Məhkəmə qərarları › İş №2(040)-311/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-311/2025

10.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-311/2025 10.04.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı – İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “abonentə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh Gəncə X3ı idarəsinə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, ona qanunsuz hesablanmış 12960 kubmetr qaz sərfiyyatına görə 1555,20 manat (min beş yüz əlli beş manat 20 qəpik) debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona məxsus Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Bağ yeri 343 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh Gəncə X3 idarəsi tərəfindən təbbi qazla təmin olunur. Həmin fərdi yaşayış evinə Cavabdeh Gəncə X3ı idarəsi tərəfindən qaz sayğacı quraşdırılmışdır. Sonuncu dəfə 22 fevral 2023-cü il tarixdə istifadələrində olan sayğacın istifadə müddəti bitdiyinə görə Qaz istismarı idarəsinin əməkdaşları tərəfindən köhnə sayğac yenisi ilə əvəz edilmişdir. Həmin vaxt o, özü də iştirak etmişdir. Həmin vaxt sayğacda heç bir qüsur aşkarlanmamışdır. İdarənin əməkdaşları tərəfindən də əvvəlki sayğacda hər hansı qüsur olması barədə heç nə bildirilməmişdir. Sadəcə əvvəlki sayğacın istismar müddəti bitdiyinə görə yenisi ilə əvəz olunmuşdur. Qeyd edir ki, həmin evdə daimi yaşamırlar, daimi olaraq Gəncə şəhəri, 1500 ailəlik məcburi köçkün qəsəbəsində yaşayırlar. Həmin fərdi yaşayış evinə isə arabir baş çəkirlər və həmin evdə qaz sərfiyyatları az olur. Təxminən bir ay bundan əvvəl qaz sayğac kartına pul köçürdükdə köçürülən pula nisbətdə sərfiyyatın az həcmdə olmasını hiss etmiş, bu barədə Gəncə “Asan Xidmət” Mərkəzinə müraciət etdikdə məlum olmuşdur ki, ona əsassız olaraq 1555,20 manat borc hesablanmşdır. O, “Asan Xidmət” mərkəzindən saldonu götürərək məsələyə aydınlıq gətirmək üçün Gəncə X3 idarəsinə müraciət etmişdir. Oradan bildirilmişdir ki, evdən götürülmüş sayğacda kənar müdaxilə müəyyən edildiyindən ona cərimə hesablanmışdır. Bu barədə ona akt və tələbnamə ləqdim edilmişdir. Həmin sənədlərdə qeyd edilmişdir ki, guya ki, sayğacın hesablama mexanizminin qoruyucu șüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var. Qeyd edir ki, ona yazılan borc qanunsuz və əsassızdır. Sayğac yenisi ilə əvəzləşdirilərkən sayğacda heç bir qüsur olmamışdır. Onların tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Qüsur aktı sayğac dəyişdirilən zaman yerində tərtib olunmamışdır. Akt 30 aprel 2024-cü il tarixdə tərtib edilmişdir. Sayğaca onun iştirakı ilə hər hansı baxış keçirilməmiş, akt sayğac götürüldükdən təxminən iki ay sonra onun iştirakı olmadan tərtib edilmiş və imzalamaq üçün ona təqdim olunmamışdır. Aktda qeyd edilib ki, guya ki, o, akta imza etməkdən imtina etmişdir. Qaz sayğacının yoxlanılması barədə Cavabdeh 10 may 2023-cü il tarixli müayinə aktının isə heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəməyə təqdim etdiyi iki illik saldodan da görünür ki, həmin fərdi yaşayış evində daimi olaraq yaşamırlar və orada çox az həcmdə qaz sərfiyyatı olur. Cavabdehin onlara təqdim etdiyi sənədlərdən görünür ki, 12960 kubmetr qaz sərfiyyatına görə 1555,20 manat borc hesablanmışdır. Hesab edir ki, həmin borc əsassız olaraq hesablanmışdır və bu borc silinməlidir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 19 fevral 2025-ci il tarixə təyin edilmiş, məhkəmə baxışı iclası 17 mart 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə əlaqədar 10 aprel 2025-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi 10 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, ona məxsus Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Bağ yeri 343 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh Gəncə X3 idarəsi tərəfindən təbbi qazla təmin olunur. Həmin fərdi yaşayış evinə Cavabdeh Gəncə X3ı idarəsi tərəfindən qaz sayğacı quraşdırılmışdır. Sonuncu dəfə 22 fevral 2023-cü il tarixdə istifadələrində olan sayğacın istifadə müddəti bitdiyinə görə Qaz istismarı idarəsinin əməkdaşları tərəfindən köhnə sayğac yenisi ilə əvəz edilmişdir. Həmin vaxt o, özü də iştirak etmişdir. Həmin vaxt sayğacda heç bir qüsur aşkarlanmamışdır. İdarənin əməkdaşları tərəfindən də əvvəlki sayğacda hər hansı qüsur olması barədə heç nə bildirilməmişdir. Sadəcə əvvəlki sayğacın istismar müddəti bitdiyinə görə yenisi ilə əvəz olunmuşdur. Bir müddət bundan əvvəl qaz sayğac kartına pul köçürdükdə köçürülən pula nisbətdə sərfiyyatın az həcmdə olmasını hiss etmiş, bu barədə Gəncə “Asan Xidmət” Mərkəzinə müraciət etdikdə məlum olmuşdur ki, ona əsassız olaraq 1555,20 manat borc hesablanmşdır. O, “Asan Xidmət” mərkəzindən saldonu götürərək məsələyə aydınlıq gətirmək üçün Gəncə X3 idarəsinə müraciət etmişdir. Oradan bildirilmişdir ki, evdən götürülmüş sayğacda kənar müdaxilə müəyyən edildiyindən ona cərimə hesablanmışdır. Bu barədə ona akt və tələbnamə təqdim edilmişdir. Həmin sənədlərdə qeyd edilmişdir ki, guya ki, sayğacın hesablama mexanizminin qoruyucu șüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var. Qeyd edir ki, ona yazılan borc qanunsuz və əsassızdır. Sayğac yenisi ilə əvəzləşdirilərkən sayğacda heç bir qüsur olmamışdır. Onların tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Qüsur aktı sayğac dəyişdirilən zaman yerində tərtib olunmamışdır. Akt 30 aprel 2024-cü il tarixdə tərtib edilmişdir. Sayğaca onun iştirakı ilə hər hansı baxış keçirilməmiş, akt sayğac götürüldükdən təxminən iki ay sonra onun iştirakı olmadan tərtib edilmiş və imzalamaq üçün ona təqdim olunmamışdır. Aktda qeyd edilib ki, guya ki, o, akta imza etməkdən imtina etmişdir. Qaz sayğacının yoxlanılması barədə Cavabdeh 10 may 2023-cü il tarixli müayinə aktının isə heç bir hüquqi qüvvəsi yoxdur. Cavabdehin onlara təqdim etdiyi sənədlərdən görünür ki, 12960 kubmetr qaz sərfiyyatına görə 1555,20 manat borc hesablanmışdır. Hesab edir ki, həmin borc əsassız olaraq hesablanmışdır və bu borc silinməlidir. İddia tələbinin təmin edilməsini xahiş edir. İş materiallarında olan: Cavabdeh Gəncə xidmət sahəsinin əməkdaşları tərəfindən 22 fevral 2023-cü il tarixdə tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli Aktın surətindən görünür ki, növbədən kənar yoxlama ilə İddiaçı Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Bağ yeri adlanan ərazidə yerləşən fərdi yaşayış evində “mexaniki” tipli G-4 markalı **********5 nömrəli sayğac “Zenner” tipli G- 4 markalı Sts**********77 nömrəli sayğacla əvəz edilmiş və aktda “qaz xəttində, sayğac olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilmədi, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir, qaz sayğacı abonentə təhvil verildi” qeyd olunmuşdur (Aktda “istehlakçının nümayəndəsi kimi “İddiaçı”in aktı imza etdiyi göstərilmişdir). İş materiallarında olan: Cavabdeh Gəncə xidmət sahəsinin əməkdaşları tərəfindən 30 aprel 2023-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktın surətindən görünür ki, **********016840 nömrəli abonent X1 barəsində təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı tərtib olunmuş Aktda “sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomplarının üzərində və yuvasının ətrafında əzik, cızıq izləri var” rəyi qeyd edilmişdir (Aktda İddiaçı aktı imza etməkdən imtina etdiyi göstərilmişdir). İş materiallarında olan: Gəncə X3ı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 30 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, 30 aprel 2023-cü il tarixli ******* nömrəli Akt əsasında itirilmiş təbii qazın həcmi 12960 (on iki min doqquz yüz altmış) kubmetr miqdarında müəyyən olunmuşdur. İş materiallarında olan: 08 yanvar 2025-ci il tarixdə Cavabdeh tərəfindən tərtib edilmiş “Abonentin saldosu”ndan görünür ki, abonent (№**********016840) İddiaçı 2023-cü ilin yanvar ayına 155,10 manat, fevral ayına 58,24 manat, mart ayına 26,70 manat, aprel ayına 1581,90 manat borcu yaranmışdır (o cümlədən 2023-cü ilin aprel ayında akt əsasında 1555 (min beş yüz əlli beş) manat debitor borc hesablanmışdır). Məhkəmə araşdırması nəticəsində təsdiq edilmişdir ki, Cavabdeh Gəncə X3ı idarəsinin Gəncə xidmət sahəsinin işçiləri tərəfindən abonent kodu “**********016840” olan istehlakçı İddiaçı yaşadığı ünvanda 22 fevral 2023-cü tarixdə növbədənkənar yoxlama keçirilməklə mövcud qaz sayğacı çıxarılaraq yeni sayğac quraşdırılmış, bu barədə tərtib olunmuş 22 aprel 2023-cü tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Aktda çıxarılmış sayğacda qüsur olduğu qeyd edilməmiş, bundan sonra Gəncə Xidmət sahəsinin X6 və Satışı Xidmətinin rəis müavini və işçiləri tərəfindən İddiaçı barəsində 30 aprel 2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Akt tərtib olunmuş, daha sonra Cavabdehın Gəncə X3ı idarəsinin əməkdaşları tərəfindən 30 aprel 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” ilə 30 aprel 2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Akt əsasında 12960 (on iki min doqquz yüz altmış) kubmetr qazın itirilmiş hesab edilməsi və həmin ziyanın ödənilməsi tələb edilmişdir; abonent saldosundan görünür ki, 12960 (on iki min doqquz yüz altmış) kubmetr qazın itkisinə görə isə iddiaçıya 1555,20 manat (min beş yüz əlli beş manat 20 qəpik) debitor borc hesablanmışdır. Məhkəmə iş üzrə sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “Qaz təchizatı haqqında” Qanun): -1-ci maddəsinin on birinci abzasından görünür ki, qaz qurğusu – qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusudur (qurğularıdır). -1-ci maddəsinin on dördüncü abzasından görünür ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. -1-ci maddəsinin iyirminci abzasından görünür ki, müayinə – istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə həyata keçirilən fəaliyyətdir. -3-cü maddəsinin 1-ci hissəsinə əsasən, qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanması müvafiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə cavab verməlidir. -6-1-ci maddəsinin 1-ci hissəsinə əsasən, qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr (bundan sonra – Reyestr) yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. -6-1-ci maddəsinin 2-ci hissəsinə əsasən, qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir. -6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən, qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. -13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. -13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -22-1-ci maddəsinə əsasən, istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazırlır Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: -1.1-ci bəndinə əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. -4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. -4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. -6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. -6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. -6.5-4-cü bəndinə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarını əsaslandıran halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı (abonent kodu: **********16840) Cavabdeh tərəfindən hesablanmış mövcud debitor borcdan 1555,20 manat (min beş yüz əlli beş manat 20 qəpik) borc hissəsi hesabdan silinməlidir. Belə ki, iddiaçının (abonentin) ünvanında 22 fevral 2023-cü il tarixdə növbədənkənar yoxlama nəticəsində tərtib edilmiş 22 fevral 2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktda qaz xəttində və sayğacda qüsur olduğu qeyd edilməmiş, 30 aprel 2023-cü il tarixdə isə İddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, həmin qanunsuz akt əsasında da itirilmiş qazın həcmi 12960 (on iki min doqquz yüz altmış) kubmetr həcmində müəyyən edilmiş və buna görə abonentə əsassız olaraq 1555,20 manat (min beş yüz əlli beş manat 20 qəpik) məbləğində debitor borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndində qeyd edilir ki, fiziki şəxs olan istehlakçının (iddiaçının) qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh daşıyır; cavabdeh isə sayğacda aşkar edilmiş qüsurların iddiaçının təqsiri nəticəsində baş verdiyini sübut edə bilməmişdir. Buna görə də hazırki halda qaz sayğacında olan hər hansı qüsura görə abonent cavabdehlik daşımır. Bundan başqa, cavabdeh “Qaz təchizatı haqqında” Qanunun 6-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq reyestr məlumatlarını da məhkəməyə təqdim etməmişdir. Bundan başqa, xüsusi olaraq qeyd edilməlidir ki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsi və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin müddəalarından görünür ki, qaz təchizatçısı tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və həmin aktlarla əlaqəli digər aktlar özlüyündə abonentə qarşı mülki tələbin yaranması üçün hüquqi nəticə yaratmır və hüquqi nəticənin yaranması üçün abonentin təqsirli olması barədə inzibati xəta haqqında və cinayət işləri üzrə müvafiq yekun aktlar olmalıdır. Məhkəmə həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13-cü maddəsinə əsaslanmaqla (qanunun analogiya üzrə tətbiqi) onu da qeyd etməyi zəruri hesab edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 7-ci hissəsinə əsasən, mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir (bu səbəbdən hazırki halda istehlakçının qaz təchizatçısına qarşı iddiası üzrə xidmətin qanuniliyi barədə sübutetmə yükü təchizatçının üzərinə düşməlidir). Cavabdeh tərəf iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən “**********16840” nömrəli abonent - İddiaçı hesablanmış 1555,20 AZN (min beş yüz əlli beş manat 20 qəpik) borc hesabdan silinsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar