Məhkəmə qərarları › İş №2(040)-18/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-18/2024

17.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-18/2024 17.05.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi (barəsində ərizə verilmiş şəxsin anası)– Ərizəçi nümayəndəsi (vəkil) X6 iştirakı ilə, Maraqlı şəxs (barəsində ərizə verilmiş şəxs)- X4 iştirakı ilə, Mütəxəssis - Gəncə Şəhər Psixonevroloji Dispanserin həkim-psixiatrı X2 iştirakı ilə, Ərizəçi “övladı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, 01 fevral 1990-cı ildə doğulmuş övladı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin övladı- 01 fevral 1990-cı ildə doğulmuş övladı X1 qəza nəticəsində başından travma almış, bunun nəticəsində əqli zəiflik xəstəliyindən əziyyət çəkir, özünə xəsarətlər yetirir və dəfələrlə özünə qəsd etmişdir. Hazırda oğlu X3 șəhəri üzrə X12 müayinə edilməsi üçün göndərilmişdir. Onun hazırda Gəncə șəhər Dispanserində qeydiyyatda olması tərəfindən ambulator müalicə tətbiq edilsə də ona nəzarət edilməsi məcburidir. Hazırda onun xəstəliyi uzun müddətdir ki, davam edir və öhdəsindən gəlmək mümkün deyil. Axırncı dəfə evdən çıxıb getmiş və bir təhər tapılmışdır. Bu baxımdan onun psixi pozuntu keçirməsi ilə bağlı fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılması zəruridir. Goranboy Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli 2(045)-361/2023 saylı qərardadı ilə mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş 31 may 2023-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası 06 iyul 2023-cü il tarixə təyin edilmiş, həmin məhkəmə iclasında iş üzrə məhkəmə-psixiatriya ekspertizasının təyin edilməsi və ekspert rəyi məhkəməyə daxil olanandək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ekspertizanın rəyi 11 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuş və bundan sonra iş üzrə məhkəmə icraatı təzələnərək məhkəmə hazırlıq iclası yenidən 05 oktyabr 2023-cü il tarixə təyin edilmiş və həmin tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 23 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. 23 oktyabr 2023-cü il tarixli məhkəmə baxış iclasında iş üzrə əlavə məhkəməpsixiatriya ekspertizasının təyin edilməsi və ekspert rəyi məhkəməyə daxil olanandək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ekspertizanın rəyi 11 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və bundan sonra iş üzrə məhkəmə icraatı təzələnərək məhkəmə baxış iclası yenidən 24 aprel 2024-cü il tarixə təyin edilmiş, prosessual zərurətlə əlaqədar 14 may 2024-cü il və 17 may 2024-cü il tarixlərə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış maraqlı şəxslər Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının və Goranboy Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə maraqlı şəxslərin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. Ərizəçi nümayəndəsi (vəkili) X10 məhkəmə iclasında ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirmişdir ki, 01 fevral 1990-cı ildə doğulmuş X1 qəza nəticəsində başından travma almış, bunun nəticəsində əqli zəiflik xəstəliyindən əziyyət çəkir, özünə xəsarətlər yetirir və dəfələrlə özünə qəsd etmişdir. X3 șəhəri üzrə X12 müayinə edilmiş, Gəncə șəhəri üzrə X12 qeydiyyatda olmasına və ambulator müalicə tətbiq edilməsinə baxmayaraq ona nəzarət edilməsi məcburidir; Alim özünü idarə edə bilmir və heç yerə sərbəst gedib-gələ bilmir. Ona anası qulluq edir. X4 daim kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, keçirdiyi qəzadan sonra X7 əməliyyat olunmuşdur. Hazırda xəstəliyi ilə əlaqədar ona anası qulluq edir. İş materiallarında olan: “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 Gəncə regional ambulator şöbəsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 iyul 2023-cü il tarixli 447 saylı rəyindən görünür ki, kliniki diaqnozun dəqiqləşdirilməsi və qoyulmuş suallara cavab almaq məqsədi ilə X4 Stasionar Məhkəmə Psixiatrik Ekspertiza Şöbəsinə göndərilməsi zəruridir. İş materiallarında olan: “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 dekabr 2023-cü il tarixli 3617 saylı rəyindən görünür ki, X5 qeyd olunan “üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) emosionallabil (astenik) pozuntu” onun psixi funksiyalarında kobud pozuntulara səbəb olmamış və onu öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarından məhrum etməmişdir; X8 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malikdir; X4 hazırkı psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vermir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, X8 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətindən məhrum olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəlləsi) 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 305.1.3-cü maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Mülki Prosessual Məcəllənin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sadalanan sübutları tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ərizəçinin övladı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas ola biləcək sübut ərizəçi tərəfindən məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması nəticəsində də ərizənin əsaslı olmasını təsdiq edən sübut aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi “övladı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizəsi təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar