Məhkəmə qərarları › İş №2(039)-626/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-626/2021

21.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-626/2021 21.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1065,60 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia tələbinin həcmi azaldılmışdır) İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Yevlax rayonu Nərimanabad kəndində yerləşən yaşadığı fərdi yaşayış evi təbii qazla təchiz olunmuşdur. Cavabdeh “Cavabdeh" X1 X3 İdarəsinin Yevlax xidmət sahəsinin işçiləri tərəfindən 2018-ci ilin əvvəllərində ərazidə yeni xətt çəkilərkən qaz sayğacı zədələnmişdir. 27 sentyabr 2018-ci il tarixdə qaz sayğacına baxış keçirilmişdir. Bununla əlaqədar olaraq 27 sentyabr 2018-ci il tarixli, ******* №-li təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında “sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün gövdədən qopması və hesablama mexanizmini hərəkətə gətirən dişli çarxların yuvasından çıxması" qeyd edilmişdir. Qaz sayğacım dəyişdirilərək yenisi ilə əvəz edilmiş, 1067 manat məbləğində borcun yaranması barədə xəbərdarlıq verilmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İ.Orucov iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 08.08.2018-ci il tarixli ******* nömrəli “Aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda yeni qaz sayğacı quraşdırılmışdır. Birlik tərəfindən tərtib edilmiş 27.09.2018-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılan qaz sayğacına baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün gövdədən qopub və hesablama mexanizmini hərəkətə gətirən dişli çarx yerindən çıxıb. Birliyin 28.09.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, iddiaçının evində olan qaz işlədicilərindən 4 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi- 1.2 m3/saat, orta günlük iş rejimi- 6 saat hesabat müddəti-180 gün qəbul edilməklə, qssq-80 litr-nin maksimal saatlıq qaz sərfi- 0.8 m3/saat, orta günlük iş rejimi- 10 saat, hesabat müddəti- 180 gün qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və 5328 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Tələbnamənin qəbul edilməsi üçün əsas 27.09.2018-cu il tarixli ******* nömrəli akt olmuşdur. İş materiallarında olan “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə 1065,60 manat borcu var. Göstərilənləri nəzərə alan Məhkəmə, mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fıziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə, fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən Aktlarda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktlarda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Belə ki, MPM-in 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-in 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, məhkəmə baxışının nəticələri ilə müəyyən edilir ki, cavabdeh Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyata görə 1065,60 manat borcun hesablanması əsassızdır. İddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının irəli sürdüyü tələb istihlakçının hüquqlarının müdafiəsi ilə bağlı olduğundan o, dövlət rüsumu ödəməkdən azad edildiyinə görə, dövlət rüsumu cavabdeh Birliyə aid edilməli, bu məqsədlə 30 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Yevlax rayonu Nərimanabad kəndində yerləşən fərdi evində istifadə olunan qaz istehlakına görə **********00000 abonent koduna hesablanmış 1065 (bir yüz altmış beş) manat 60 (altmış) qəpik borc məbləği silinsin. Dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar