Məhkəmə qərarları › İş №2(039)-505/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-505/2020

05.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-505/2020 05.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ HakimCavadova Günay İsmayıl qızınınsədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 və vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X8 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “cavabdehlərin evdən çıxarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 saylı evdən dərhal çıxarılmaları, evini sökərək hissə-hissə satmaqla ona vurulmuş 40 000 manat maddi ziyanın, həmçinin hüquqi xidmətə görə ödənilmiş 190 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 saylı ev onun xüsusi mülkiyyətində olmuş, buna dair onun adına xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlər onun evini zəbt edərək, sökmüş, evini hissələrə ayırmaqla satmışlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.Orucova iddianı müdafiə edərək göstərdi ki, iddiaçı onun həyat yoldaşıdır, hazırda cəza çəkmə müəssisəsində cəza çəkir, əvvəllər ünvan 1 saylı ünvanda iddiaçıya məxsus ev olmuşdur, buna dair iddiaçı 1992-ci ildə adına qeydiyyat vəsiqəsi də almışdır, 1994-cü ildə iddiaçının qardaşı, cavabdehlərin atası (həyat yoldaşı) mərhum Paşa həmin evi sökərək yerində özünə ev tikmiş və həmin vaxtdan da ailəsi ilə birlikdə orada yaşayırlar. Hesab edirlər ki, Paşa 1994-cü ildə həmin evi sökərək yerində özünə ev tikdiyindən evə görə onlara dəymiş ziyan cavabdehlər tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili F.Məmmədov da iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia ilə razılaşmayaraq bildirdi ki, iddiaçı onun qayınıdır, qaynı uzun illərdir ki, narkotik aludəçisidir, mübahisəli ünvanda illər əvvəl köhnə balaca tikili olmuş, mərhum həyat yoldaşı 1994-cü ildə iddiaçı ilə aralarındakı danışığarazılığa əsasən həmin tikilini sökərək həmin tikilinin yerləşdiyi torpaq sahəsində, hazırda onların yaşadığı ikimərtəbəli 2 saylıevi tikmiş, həmin vaxtdan da onlar ailəliklə həmin evdə yaşayırlar, evin çıxarışı da həyat yoldaşının adınadır. Elə həmin illərdə sökülmüş köhnə evinin əvəzinə Paşa iddiaçıya Yevlax şəhərində şəhid Heydər Əliyev küçəsində binadan 2 otaqlımənzil almış, iddiaçı ailəsi ilə birlikdə uzun illər orada yaşamış, sonradan həmin mənzili sataraq Bakı şəhərinə köçmüşlər, hazırda iddiaçıcəza çəkmə müəssisəsində cəza çəkməkdədir. Həyat yoldaşı Paşa sağ olan zaman onların münasibəti yaxşı olmuş, Paşa bir qardaş kimi həmişə həm maddi, həm də mənəvi cəhətdən iddiaçıya dayaq olmuş, Paşa rəhmətə gedəndən sonra iddiaçı fürsətdən istifadə etməyə başlayaraq, onlardan pul almaq üçün hazırkı əsassız iddianı qaldırmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında digər cavabdeh İddiaçı da anası-Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X8 nümayəndəsi S.Kərimov izahatında göstərdi ki, onlarda olan sənədlərə əsasən və araşdırmalarla müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 saylı ünvanda əvvəlcə olan ev sökülmüş, sonradan yerində yeni ev tikilmiş və İdarə tərəfindən həmin evə dair çıxarış yeni evi tikmiş X5 adına verilmişdir. Göstərilənlərə əsasən qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarından müəyyən olunur ki, ünvan 1 saylı ünvanda 1954cü ildə tikilmiş birmərtəbəli, bir otaqlı, yaşayış sahəsi 26,5 kv.m., ümumi sahəsi 45,5 kv.m.dən ibarət yaşayış evi xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən (mərhum əri X2 qanun üzrə vərəsəsi kimi) X3 məxsus olmuş, xx.xx.1992-ci il tarixdə onun tərəfindən İddiaçı satılmış, xx.xx.1992-ci il tarixdə İddiaçı adına qeydiyyat vəsiqəsi verilmiş, xx.xx.2009-cu il tarixdə ünvan 2 saylı ünvanda ikimərtəbəli, 8 otaqlı 217,28 kv.m. yaşayış, 156,48 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair X5 adına çıxarış verilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, buna (məhv olmuş daşınmaz əmlakla bağlı) dair müvafiq rəsmiləşdirmələr aparılmasa da, ünvan 1 saylı ünvanda bir otaqlı ev 1994-cü ildə sökülərək yerində X5 adına verilmiş sənədlərdə (çıxarışda) göstərilmiş fərdi yaşayış evi tikilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə səbəb olan tikiliylə bağlı hadisələr 1992-1994-cü illərdə baş verdiyindən hazırkı mübahisəyə xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllə tətbiq olunmalıdır. xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllənin 73-cü maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il ... müəyyən edilir. Həmin Məcəllənin 76-cı maddəsinə görə iddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir. Həmin Məcəllənin “iddia müddətinin tətbiq edilməsinin məcburiliyi” adlanan 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. Həmin Məcəllənin 82-ci maddəsinə görə iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə qeyd edir ki, ümumiyyətlə, iddiaçı tərəf iddiasında və məhkəmə iclasındakı 74 ona dəymiş ziyanı tələb edir. Məhkəmə araşdırmaları zamanı isə müəyyən edildi ki, mübahisəli ünvanda faktiki olaraq hazırda iddiaçıya məxsus olan hər hansı fərdi yaşayış evi mövcud deyildir. İddiaçı tərəf isə 1994-cü ildən iddiaçıya məxsus evin söküldüyünü təsdiq etsə də, həmin vaxtdan indiyə qədər məhkəməyə müraciət etməməsinin səbəblərini ağlabatan şəkildə izah edə-əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də çoxsaylı Qərarlarında hüquqi mövqeyi bundan ibarət olmuşdur ki, iddia müddətinin tətbiq olunması ona xidmət edir ki, hüquq münasibətlərinin iştirakçıları intizamlı olsunlar, mülki hüquq münasibətlərində qeyri-müəyyənlik, qeyri-sabitlik aradan qalxsın, əks halda, tərəflərin istinad etdiyi, üzərindən çox vaxt ötmüş sübutların mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olur ki, bu da ədalət mühakiməsi orqanlarının mübahisələri obyektiv əsaslarla həll etmək imkanını aradan qaldırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia əsassız olduğundan, iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən, eyni zamanda iddiaçı tərəfindən hazırkı iddia ilə bağlı tələb hüququ üzrə iddia müddəti ötürüldüyündən onun iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “cavabdehlərin evdən çıxarılması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar