Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1122/2025 17.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “övladı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 19 fevral 2007-ci ildə doğulmuş övladı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladı X9 19 fevral 2007-ci ildə Goranboy rayonunda doğulmuşdur. Məhkəməyə təqdim etdiyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair rəyindən görünür ki, oğlu Əlixan Bayramov birinci dərəcəli əlil olmaqla müddətsiz kvadroplegik spastik serebral iflic xəstəsidir. Eyni zamanda, oğlu psixoloji pozuntu, əqli gerilik xəstəliyindən də əziyyət çəkir və öz hərəkətlərini ölçüb-biçmək, onlara rəhbərlik etmək iqtidarında deyildir. Bu səbəbdən övladının müavinət alması və digər məsələlər ilə əlaqədar olaraq ayrı-ayrı təşkilatlara, idarələrə getməsi lazım gəlir. Həmin təşkilatlardan ona bildirirlər ki, sənədlərə imza etmək və sair hərəkətlər üçün oğlu özü gəlməlidir. Təqdim etdiyi Tibbi-Sosial Ekspert Komissiyasınin rəyindən görünür ki, oğlu birinci dəracəli serebral iflic xəstəsi olduğundan özü bunları edə bilmir, səlahiyyətli orqanlardan ona bildirirlər ki, gərək övladi Əlixan məhkəmə tərəfindən fəaliyyət gabiliyyəti olmayan şəxs hesab edilsin və o da övladının üzərində qəyyum təyin edilsin ki, bütün bu işləri onun əvəzinə qəyyum görsün. Oğluna bir ana kimi özü qulluq edir və oğluna lazım olan bütün başqa işləri də o görür. Ona görə də məhkəməyə müraciət edir. İstəyir ki, X9 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilsin və öğlunun üzərində qəyyum təyin edilməsi barədə Goranboy Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına məlumat verilsin. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 11 sentyabr 2025-ci il tarixə təyin edilmiş, həmin məhkəmə iclasında iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi və ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ekspertizanın rəyi 15 oktyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və bundan sonra iş üzrə məhkəmə icraatı təzələnərək məhkəmə hazırlıq iclası yenidən 30 oktyabr 2025-ci il tarixə təyin edilmiş və həmin tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 17 noyabr 2025-ci il tarixə təyin edilmişdir. Maraqlı şəxs (barəsində ərizə verilmiş şəxs)- X1 məhkəmə iclasında iştiraka imkan vermədiyindən, məhkəmə maraqlı şəxs X5 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış digər maraqlı şəxslər- Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə gəlməyən maraqlı şəxsin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək ərizəsinin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 (ərizəçinin bacısı) ifadəsində bildirmişdir ki, ərizəçinin övladı Əhliman anadangəlmə ruhi xəstədir, lap körpəliyindən əqli cəhətdən və fiziki olaraq özünü idarə edə bilmir, Əhlimana anası baxır. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 (ərizəçinin qardaşının arvadı) digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: Goranboy Rayon İcra Hakimiyyəti başçısının Qaraçinar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 mart 2007-ci il tarixli AZ-İ № 887882 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 19 fevral 2007-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuşdur. X4, anası Ərizəçidır. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 may 2010-cu il tarixli AZ-İ № 103706 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 Ərizəçi ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi barədə akt qeydləri kitabında 25 may 2010-cu il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Bayramov”, qadına “İsayeva” soyadları verilmişdir. İş materiallarında olan: Tibbi Ərazi Bölmələrini X10 rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsi tərəfindən 09 sentyabr 2025-ci il tarixdə verilmiş göndərişin surətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), 19 fevral 2007-ci ildə doğulmuş Goranboy rayon Qaraçinar kənd sakini X2 müalicə üçün Gəncə şəhəri Psixo-Nevroloji Xəstəxanasına göndərilmişdir. Göndərişin surəti “A4” formatlı kağız daşıyıcıda məhkəməyə təqdim edilmişdir; kağız daşıyıcının yuxarı sol küncündə əlyazma ilə “stasionar müalicəyə ehtiyacı yoxdur, nevroloji müalicəyə ehtiyacı var” sözləri yazılmış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri psixo-nevroloji xəstəxanasının möhürü ilə təsdiqlənmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemdən çıxarışdan görünür ki, X9 20 fevral 2025-ci ildən “kvadroplegik spastik serebral iflic” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. İş materiallarında olan: Mingəçevir X3 Psixatriya Komissiyasının 12 mart 2025-ci il tarixli qərarının surətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), 19 fevral 2007-ci ildə doğulmuş X7 “Lennox-qasto sindromunun ağırlaşması, immobllik yeriş, oturuş tromsiyalarının olmaması; arabadadır, ağır əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu var, İQ müəyyən edilmir, nitq qabiliyyəti yoxdur” diaqnozu qoyulmuşdur. İş materiallarında olan: Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış 16 may 2025-ci il tarixli 5-45/2-İ-15-099/2025 nömrəli məktubdan görünür ki, Ərizəçi övladı X5 üzərində qəyyum təyin edilməyinə dair qətnamə verilməsi üçün mövcud qanunvericiliyin tələblərinə əsasən aidiyyəti üzrə məhkməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 ambulator məhkəmə-psixiatrik ekspertizasının 03 oktyabr 2025-ci il tarixli 706 saylı rəyindən görünür ki, X6 ağır dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsində aşkar olunur. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyildir. X9 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 19 fevral 2007-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuş X9 “ağır dərəcəli əqli gerilik uşaq serebral iflici” diaqnozu ilə xəstədir, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəlləsi) 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.3-cü maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Mülki Prosessual Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda sadalanan sübutları tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla ərizəçinin tələbinin əsaslı olduğunu təsdiq edir. Ona görə ərizə təmin edilməli, Ərizəçi övladı- 19 fevral 2007-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 19 fevral 2007-ci ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddət keçdikdən sonra qüvvəyə minir. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1122/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1122/2025
17.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver