Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-89/2022 03.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 qarşı 04 iyun 2013-cü il tarixli 329 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabadehlərə Yevlax rayonu 329 hündürmərtəbəli yaşayış kompleksində 6 saylı binada yerləşən 30 nömrəli 4 otaqlı mənzilin müvəqqəti istifadələrinə verilmələrinə dair 04 iyun 2013-cü il tarixli “329” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi “Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildiririk ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 04 iyun 2013-cü il tarixli “329” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 6 nömrəli binada 30 nömrəli 4 otaqlı mənzil ilə təmin edilmişlər. Daha sonra Yevlax rayon Mənzil Kommunal istismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı onların həmin mənzildə yaşamadığı və mənzilin kənar şəxsə kirayə verdiyi müəyyən edilmişdir (bu barədə akt əlavə olunur). Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə mənzildə yaşamadığı, mənzili başqa şəxsə kirayə verildiyi məlum olmuş və mənzilin başqa bir şəxsə kirayə verilməsinin qanunsuz olduğu bildirilmişdir. İddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Departamentin Yevlax MKİS-nin əməkdaşları tərəfindən mütəmadi olaraq ayrılmış mənzillərin müqavilədə qeyd edilmiş şərtlərə uyğun istifadə edilməsinə dair baxış keçirilir. Müəyyən edilmişdir ki, cavabdehlər onlara ayrılmış 4 otaqlı mənzildə uzun müddətdir yaşamırlar və həmin mənzili digər bir şəxsə Mahir Məmmədova qanunsuz olaraq kirayəyə vermişlər. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, digər cavabdehlər onun ailə üzvləridir, belə ki, Cavabdeh1 onun əri, İntiqam, Şünasib Süleyman, Hüseyn və Kübra isə onun övladlarıdır. Hər birinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları var, lakin üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmirlər. Həmin ailə üzvləri ilə birlikdə Ağdam şəhərindən məcburi köçkün olmuşlar. Bu səbəbdən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağlanmış 04 iyun 2013-cü il tarixli “329” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 6 nömrəli binada 30 nömrəli 4 otaqlı mənzil onların istifadəsinə verilmişdir. Yevlax şəhərində özünə iş tapmadığından məcburiyyət qarşısında hazırda Bakı şəhərində işləyir və kirayədə yaşayır. Eyni zamanda əri xəstə olduğundan müalicə məqsədi ilə Sumqayıt şəhərində yaşayır. Oğlu Süleyman hazırda hərbi xidmətdədir. Oğlu İntiqam isə hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Digər övladları isə həm onunla, həm ataları ilə yaşayır. Bu hal müvəqqəti hal daşıyır. Həmin mənzili kirayə verməmişlər, bu mənzilə mütəmadi olaraq gəlib istifadə edirlər, hazırda da bütün əşyaları həmin mənzildədir. Mənzilin açarlarını həmin binada alt mərtəbədə yaşayan qohumu Mahir Məmmədova vermişlər ki, ara-sıra mənzilə nəzarət eləsin. İş problemlərini həll etdikdən sonra həmin mənzilə qayıdacaqlar. Belə ki, oğulları Süleyman hərbi xidmətdən, İntiqam isə cəzasını çəkib bitirdikdən sonra həmin mənzildə yaşamağa davam edəcəklər. Bunun müvəqqəti hal olduğunu qeyd edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 bildirmişdir ki, Cavabdeh1lə uzaq qohum münasibətindədirlər. Eyni binada Cavabdeh1 ailəsinə ayrılmış mənzilin alt mərtəbəsində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh1 özlərinin mənzilinin açarını ona verərək ara-sıra mənzilə baş çəkməyi xahiş etmişlər. Ailə üzvlərinin sayı çox olmasına baxmayaraq onlara məhdud şəraitli mənzil ayırmışlar. Bu səbəbdən hərdən özü yuxarı çıxıb Faiz Ağamirzəyevə ayrılmış mənzildə gecələyir. Həmin mənzil ona kirayəyə verilməmişdir. Mənzildə olan əşyalara Cavabdeh1 və onun ailə üzvlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 04 iyun 2013-cü il tarixli “329” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən müəyyən olunur ki, məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 6 nömrəli binada 30 nömrəli 4 otaqlı mənzil ilə təmin edilmişlər. Yevlax şəhəri Bakı prospektində yerləşən 615 nəfərlik məcburi köçkün qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 01.11.2021-ci il tarixdə tərtib edilmiş aktdan müəyyən olunur ki, Yevlax rayon 615 ailəlik hündür mərtəbəli məcburi köçkün qəsəbəsində bina 6 mənzil 35-də yaşayan Ağdam rayonundan məcburi köçkün Cavabdeh1, onunla bağlanmış yuxarıda göstərilən mənzillə bağlı müqavilənin şərtlərini (2.4, 2.4.2) maddələrinin tələblərini pozaraq onun istifadəsinə verilmiş mənzili digər heç bir hüququ olmayan şəxsə öz başına kirayə vermişdir. Dəfələrlə həmin mənzilə baxış keçirilmiş, müqavilədə adları göstərilmiş şəxslərin uzun müddətdir ki həmin mənzildə yaşamadıqları müəyyən olunmuşdur. Cavabdeh1, adını və soyadını bilinməyən şəxslərə öz başına yaşamasına kirayə vermişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.02.2017-ci il tarixli, 65 №li Qərarının 3.3-cü bəndində qeyd olunmuşdur ki, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qərarın 3.7-ci bəndində göstərilmişdir ki, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Mənzil Məcəlləsi: Maddə 91.1.5 məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Maddə 91.3 xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 98.1 Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2 Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99.4 xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağlanmış 04 iyun 2013-cü il tarixli “329” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında cavabdehlərə məcburi köçkün olaraq Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 6 nömrəli binada 30 nömrəli 4 otaqlı mənzil verilmişdir. İddiaçı həmin mənzilin cavabdehlər tərəfindən digər şəxsə kirayəyə verdiyini bildirsə də, bunun təsdiqi olaraq yalnız Departamentin Yevlax MKİS-nin üzvləri tərəfindən tərtib edilmiş akta istinad etmişdir. Halbuki, şahid ifadəsi ilə həmin şəxsin kirayədə qalmadığı müəyyən edilmişdir. Bundan başqa, cavabdehlərdən Cavabdeh6 hərbi xidmətdədir, Cavabdeh3 isə cəzaçəkmə müəssisəsindədir. Cavabdehlərin başqa daimi yaşayış yerinin olmasını təsdiq edən sübut da müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 04 iyun 2013-cü il tarixli 329 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-89/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-89/2022
03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver