Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-652/2021 28.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq hesablanmış 162 manat məbləğin üzərindən silinməsinə və tərəfindən qaz sayğacına görə banka ödənilmiş 92 manat 21 qəpik məbləğin “Cavabdeh” İstehsalat Birliyindən alınaraq özünə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Kəlbəcər rayonunda məcburi köçkündür və Yevlax şəhəri Barama İdarəsində ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. X2 sahəsi ilə aralarında bağlanmış müqavilə əsasında evi təbii qazla təmin olunur. Sərf etdikləri qazın dəyərini vaxtında ödəyir. Cavabdeh orqanın əməkdaşları qaz sayğacına baxış keçirən zaman müdaxilə olmasını bildirərək sayğacı yoxlamaya götürdülər. Heç vaxt sayğaca müdaxilə etməməyinə baxmayaraq ona 162 manat cərimə hesablamışlar. Həmçinin ona bildirmişlər ki, yeni qaz sayğacının dəyəri də tərəfindən ödənilməlidir. Qaz sayğacının dəyərini ödəməsə evinə qazın verilməsi dayandırılacaqdır. Bu səbəbdən də sayğac üçün 92.21 manat pul ödənilmişdir. Hazırda cərimənin silinməsini və sayğacın dəyərinin geri qaytarılmasını istəyir. İddiaçı Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin(MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 20.09.2019-cu il tarixli ******* nömrəli “Aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda yeni qaz sayğacı quraşdırılmışdır. Birlik tərəfindən tərtib edilmiş 30.09.2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılan qaz sayğacına baxış keçirilməsi nəticəsində sayğacın plastmas ekranının deşilməsi və hesablama mexanizminin iş prinsipi mane olduğu aşkar olunmuşdur. Birliyin 30.09.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, iddiaçının evində olan qaz işlədicilərindən 2 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi - 0.6 m3/saat, orta günlük iş rejimi - 6 saat və hesabat müddəti - 90 gün qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi – 0.8 m3/saat, orta günlük iş rejimi - 18 saat, hesabat müddəti - 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və 1620 m3 əlavə sərfiyyata görə borcun hesablanaraq ödənilməsi qərara alınmışdır. Qərarın qəbul edilməsi üçün əsas 30.09.2019-cu il tarixli ******* nömrəli akt olmuşdur. İş materiallarında olan “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 162 manat təşkil edir. İş materiallarında olan 12.11.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı adından 91,21 manat qaz sayğacının dəyəri “Cavabdeh” İB-nin xeyrinə ödənilmişdir. Göstərilənləri nəzərə alan məhkəmə, mövcud mülki mübahisənin həlli ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Yuxarıda qeyd edilən Aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh Birlik tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun hal kimi qiymətləndirlməsini qeyri-mümkün edir. Belə ki, MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, məhkəmə baxışının nəticələri ilə müəyyən edilir ki, cavabdeh Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyata görə 162 manat borcun hesablanması əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, sayğacın dəyəri olan və iddiaçı tərəfindən ödənilmiş 91,21 manat cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə aid edilməli və həmin məbləğ cavabdeh Birlikdən alınaraq iddiaçıya qaytarılmalı və iddia qalan hissədə rədd olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının irəli sürdüyü tələb istihlakçının hüquqlarının müdafiəsi ilə bağlı olduğundan o, dövlət rüsumu ödəməkdən azad edildiyinə görə, dövlət rüsumu cavabdeh Birliyə aid edilməli, bu məqsədlə 20 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Yevlax şəhəri Barama İdarəsində yerləşən evinə istifadə olunan qaz istehlakına görə **********00120 abonent koduna hesablanmış 162 (bir yüz atmış iki) manat borc məbləği silinsin. Sayğacın dəyəri olan, ödənilmiş 91,21 manat cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-652/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-652/2021
28.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver