Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-84/2021 01.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını qeyd etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı-20.04.1988-ci il təvəllüdlü X2nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi əizəsini belə əsaslandırmışdır ki, onun bacısı- 20.04.1988-ci il təvəllüdlü X2 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə enurez və enkoprez, qıcolma sindromu diaqnozu ilə psixi xəstədir. Əmək qabiliyyəti tam itirilmişdir və mütəmadi olaraq psixi xəstəxanada yatır. Hal-hazırda da Şəki şəhəri Psixoloji Dispanserdə müalicə alır. Bacısı tam olaraq özünü idarə edə bilmir. Hər iki valideyinləri vəfat edəndən sonra xəstə bacısı onun himayəsində olmuşdur. Bacısı psixiki xəstə olduğundan əlillik dərəcəsi almışdır. Ruhi xəstəliyi ilə bağlı özünü idarə edə bilmir. Onun rəsmi olaraq bir qəyyuma ehtiyacı vardır. Ağır psixi xəstəliyi ucbatından başqaları üçün də təhlükə yaradır. Sonuncu dəfə təhlükə yaratdığından o, məcbur qalaraq onu X1 yerləşdirmişdir, hazırda da bacısı xəstəxanadadır. Ona görə də o, hazırkı ərizə ilə müraciət edərək şəxsin fəaliyyət qabiliyyətsiz olması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş maraqlı şəxs Yevlax Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 15.02.2018-ci il tarixli məlumatından görünür ki, X2nın sağlamlıq imkanları məhduddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş 25.05.2021-ci il tarixli 272 №li məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X2 orta dərəcəli kəmağıllıq, kobud davranış pozğunluqları ilə XBT-10 (Pisixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 20.04.1988-cü il təvəllüdlü X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.04.1988-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-84/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-84/2021
01.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver