Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-231/2025 05.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış debitor borcun silinməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin ona 388 (üç yüz səksən səkkiz) manat enerji borcunun qanunsuz hesablandığı üçün silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, onun yaşadığı Göygöl rayon Çaykənd kəndində yerləşən yaşayış sahəsində "xxxx" ASC ilə bağlanan müqavilə əsasında elektrik enerjisindən istifadə edir. Göygöl rayonunun Çaykənd kəndində elektrik enerjisindən istifadə edən abunəçilərə nəzarəti nəzarətçilər həyata keçirirlər: istifadə olunan enerjinin dəyərini yoxlayaraq qəbzləri verirlər, o da hər ay mütəmadi olaraq enerjinin haqqını ödəyir. 2024-cü ilin sentyabr ayının ortalarında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları onunla mobil əlaqə yaradaraq onun elektrik enerjisindən 2012-ci ildən 388 (üç yüz səksən səkkiz) manat borcunun olduğunu bildirmiş, o da cavabında heç bir borcunun olmadığını bildirdikdə "xxxx" ASC-dən ona bildirmişlər ki, yaşayış evinə quraşdırılan elektrik sayğacına pulu əvvəlcədən ödəməsə, işıqdan istifadə edə bilməyəcək. "xxxx" ASC-nin vəzifəli şəxsləri tərəfindən ona əsassız olaraq 388 (üç yüz səksən səkkiz) manat borc hesablanmışdır. Bu qanunsuz hesablanmış borcun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh "xxxx" ASC iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 22 yanvar 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 17 fevral 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə əlaqədar 05 mart 2025-ci il tarixə təxirə salınmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, onun yaşadığı Göygöl rayon Çaykənd kəndində yerləşən yaşayış sahəsində "xxxx" ASC ilə bağlanan müqavilə əsasında elektrik enerjisindən istifadə edir. Göygöl rayonunun Çaykənd kəndində elektrik enerjisindən istifadə edən abunəçilərə nəzarəti nəzarətçilər həyata keçirirlər: istifadə olunan enerjinin dəyərini yoxlayaraq qəbzləri verirlər, o da hər ay mütəmadi olaraq enerjinin haqqını ödəyir. Onun ünvanında 01 yanvar 2007, 17 aprel 2017, 04 aprel 2019, 25 sentyabr 2019 və 23 avqust 2022-ci il tarixlərdə sayğaclar (o cümlədən 23 avqust 2022-ci il tarixdə smart sayğac) quraşdırılmışdır. 2024-cü ilin sentyabr ayının ortalarında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları onunla mobil əlaqə yaradaraq onun elektrik enerjisindən 2012-ci ildən 388 (üç yüz səksən səkkiz) manat borcunun olduğunu bildirmiş, o da cavabında heç bir borcunun olmadığını bildirdikdə "xxxx" ASC-dən ona bildirmişlər ki, yaşayış evinə quraşdırılan elektrik sayğacına pulu əvvəlcədən ödəməsə, işıqdan istifadə edə bilməyəcək. "xxxx" ASC-nin vəzifəli şəxsləri tərəfindən ona əsassız olaraq 388 (üç yüz səksən səkkiz) manat borc hesablanmışdır. Belə olan halda sual yaranır ki, əgər onun 2017-ci ildən 2024-cü ilin sentyabr ayınadək olan müddət üzrə limitdən artıq borcları yaranırdısa, nə səbəbdən ona bu barədə rəsmi bildiriş verilməmişdir-bu, onu göstərirki, ona hesablanmış 388 (üç yüz səksən səkkiz) manat borc əsassızdır. Bu qanunsuz hesablanmış borcun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tamamilə əsassızdır, belə ki, iddiaçının yaşadığı mənzilə sonuncu dəfə 23 avqust 2022-ci ildə sayğac quraşdırılıb. Sadəcə, abunəçi (iddiaçı) limitdən artıq sərfiyyat edib və buna görə də artıq borc yaranıb. İddiaçının hal-hazırki tarixə hesablanmış olan 388 (üç yüz səksən səkkiz) manat debitor borc 15 iyul 2017-ci ildən – 9 sentyabr 2024-cü il tarixə olan limitdən artıq sərfiyyat nəticəsində yaranmışdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir (bu barədə yazılı şəkildə izahat təqdim etmişdir). Mülki işin mübahisələndirilməyən halları: Tərəflər arasında elektrik enerjisinin alğı-satqısına dair müqavilənin olması və **********00078 nömrəli abunəçinin ünvan 1 ünvanındakı balans mənsubiyyəti sərhədində: 01 yanvar 2007, 17 aprel 2017, 04 aprel 2019, 25 sentyabr 2019 və 23 avqust 2022-ci il tarixlərdə sayğaclar (o cümlədən 23 avqust 2022-ci il tarixdə smart sayğac) quraşdırılması mülki işin mübahisələndirilməyən hallarıdır. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlər: -Göygöl Rayon İcra Hakimiyyəti başçısının Çaykənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 noyabr 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün İddiaçı Göygöl rayonunun Çaykənd kəndində müvəqqəti məskunlaşmışdır. -İş materiallarında olan: "xxxx" ASC-nin abunəçi İddiaçı (abunə № **********00078) barəsində “Abunə haqqında” 31 yanvar 2025-ci il tarixli çıxarışından görünür ki, abunəçinin 31 yanvar 2025-ci il tarixə 388 (üç yüz səksən səkkiz) manat borcu vardır. Tətbiq edilməli olan normalar: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra: Konstitusiya) 60-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin yeddinci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun: -18.1-ci maddəsinə əsasən, elektrik enerjisinin təchizatçısı elektrik enerjisinin topdan və ya pərakəndə satışını həyata keçirir; -18.5-ci maddəsindən görünür ki: 18.5.1. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, habelə bu Qanunun 6.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə (elektroenergetika sektorunda tənzimləyicinin göstərişləri nəzərdə tutulur-hakimin qeydi) əməl etmək; 18.5.4. öz təşəbbüsü ilə istehlakçı (sərbəst olmayan istehlakçılar istisna olmaqla) ilə bağlanılmış müqavilə şərtlərinin dəyişdirilməsi nəzərdə tutulan tarixdən 1 (bir) ay əvvəl istehlakçıya bu barədə bildiriş təqdim etmək (göndərmək); 18.5.6. bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq ötürücü və ya paylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş elektrik enerjisinin dəyəri barədə hesab təqdim etmək elektrik enerjisi təchizatçısının vəzifələrnə daxildir. -18.6 və 18.6.2-ci maddələrindən görünür ki, istehlakçıya təqdim edilmiş hesaba uyğun olaraq ondan istehlak etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsini tələb etmək elektrik enerjisi təchizatçısının hüquqlarına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın: -7.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır; -7.6-cı bəndindən görünür ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir; -8.1-ci bəndindən görünür ki, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır; -8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur; enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. -9.13.2-ci bəndindən eyni zamanda bu nəticə çıxır ki, enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıda sadalanan qərarlarından görünür ki elektrik enerjisinin ölkədaxili tarifləri “əhali” istehlakçı qrupu üçün: -2016-cı il 28 noyabr tarixli 17 nömrəli qərarı ilə 01 dekabr 2016-cı il tarixdən etibarən aylıq istehlak həcminin 300 kVts-a qədər olan hissəsi üçün 7,0 qəpik və 300 kVts-dan çox olan hissəsi üçün 11,0 qəpik; -2021-ci il 16 oktyabr tarixli 14 nömrəli qərarı ilə 01 noyabr 2021-ci il tarixdən etibarən aylıq istehlak həcminin 200 kVts-a qədər olan hissəsi üçün 8,0 qəpik, 200 kVts-dan 300 kVts-a qədər olan hissəsi üçün 9,0 qəpik və 300 kVts-dan çox olan hissəsi üçün 13,0 qəpik; -2024-cü il 29 dekabr tarixli 19 nömrəli qərarı ilə 02 yanvar 2025-ci il tarixdən etibarən aylıq istehlak həcminin 200 kVts-a qədər olan hissəsi üçün 8,4 qəpik, 200 kVts-dan 300 kVts-a qədər olan hissəsi üçün 10,0 qəpik və 300 kVts-dan çox olan hissəsi üçün 15,0 qəpik müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən, əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; -81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; -217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; -217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; -217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış 388 (üç yüz səksən səkkiz) manat debitor borcun silinməsi“ tələbinə dair iddiası qanuni və əsaslı olduğundan təmin edilməli, iddiaçı- **********00078 nömrəli abonent İddiaçı hesablanmış 388 (üç yüz səksən səkkiz) manat debitor borc hesabdan silinməlidir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi halları- iddiaçıya hesablanmış debitor borcun 15 iyul 2017-ci ildən 09 sentyabr 2024-cü il tarixə olan limitdən artıq sərfiyyat nəticəsində yarandığını sübut etməmiş, o cümlədən abunəçiyə (iddiaçıya) hesablanmış borclarla bağlı hər hansı bildiriş göndərilməsi və ya bu barədə müvafiq üzləşmə aktının mövcudluğu məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı- **********00078 nömrəli abonent İddiaçı hesablanmış 388 (üç yüz səksən səkkiz) manat debitor borc hesabdan silinsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-231/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-231/2025
05.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver