Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-247/2025 08.05.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflər iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3566,59 manat (üç min beş yüz altmış altı manat 59 qəpik) borcunun abonentin **********00230 saylı koduna və ödənilmiş 55,66 manat (əlli beş manat 66 qəpik) dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Tərtər X3 idarəsinin Mingəçevir şəhəri üzrə xidmət sahəsində abonent kodu **********00230 olmaqla 19 aprel 2023-cü il tarixli, XS-45-00193/23 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Mingəçevir şəhəri üzrə xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində 10347023 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdeh təbii qazdan istifadəyə görə borcu 2022-ci il tarixdən yaranmağa başlamışdır. Hazırda istifadə etdiyi təbii qaza görə abonentin 3566,59 manat borcu yaranmışdır. Dəfələrlə həmin abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, borclu həmin məbləği hələ də ödəməmiş qalmaqdadır. Cavabdeh onunla bağlanmış “Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı müqaviləsi”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddia ərizəsi 19 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin hazırlıq iclası 12 mart 2025-ci il tarixdə keçirilmiş, prosessual zərurətlə əlaqədar 09 aprel 2025-ci il tarixə təxirə salınmış, məhkəmə baxışı iclası 08 may 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh 09 aprel 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, İİ qrup Qarabağ müharibəsi əlilidir, İddiaçı ondan əsassız olaraq 3566,59 AZN pul tələb edir. İddia əsassız olmaqla bərabər eyni zamanda iddia müddəti ötürülmüşdür. Belə ki, onun qaz xətti 5 ildir ki, kəsilib və o qazdan istifadə etmir. Odur ki, iddia əsassız olduğundan və iddianın müddəti ötürüldüyündən iddianın rədd edilməsini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyindən növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi 09 aprel 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onun İddiaçınə 5 il bundan əvvəl az məbləğdə borcu olsa da onun 3566,59 manat məbləğində borcunun olması barədə məlumatı olmamışdır. İddiaçı tərəfindən borc məbləği hədsiz dərəcədə şişirdilmişdir. Onun heç vaxt bu qədər borcu olmamışdır. Həmçinin, o, 5 ildən artıqdır ki, qazdan istifadə etmir. Bu müddət ərzində onun bu qədər borcunun olması ilə bağlı ona heç bir bildiriş göndərilməmiş və ya məlumat verilməmişdir. Odur ki, iddia əsassız olduğundan və iddianın müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: müqavilədən görünür ki, İddiaçı Tərtər X3 İdarəsinin Mingəçevir rayonu üzrə xidmət sahəsi ilə Cavabdeh arasında 19 aprel 2023-cü il tarixdə XS-45-00193/23 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Həmin müqaviləyə əsasən, Paylayıcı: istehlakçını maksimal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya təqdim etmək (göndərmək) və s. vəzifələri, İstehlakçı: qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək və s. vəzifələri öhdələrinə götürmüşlər. İş materiallarında olan (iddia ərizəsinə əlavə edilmiş): 18 noyabr 2024-cü il tarixdə İddiaçı tərəfindən tərtib edilmiş (kompyuter üsulu ilə çap edilmiş) “Abonentin saldosu”ndan görünür ki, “**********00230” nömrəli abonent Cavabdehnın 2021-ci ilin yanvar ayına borcu 3556,59 manat, 2022-ci ilin yanvar ayına borcu 3556,59 manat, 2023-cü ilin yanvar ayına 3556,59 manat, 2024-cü ilin yanvar ayına 3556,59 manat, 2024-cü ilin oktyabr ayına 3556,59 manat borcunun yarandığı qeyd edilmişdir, 2021-ci ilin dekabr ayından 2024-cü ilin oktyabr ayınadək qazın sərfinə görə hər ay 0 kubmetr sərfiyyat olduğu göstərilmişdir. İş materiallarında olan: İddiaçı Gəncə X3 idarəsi tərəfindən Cavabdeh göndərilmiş yazılı xəbərdarlıqdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanan 19 aprel 2023-cü il tarixli XS-45-00193/24 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən Cavabdeh məxsus yaşayış sahəsi İstehsalat Birliyi tərəfindən təbii qazla təchiz olunmuş, qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən 22 noyabr 2024cü il tarixə yaranmış 3566,59 manat debitor borcun 3 gün müddətində tam şəkildə ödənilməsi tələb olunmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “Qaz təchizatı haqqında” Qanun): -1-ci maddəsinin on birinci abzasından görünür ki, qaz qurğusu – qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusudur (qurğularıdır). -1-ci maddəsinin on dördüncü abzasından görünür ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin: -1-ci hissəsinə əsasən, energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. -8-ci hissəsinin hal-hazırda qüvvədə olan müddəalarından görünür ki, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. -8-ci hissəsinin 13 aprel 2022-ci il tarixədək qüvvədə olmuş mətnində qeyd edilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 1.3-ci bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir, həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir; 4.1-ci bəndinin müddəalarından görünür ki, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, səlahiyyətli dövlət orqanı tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır; 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2009-cu il tarixli 207 nömrəli Fərmanının müddəalarından görünür ki, istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə yaranmış 327,0 milyon manat məbləğində borcları silinmiş, eyni zamanda, həmin tarixdən sonra yaranan təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlərin görülməsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: -1.1-ci bəndinə əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: -3-cü maddəsinin birinci və beşinci abzaslarının müddəalarından görünür ki, Azərbaycan Respublikası ərazisində istehlakçılar o cümlədən malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququna maikdirlər. -5-ci maddəsinin 1-ci hissəsinə əsasən, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. -13-cü maddəsinin 7-ci hissəsinə əsasən, mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir. -14-cü maddəsinin 3-cü hissəsinə əsasən, satıcı (icraçı) istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və başa düşülən məlumat verməlidir. -26-cı maddəsinin birinci abzasına əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarına və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı cavabdehə hesablanmış 3566,59 AZN (üç min beş yüz altmış altı manat-59 qəpik) debitor borcun 2022-ci ildən yarandığını qeyd etsə, məhkəməyə təqdim etdiyi “Abonentin saldosu”nda “**********00230” nömrəli abonent Cavabdeh 2021-ci ilin dekabr ayından 2024-cü ilin oktyabr ayınadək qazın sərfinə görə hər ay 0 kubmetr sərfiyyatının olduğu, bununla da cavabdehin 2021-ci ilin dekabr ayından təbii qazdan istifadə etmədiyi öz təsdiqini tapmışdır. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, iddia ərizəsində abonentə hesablanmış cəmi 3566,59 AZN (üç min beş yüz altmış altı manat-59 qəpik) debitor borcun 2022-ci ildən yarandığını göstərsə də, iddia ərizəsinə əlavə edilmiş və abonentlə bağlı aparılmış mühasibatlıq məlumatlarını əks etdirən abonent saldosunda hazırki iddia üzrə cavabdeh abonentə hesablanmış debitor borcun 2010-cu ilin sentyabr ayından hesablandığı görünür. Mülki Məcəllənin 373.3-cü maddəsindən görünür ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iddia ərizəsi 19 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur; cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Belə olan halda abonentin 2021-ci ilin dekabr ayınadək mövcud ola biləcək borcuna görə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 55,66 manat (əlli beş manat 66 qəpik) dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-247/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-247/2025
08.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver