindən baş verməsi sübut edilmədiyindən sayğacın dəyərinin ödənilməsi də cavabdehə aid edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddia təmin edildiyindən ödənilməli olan dövlət rüsumu 30 manat cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı adına **********00000 nömrəli abonent saldosuna qaz istehlakına görə cərimə olaraq hesablanmış 216 (iki yüz on altı) manat borc əsassız hesab edilərək silinsin və yeni quraşdırılmış sayğacın dəyəri Cavabdehnə aid edilsin. Dövlət rüsumu 30 (otuz) manat Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar