Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-812/2021 04.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız cərimənin silinməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İB-ə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən əsassız olaraq üzərinə yazılmış 1,000 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşadıqları fərdi yaşayış evi təbii qazla təchiz olunmuşdur. Cavabdeh “Cavabdeh” İB-nin X1 İstismar İdarəsinin Yevlax Xidmət Sahəsinin əməkdaşları tərəfindən 31 iyul 2018-ci il tarixdə qaz sayğacına baxış keçirilmişdir. Bununla əlaqədar “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №- li akt tərtib edilərək “sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və sayğacın daxili qulaqcıqlarında əzik, cızıq izi olması” qeyd edilmişdir. Qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmiş 1,146.16 manat məbləğində borcunun olması barədə bildiriş göndərilmişdir. İstifadə etdiyi qaza görə 146.16 manat borcu vardır. 1,000 manat məbləğində borcu əsassız hesab edir. Qaz sayğacına heç bir müdaxilə olmamışdır. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh “Cavabdeh” İB-nin nümayəndəsi İlham Xəlilov məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılıb iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təqdim olunmuş ******* nömrəli 31 iyul 2018-ci il tarixli aktdan müəyyən olunur ki, Yevlax şəhəri, X2, ev 12 ünvanında olan sayğacda aşkar edilmiş xətalar Cavabdeh İB-nin 29/1710-00615-3 saylı rəyinə əsasən normaya uyğun deyil. Sayğacın hesablama mexanizmin qapağı yan tərəfdən əzilib və sayğacın daxili qulaqcıqlarda əzik-cızıq izi var. “Cavabdeh” İB tərəfindən verilmiş açıqlamanın itirilmiş qazın bərpası üzrə tələblər hissəsində qeyd edilir ki, İddiaçı PQ-4 qaz plitəsinin qış mövsümündə maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi -6 saat , hesabat müddəti 176 gün, yay mövsümündü maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi -4 saat, hesabat müddəti 4 gün qəbul edilməklə, radiatorun qış mövsümündə maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi-18 saat, hesabat müddəti 176 gün qəbul edilməklə itirilmiş qazın bərpası üzrə hesabat aparılmaqla həmin məbləğ ödənilməlidir. (1.2x6x176)+(1.2x4x4)=1286,4m3; 0,8x18x176-2534,4m3, cəmi 3820.8 m3 Laborator müayinələrin nəticəsində qeyd edilmişdir ki, ******* nömrəli sayğacda xətalar normaya uyğun deyil. Plasmas qapağın yan tərəfində iz olduğundan plomb açılmişdır. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və sayğacın daxili qulaqcıqlarda əzik-cızıq izləri var. Abonentin **********00000 nömrəli saldosundan görünür ki, İddiaçı akt əsasında 2018-ci ilin iyul 764.16 manat borc hesablanmışdır. Eyni zamanda həmin saldodan görünür ki, 2017-ci ilin oktyabr ayı üçün akt əsasında İddiaçı 135 manat borc hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11 bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 12: Bənd 5. Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda vəhədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. Bənd 6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında 87 saylı qərarının 5.1-ci maddəsinə əsasən Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarı: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, istinad edilən normaların tələblərinə görə, zədələnmənin istehlakçının, hazırkı halda İddiaçı təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, onun tərəfindən cərimə ödənilsin, habelə sayğacın dəyişdirilməsi məhz onun hesabına həyata keçirilsin. Təqdim edilmiş sübutlarla istehlakçı İddiaçı yaşadığı Yevlax şəhəri X2 küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evində G-4 markalı, ******* nömrəli sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və sayğacın daxili qulaqcıqlarda əzik-cızıq izləri müəyyən olunmuşdur. Bunun məhz İddiaçı müdaxiləsinin nəticəsində və ya onun təqsiri üzündən baş verməsi sübut olunmur. Bu səbədən məhkəmə hesab edir ki, İddiaçı 2018-ci ilin iyul ayında hesablanmış 764.16 manat cərimə silinməlidir. Bundan başqa qeyd edilməlidir ki, eyni saldoda 2017-ci ilin oktyabr ayı üçün akt əsasında İddiaçı 135 manat borc hesablansa da, cavabdeh tərəf bu borcun hansı əsasla hesablanmasına dair müvafiq sənədlər təqdim etməmişdir. Bu səbəbdən həmin hissədə də borc silinməlidir. Lakin, iddia tələbində 1,000 manat cərimənin silinməsi xahiş olunsa da, təsdiq olunur ki, saldo üzrə cərimə kimi hesablanan məbləğ 899.16 manat təşkil edir. Digər hissə isə qaz istehlakına görə hesablanmış borcdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki-Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Yevlax şəhəri, X2 küçəsi, ev 12 ünvanında qazdan istifadəyə görə **********00000 №-li abonent koduna hesablanmış 899 (səkkiz yüz doxsan doqquz) manat 16 (on altı) qəpik onun borcundan silinsin. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-812/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-812/2021
04.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver