Məhkəmə qərarları › İş №2(039)-838/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-838/2020

28.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-838/2020 28.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyini qeyd etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixli arxiv arayışında göstərilmiş Məmmədov Əlsevərin onun özü-Ərizəçi (eyni şəxs) olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1991-1993-illər ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N saylı hərbi hissələrinin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüş əməliyyatlarında xüsusilə Ağdərə rayonun azad edilməsi əməliyyatlarında yaxından iştirak etmişdir bununla bağlı dəfələrlə müraciət etsə də, Müdafiyə Nazirliyindən müsbət cavab ala bilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2015-ci il tarixli arxiv arayışında qeyd edilir ki, N saylı hərbi hissənin “Qurtuluş” batalyonuna aid fevral 1992-ci il tarixli şəxsi heyətə pul paylama cədvəlində Məmmədov Əlsevərin pul ilə təmin olunması barədə məlumatda adı “Əlsevər” yazıldığı, atasının adı isə yazılmadığı üçün məlumatın Ərizəçi aid edildiyin təsdiq olunmur. Bundan başqa Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsindən verilən xx xxxxxxx 2016-cı il tarixli, 9/2-11320 saylı və xx xxxxxx 2016-cı il tarixli, 9/2- 14528 saylı arxiv arayışlarında qeyd edilir ki, həmin arayışlar Ərizəçi verilir ondan ötrü ki, N saylı hərbi hissənin 31.01.92-07.10.92-ci il tarixli dövrü əhatə edən "pul paylama cədvəlləri" qovluğunda "Qurtuluş" özünümüdafiə batalyonuna aid fevral 1992-ci il tarixli pul təminatı ödənişi üzrə paylama cədvəlində pul təminatı ilə təmin olunması barədə qeyd aparılmışdır. “Əlsevər" adının ona məxsus olmasını və 1992-1993-cü illərdə döyüş əməliyyatlarında iştirakını təsdiq etmək üçün onunla həmin illərdə, həmin batalyonda düyüş yolu keçmiş yoldaşları da təsdiq edə bilər. Qeyd olunan faktın təsdiq olunması ona müharibə veteranı adının verilməsi üçün lazımdır. Məhkəmə iclasında ərizəçi ərizəyə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanlardan göründüyü kimi ərizəçi xx xxxxxx 2015-ci il tarixli arxiv arayışında göstərilmiş şəxsin onun özü olmasının hüquqi fakt kimi müəyyən olunmasını xahiş edir. Ərizənin məzmunundan müəyyən olunur ki, əslində ərizəçi 1992-ci il tarixli şəxsi heyətə pul paylama cədvəlində göstərilmiş şəxsin özü olmasını təsdiq edə bilmir və xx xxxxxx 2015-ci il tarixli arayış həmin paylama cədvəllərindəki qeydiyyatlar barədə məlumatdır, məhz həmin cədvələ əsasən yazılmışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci bəndində göstərilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Bundan başqa, yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar