Məhkəmə qərarları › İş №2(039)-649/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-649/2023

07.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-649/2023 07.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tərtər X2 İdarəsi tərəfindən əsassız olaraq hesablanmış 1036.80 manat cərimənin silinməsi və yeni quraşdırılmış sayğacının dəyərinin cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayır. Cavabdeh orqanın X3 sahəsi ilə arasında bağlanmış təbii qazla təmin edilmə, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında (əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmiş, sərf etdiyi təbii qaza görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir. Yaşayış evi üçün quraşdırılmış sayğac həyətdə yox, həyətdən çöldə küçədə quraşdırılmışdır. Cavabdeh birliyin əməkdaşları qaz sayğacına baxış keçirmiş, sayğacın yoxlanılması üçün sayğacı dəyişdirib və bu barədə akt tərtib etmişdir. Yoxlamadan sonra ona bildirmişlər ki, sayğaca guya ki, müdaxilə olmuşdur. Lakin o, həmin sayğaca heç bir müdaxilə etməmişdir. Səbəbini ona bildirmədən akta imza etməyini demişlər, o isə imza etməkdən imtina etmişdir. Cavabdehin tabeliyində olan bölmələrdən ondan 1036.80 manat borc tələb olunduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli “Aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda yeni qaz sayğacı quraşdırılmışdır. Birlik tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılan sayğaca baxış keçirilməsi zamanı sayğacın hesablama mexanizminin qapağı yan tərəfindən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri olması aşkar olunmuşdur. Birliyin xx.xx.2022-ci il tarixli dəymiş ziyanın ödənilməsinə dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3, iş rejimi- 24 saat, hesabat müddəti- 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və 8640 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas xx.xx.2022-ci il tarixli ******* nömrəli akt olmuşdur. “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 1036.80 manat təşkil edir. Göstərilənləri nəzərə alan məhkəmə, mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, məhkəmə baxışının nəticələri ilə müəyyən edilir ki, cavabdeh Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyata görə 1036.80 manat borcun hesablanması əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, sayğacın dəyərinin ödənilməsi Cavabdehnə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının irəli sürdüyü tələb istehlakçının hüquqlarının müdafiəsi ilə bağlı olduğundan o, dövlət rüsumu ödəməkdən azad edildiyinə görə, dövlət rüsumu cavabdeh Birliyə aid edilməli, bu məqsədlə 30.36 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1000 manatdan çox olduqda 30.36 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi evində istifadə olunan qaz istehlakına görə **********00000 abonent koduna hesablanmış 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik borc məbləği silinsin və sayğacın dəyərinin ödənilməsi Cavabdehnə aid edilsin. Dövlət rüsumuna görə 30 (otuz) manat 36 (otuz altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar