Məhkəmə qərarları › İş №2(039)-43/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-43/2025

04.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-43/2025 04.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1, onun vəkili Vəkil2, İddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 İsgəndər oğlunun və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 İsgəndər oğluna, Yevlax rayon 1 saylı Notariat ofisinə, Cavabdeh1 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair ilk iddiası və Cavabdeh2 İsgəndər oğlunun İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 İsgəndər oğluna, Yevlax rayon 1 saylı Notariat ofisinə, Cavabdeh1 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Cavabdeh2 İsgəndər oğlu məhkəməyə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı pul tələbinə dair qarşılıqlı iddia verərək, cavabdehlərdən 66250 (altmış altı min iki yüz əlli) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, iddiaçılar hamısı bir ailənin üzvləridir və Yevlax rayonunun Dəlləklər kəndində yaşayırlar. JN-0053 saylı (kod ********), torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Yevlax RAİK-nın 20 iyun 1998-ci il tarixli, 32 saylı qərarı ilə Yevlax rayonu Dəlləklər kəndinin ərazisində yerləşən 3,78 ha torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Həmin sənəddən göründüyü kimi 3,78 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında onlara məxsusdur. 1998-ci ildən etibarən həmin torpaq sahəsini özləri istifadə edirlər. Onlar həmin torpaq sahəsini 2015-ci ildə müvəqqəti olaraq Cavabdeh2 icarəyə vermişlər. Lakin sonradan onların tələb etməyinə baxmayaraq cavabdeh onlara məxsus olan torpaq sahəsindən çıxmaqdan imtina edir. Son vaxtlar isə qəti surətdə torpaqlarını tələb etsələr də, cavabdeh müxtəlif bəhanələrlə torpaqdan çıxmaqdan yayınır. Ona görə də onlar Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh2 onlara məxsus olan torpaq sahəsindən çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclası zamanı Cavabdeh2 hazırda mübahisələndirdikləri (iddiaçıların) alqı-satqı müqaviləsini və çıxarışı məhkəməyə təqdim edərək həmin torpaq sahəsini onlardan aldığını bildirmişdir. Onlar alqı-satqı müqaviləsinin və çıxarışın surətini əldə edərək tanış olmuşlar və onlara məlum olmuşdur ki, həmin alqı-satqı müqaviləsi tamamilə saxta yollarla tərtib edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə etdikləri 17 fevral 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, iddiaçılar, həmçinin mərhum X3 3,78 ha torpaq sahəsini hazırkı iş üzrə cavabdeh olan Cavabdeh2 satmışlar. Həmin müqavilə Yevlax Rayon 2 saylı Notariat Kontorunun notariusu İ.Abdullayev tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Onlar həmin torpaq sahəsini satmamışlar, həmin müqavilədən xəbərləri olmamış və onlar həmin müqaviləni imzalamamışlar. Müqavilə saxta yolla tərtib edilmiş və onların adından qarşısındakı imzalar da kimlərsə tərəfindən çəkilmişdir. Ona görə də həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Dəlləklər kəndində yerləşən 9,0621 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 İsgəndər oğluna məxsusdur. Həmin 9,0621 ha torpaq sahəsinin 3,78 ha hissəsi onlara məxsusdur, yəni guya ki, yuxarıdakı alqı-satqı müqaviləsi ilə onlardan aldığı torpaq saəhəsidir. 9,0621 ha torpaq sahəsinin 5,29 ha hissəsi isə digər şəxslərə məxsus olan torpaq səhəsidir ki, həmin torpaq sahəsini də Cavabdeh2 başqa bir alıq-satqı müqaviləsi əsasında almışdır. Onlar həmin müqavilənin mübahisələndirmirlər, yalnız özlərinə aid olan müqaviləni mübahisələndirirlər. Cavabdeh2 iki müqavilə əsasında bir çıxarış almışdır. Hesab edirlər ki, alqı-satqı müqaviləsi etibarsız hesab olunacağı təqdirdə onun əsasında verilən çıxarış da ləğv edilməlidir. İddiaçıların tələbin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5-ci maddələrinə istinad edərək, Yevlax rayon 2 saylı Notariat Kontorunun notariusu tərəfindən tərtib edilərək təsdiq edilmiş 17 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 30 dekabr 2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 İsgəndər oğlu qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Yevlax rayonunun Dəlləklər kənd sakini X3 2005-ci ilin payız aylarında onun yanına gəlib özünə və 4 nəfər ailə üzvünə məxsus olan 3,78 hektar pay torpaq sahəsini satmaq istədiyini bildirmişdir. O, əlavə olaraq evinin yaxınlığında Yasin adlı şəxsə məxsus torpaq sahəsini almaq istədiyini və ona görə də ona pul lazım olduğunu bildirmişdir. O, ilk əvvəl onun torpağını almaq üçün pulunun olmadığını bildirmişdir. Sonradan Vəzirin oğlanları Mahirlə Elnur ondan ataları Vəzirin onu gözlədiyini, onunla torpaq barədə danışmağı xahiş etmişlər və onlara getmişdir. Həmin vaxt Vəzirdən başqa arvadı Qəmər və qızı Yaqut da evdə olmuşlar, yəni bütün ailə bir yerdə olmuşdur. Onlarla danışıb 3,78 hektar torpaq sahəsini onlardan 4500 manata almağa razılaşmışdır. Bu razılaşmadan təxminən 4-5 gün sonra Vəzirin evinə gəlib arvadı Qəmərin, uşaqları Mahirin, Elnurun və Yaqutun iştirakı ilə 4500 manat pulu sayıb Vəzirin özünə vermişdir. Onlar özləri təkid etmişlər ki, öz dillərindən etibarnamə yazıb versinlər. Həmin vaxt Vəzir öz xətti ilə etibarnamə yazmışdır. Sonra o özü, arvadı Qəmər, oğlanları Mahirlə Elnur və qızı Yaqut həmin etibarnaməyə imza edərək etibarnaməni ona vermişlər. Onlar bu etibarnaməni təxminən 2005-ci ilin payız aylarında ona vermişlər. Aradan bir müddət keçmiş o, Vəzirlə görüşmüş və torpağın alqı-satqısını rəsmiləşdirmək lazım olduğunu bildirmişdir. Vəzir etiraz etməmiş və 14 fevral 2006-cı ildə Vəzirlə Yevlax şəhərində görüşüb birlikdə notarius İkram Abdullayevin yanına getmişlər. Həmin vaxt Vəzirgilin pay torpağının dövlət aktının əsli onda olmuşdur. Notarius ona və Vəzir Xəlilova lazımı sənədlərə imza etdirdikdən sonra Vəzirə digər ailə üzvülərini də sənədlərə imza etmək üçün gətirməsini demişdir. O, çıxarıb Vəzirə taksi pulu vermiş, Vəzir gedib arvadı Qəməri, qızı Yaqutu, oğlanları Mahirlə Elnuru notariusun yanına gətirmişdir. O da artıq arxayın olub çıxıb getmişdir. Həmin günün səhərisi Vəzirlə öz kəndlərində qarşılaşanda Vəzir ona ailə üzvlərinin hamısının alqı-satqı sənədinə imza etdiklərini, həm də torpağa görə «Allah xeyir versin» demişdir. Sonradan gedib hazır sənədi götürəndə arxayın olmaq üçün notariusdan Vəzirin ailə üzvülərinin alqı-satqı sənədinə imza edib-etməmələrini soruşmuş, o da onların hamısının sənədlərə imza etdiklələrini bildirmişdir. Torpağı rəsmi aldıqdan sonra bir müddət reyestrdən çıxarış almamışdır. Bu müddət ərzində torpaq Vəzir Xəlilovun adında qalmışdır. 2008-ci ildə həmin pay torpaq sahəsindən “Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi “obyektinin tikintisinə görə Azərbaycan Meloirasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya obyektlərinin birləşmiş müdriyyəti Vəzir Xəlilova müəyyən miqdarda pul vermişdir. Həmin vaxt qeyd etdiyi idarə nəinki Vəzir Xəlilova, eyni zamanda torpaqlarını aldığı digər şəxslərə də pul vermişdir. İddaçılar da məhz həmin vaxt bu pulu Vəzir Xəlilovun aldığını əsas gətirərək 2006-cı ildə aralarında alqı-satqı baş vermədiyini, guya onun qeyd edilən 3,78 hektar torpaq sahəsini onlardan icarəyə götürdüyünü göstərmişlər. Buna da əsas kimi həmin vaxt torpağın onlara məxsus olduğunu göstərmişlər. Yuxarıda qeyd etdiyi kimi o, torpaqla bağlı reyestrdən çıxarışı çox sonralar 30 dekabr 2019-cu ildə almışdır. İddiaçılar iddialarını onun əsaslandırmışlar ki, guya onların həmin alqı-satqı müqaviləsindən xəbərləri yoxdur. Halbuki, bu müqavilədən əvvəl onlar hamısı birlikdə ona əlyazma şəklində sənd yazıb vermişlər və orada da 3,78 hektar sahəni ona 4500 manat pula satmaları göstərilmişdir. O, həmin 3,78 hektar torpağı iddiaçılardan alıb onlara 4500 (dörd min beş yüz manat) pul vermişdir. Qeyd etdiyi pul halhazırda dəyərdən düşmüşdür. Həmin pulun indeksasiyası hal-hazırda bir hektara görə 12500 manatdır. Umumilikdə bu 47250 manat edir. Bundan başqa, qeyd etdiyi 3,78 hektar torpaq sahəsində bir sıra işlər görmüşdür. Belə ki, torpağın səthini hamarlatmış, vaxtlıvaxtında mineral gübrələrdən istifadə etməklə münbitləşdirib tam yararlı hala salmış və bu işləri hər il görmüşdür. Hər il buna 1000 (bir min manat) pul xərcəlmişdir. Bütün bunlara o 19.000 (on doqquz min) manat pul xərcləmişdir. Həmin 3,78 hektar torpaq sahəsinə görə o ümumilikdə 66.250 (altmış altı min iki yüz əlli) manat pul xərcləmişdir. Qeyd edilənlərin nəzəə alınaraq, cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 66250 (altmış altı min iki yüz əlli) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı3 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı4 Hüseyn qızı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 İsgəndər oğlu ilk iddianı etiraf etməyərək və qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianın əsassız olduğundan təmin edilməməsinə və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Yevlax rayon 1 saylı Notariat ofisinin və Cavabdeh1 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə Yevlax rayon 1 saylı Notariat ofisinin və Cavabdeh1 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatlarını dinləyib, iş materiallarını arışdırıb hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan JN 0053 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 32 nömrəli qərarı ilə Yevlax rayonunun Dəlləlklər kəndinin ərazisindən X1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 3.78 ha torpaq sahəsi verimişdir. İşdə olan JN 0052 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 32 nömrəli qərarı ilə Yevlax rayonunun Dəlləlklər kəndinin ərazisindən X4 və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 5.29 ha torpaq sahəsi verimişdir. İş materiallarında olan Yevlax rayon 2 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, 4Ə-01281 reyestr nömrəli müqavilənin surətindən görünür ki, X3, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 mülkiyyətlərində olan və Yevlax rayonunun Dəlləklər kəndinə yerləşən 3,78 ha torpaq sahəsini 123922,12 (7800 Yeni Azərbaycan manatı) manata Cavabdeh2 İsgəndər oğluna satmışlar. İş materiallarında olan Yevlax rayon 2 saylı Dövlət Notariat kontorunda təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, 4Ə-01271 reyestr nömrəli müqavilənin surətindən görünür ki, X6 və ailə üzvləri mülkiyyətlərində olan və Yevlax rayonunun Dəlləklər kəndinə yerləşən 5.29 ha torpaq sahəsini Cavabdeh2 İsgəndər oğluna satmışlar. İşdə olan X1 adından yazılmış və Vəzir Xəlilov, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 tərəfindən imzalandığı göstərilmiş əlyazmadan ibarət etibarnamədən görünür ki, X3 və dörd nəfər ailə üzvləri onlara məxsus 3,78 ha torpaq sahəsini hektarı 1500 manatdan, yəni cəmi 4500 manata Cavabdeh2 İsgəndər oğluna satdıqlarını göstərmişlər. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Yevlax rayonunun Dəlləklər kəndində yerləşən 9.0621 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 İsgəndər oğlunun mülkiyyətindədir. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 26 noyabr 2021-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Əzərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/6-11-1034/24 saylı məktubdan görünür ki, Yevlax rayonu 1 və 2 saylı dövlət notariat ofisləri tərəfindən arxivə təhvil verilmiş 2006-cı ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin qeydə alındığı reyestr kitablarına baxış keçirilərkən qeyd olunan şəxslər arasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Yevlax rayonu 1 saylı dövlət notariat ofisində 2006-cı ildə təsdiq edilmiş müqavilələrin qeydə alındığı notariat reyestrində rəsmiləşdirilmiş sonuncu müqavilə 302 və Yevlax rayonu 2 saylı dövlət notariat ofisində 2006-cı ildə təsdiq edilmiş müqavilələrin qeydə alındığı notariat reyestrində rəsmiləşdirilmiş sonuncu müqaviləs 295 nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4/1876 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 59-cu vərəqində X1 adından olan etibarnamənin aşağı hissəsində 4-cü sırada «/Xəlilov E/.» əlyazmasından əvvəl yerləşən imza-İddiaçı2 tərəfindən, 5-ci sırada «/Xəlilov M/.» əlyazmasından əvvəl yerləşən imza-İddiaçı1 tərəfindən, 1-ci sırada «/Xəlilov V/.» Əlyazmasından əvvəl yerləşən imza-X3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 59-cu vərəqində X1 adından olan etibarnamənin aşağı hissəsində 2-ci sırada «/Xəlilova Q/.» əlyazmasından əvvəl və 3-cü sırada «/Xəlilova Y/.» əlyazmasından əvvəl yerləşən imzalar-İddiaçı3 tərəfindən yox, İddiaçı4 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 102-ci vərəqində olan 17 fevral 2006-cı il tarixli müqavilədə «İmzalar:» qrafasında 1-5-ci sıralardakı imzalar-X3 tərəfindən yox, İddiaçı3 tərəfindən yox, İddiaçı4 tərəfindən yox, İddiaçı2 tərəfindən yox, İddiaçı1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, işin 59-cu vərəqində X1 adından olan etibarnamənin aşağı hissəsində 1-5-ci sıralardakı «/Xəlilov V/.», «/Xəlilova Q/.», «/Xəlilova Y/.», «İddiaçı2/.», «Xəlilov M/.» əlyazmaları; 102-ci vərəqində olan 17 fevral 2006-cı il tarixli müqavilədə «İmzalar:» qrafasında 1-5-ci sıralardakı «Xəlilov» və «Xəlilova» əlyazmaları, İddiaçı3 tərəfindən yox, İddiaçı4 tərəfindən yox, İddiaçı2 tərəfindən yox, İddiaçı1 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 425020/2025 saylı rəydən görünür ki, Yevlax rayonunun Dəlləklər kəndində yerləşən Cavabdeh2 İsgəndər oğluna məxsus 3,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hektarının bu günki bazər qiyməti 15000 (on beş min) manat olmaqla 56700 (əlli altı min yeddi yüz) manat təşkil edir. Qiymətləndirmə zamana sahədə aşağıdakı aqrotexniki tədbirlərin görüldüyü müəyyən edilmiş və xərclər 20 il müddətinə hesablanmışdır: - Bir traktor qoşqusu heyvan peyinini hazırkı real bazar qiyməti 150 (bir yüz əlli) manat, 15 qoşqu mal peyininin qiyməti 2250 (iki min iki yüz əlli) manat olmaqla 20 il üzrə cəmi 45000 (15 x 150 x 20= 45000) manat; - Bir hektar torpaq sahəsinin şumlanması 50 (əlli) manat olmaqla 3.78 ha torpaq sahəsinin 20 il üzrə hər il bir dəfə şumlanması 3780 (3.78 x 50 x20 x1=3780) manat; - Bir hektar torpaq sahəsinin malalanması 30 (otuz) manat olmaqla 3.78 ha torpaq sahəsinin 20 il üzrə hər il bir dəfə malalanması 2268 (3.78 x 30 x 20 x 1=2268) manat; - 3.78 ha əkin sahəsinin hər il üzrə suvarılması üçün bir hektarı 40 manat olmaqla texnika vasitəsi ilə su xəttlərinin çəkilişinə çəkilən xərc 151,20 manat olmaqla 20 il üzrə 3024 (3.78 x 40 x 20=3024) manat təşkil edir. Qiymətləndirmənin nəticəsi olaraq torpaq sahəsinin cari bazar dəyəri 56700 manat, aqrotexniki xərclər (20 il üzrə) 54261 manat, ümumilikdə torpaq sahəsinin dəyəri çəkilən xərclərlə birlikdə 110961 (bir yüz on min doqquz yüz altmış bir) manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, JN 0053 (KOD ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 32 nömrəli qərarı ilə Yevlax rayonunun Dəlləlklər kəndinin ərazisindən X1, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 3.78 ha torpaq sahəsi verimişdir. Həmin torpaq sahəsinin alqı-satqısına dair Yevlax rayon 2 saylı Dövlət Notariat kontorunda xx.xx.2006-cı il tarixli, 4Ə-01281 reyestr nömrəli müqavilə təsdiq edilmiş, lakin müqavilə bağlanan zaman torpağın mülkiyyətçiləri X3, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 iştirak etməmiş və həmin müqavilə mülkiyyətçilər tərəfindən imzalanmamışdır. Həmin müqavilə və xx.xx.2006-cı il tarixli, 4Ə-01271 reyestr nömrəli müqavilə əsasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 İsgəndər oğlunun torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən onun adına xx.xx.2019-cu il tarixli (********** qeydiyyat nömrəli) çıxarış verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçiləırinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, X3, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh2 İsgəndər oğlu arasında Yevlax rayonunun Dəlləklər kəndinə yerləşən 3,78 ha torpaq sahəsinin alqısatqısına dair Yevlax rayon 2 saylı Dövlət Notariat kontorunda bağlanmış və təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, 4Ə-01281 reyestr nömrəli müqavilə etibarsız hesab edilməli və həmin müqavilə əsasında Cavabdeh2 İsgəndər oğlunun adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində aparılmış xx.xx.2019-cu il tarixli (********** qeydiyyat nömrəli) qeyd qismən (3.78 ha torpaq sahəsinə aid olan hissədə) ləğv edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək hesab edir ki, qarşılıqlı iddia qismən əsaslı oldğcuğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edlmişdir ki, mübahisəli torpaq sahəsinin alqısatqısına dair Yevlax rayon 2 saylı Dövlət Notariat kontorunda xx.xx.2006-cı il tarixli, 4Ə- 01281 reyestr nömrəli müqavilə təsdiq edilmiş, lakin müqavilə bağlanan zaman torpağın mülkiyyətçiləri X3, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 iştirak etməmiş və həmin müqavilə mülkiyyətçilər tərəfindən imzalanmamışdır. Lakin həmin torpaq sahəsi 2006-cı ildə torpağın mülkiyyətçilərindən olan mərhum X3, İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh2 İsgəndər oğluna 4500 (dörd min beş yüz) manata satılmış və bu barədə həmin şəxslər tərəfindən sadə yazılı formada Cavabdeh2 adına etibarnamə verilmişdir. Həmin sənəd tərtib edilib imzalanan zaman mülkiyyətçilərdən İddiaçı4 və İddiaçı3 iştirak etməmiş və həmin sənədi imzalamamışlar. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 mübahisəli torpaq sahəsini Cavabdeh2 İsgəndər oğluna satmadıqlarını, torpaq sahəsini müvəqqəti istifadəyə (icarəyə) verdiklərini göstərsələr də, həmin hal məhkəmə iclasında öz təsdiqini tapmamış və həmin halı təsdiq edən mötəbər sübutlar onlar tərəfindən məhkəməyə təqdim edilməmişdir. İşdə olan X1 adından olan sadə yazılı formada etibarnamədən müəyyən edilir ki, mərhum X3, İddiaçı1 və İddiaçı2 3.78 ha torpaq sahəsini satdıqlarını, bunun müqabilində Cavabdeh2 cəmi 4500 (dörd min beş yüz) manat aldıqlarını göstərərək, həmin etibarnaməni öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında, həmçinin müəyyən edilmişdir ki, cavabdeh (qarşılıqlı ddiaçı) Cavabdeh2 İsgəndər oğlu mübahisəli torpaq sahəsini 2006-cı ildə aldıqdan sonra həmin torpaq sahəsinə aqrotexniki qaydada qulluq etmiş, torpağı münbitləşdirmiş və buna görə vəsait xərcləmişdir. Tərəflər arasında qanunvericiliyin tələbinə uyğun əqd (alqı-satqı müqaviləsi) olmasa da, cavabdeh (qarşılıqlı iddiaçı) iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 pul vəsaiti vermiş, bunun müqabilində mübahisəli torpaq sahəsindən özgə işlərini tapşırıqsız vicdanla aparmışdır. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Məhkəmə mübahisəli torpaq sahəsinin real bazar qiymətinin tələbinə dair məsələyə qiymət verərək qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 425020/2025 saylı rəyə əsasən Yevlax rayonunun Dəlləklər kəndində yerləşən 3.78 ha torpaq sahəsinin cari bazar qiyməti 56700 manat, çəkilən xərclərlə birlikdə isə 110961 manat təşkil edir. Cavabdeh (qaşılıqlı iddiaçı) Cavabdeh2 İsgəndər oğlu iddiaçılardan (qarşılıqlı iddia üzrə cavabdehlərdən) 66250 manat pul tələb edir ki, həmin vəsait torpağa görə ödənilmiş pulu və yaxşılaşdırma ilə əlaqədar çəkilmiş xərcləri özündə ehtiva edir. Məhkəmə qeyd edir ki, 2006-cı ildə mübahisəli torpaq sahəsinin dəyərinin 4500 manatdan hazırkı qiymətə qalxması yalnız bazar qiymətlərinin dəyişməsi ilə deyil, həm də torpağa yaxşılaşdırmalar olaraq çəkilmiş xərlcərlə əlaqədardır. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Məhkəmə qarşılıqlı iddianı iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı4 və İddiaçı3 münasibətdə əsassız hesab edir. Belə ki, məhkəmə iclasında mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olaraq İddiaçı4 və İddiaçı3 ilə Cavabdeh2 İsgəndər oğlu arasında hər hansı razılaşmanın olması və Cavabdeh2 tərəfindən həmn mülkiyyətçilərə pul verildiyi öz təsdiqini tapmamışdır. Həmin halı təsdiq edən mötəbər sübutlar cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə qarşılıqlı iddianı yalnız İddiaçı1 və İddiaçı2 münasibətdə əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmn Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən əsaslı oldğunudan qismən təmin edilərək, iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 66250 (altmış altı min iki yüz əlli) manat pul alınıb cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 İsgəndər oğluna verilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. X3, İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı1 ilə Cavabdeh2 İsgəndər oğlu arasında Yevlax rayonunun Dəlləklər kəndinə yerləşən 3,78 ha torpaq sahəsinin alqı-satqısına dair Yevlax rayon 2 saylı Dövlət Notariat kontorunda bağlanmış və təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, 4Ə-01281 reyestr nömrəli müqavilə etibarsız hesab edilsin və həmin müqavilə əsasında Cavabdeh2 İsgəndər oğlunun adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrində aparılmış xx.xx.2019-cu il tarixli (********** qeydiyyat nömrəli) qeyd qismən (3.78 ha torpaq sahəsinə aid olan hissədə) ləğv edilsin. İlk iddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. İlk iddia üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 İsgəndər oğlundan alınıb iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 verilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı1 və İddiaçı2 66250 (altmış altı min iki yüz əlli) manat pul və 289 (iki yüz səksən doqquz) manat dövlət rüsumu alınıb cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 İsgəndər oğluna verilsin. Qarılıqlı iddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 İsgəndər oğlundan 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar