Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-594/2024 25.06.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Cavabdeh- "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onların faktiki istifadələrində olan fərdi yaşayış evində quraşdırılmış sayğaca əsassız olaraq hesablanmış 3400 (üç min dörd yüz) manat debitor borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, X8 tərəfindən 2017-ci ildən əvvəlki müddətlərə hesablanan və heç bir hüquqi əsası olmadan onlardan tələb olunan 3400 (üç min dörd yüz) manat debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayonunun düşmən silahlı birləşmələr tərəfindən işğalı nəticəsində, yəni 1993-cü ildə ailə üzvləri Kəlbəcər rayonunun Zəylik kəndindən məcburi köçkün düşərək Şəmkir rayonunun indiki Yeni Göyçə inzibati ərazi X11 kəndində məskunlaşmışlar. Hal-hazırda yaşadıqları evi otuz iki il bundan əvvəl Ermənistanın Göyçə mahalından qaçqın düşmüş Səfər Yusifov adlı vətəndaşdan almışlar. 2017-ci ilədək yaşadıqları evdə istifadə etdikləri elektrik enerjisinin haqqını dövlət nağd yolu ilə onlara verməmiş, yəni dövlət Şəmkir rayonu ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin istifadə etdiyi elektrik enerjisi sərfiyyatına görə enerji haqqını cavabdeh X6 hesabına köçürmüşdür. Yaşadıqları evə cavabdehin əraziyə baxan elektrik montyorları tərəfindən plastik kart təchizatı olmayan mexaniki sayğac quraşdırılmışdır, yəni 2017-ci ilədək evlərinə kart vasitəsilə idarə olunan sayğacdan istifadə etməmişlər. Cavabdeh X1ra qarşı qərəzli və saxta mövqeyi ondan ibarətdir ki, guya onlar 1993-cü ildən 2017-ci ilədək müddətdə dövlətin elektrik enerjisinin də haqqı ödənilməyən enerji haqqını ödəmədən istifadə etmişlər, bu səbəbdən elektrik sərfiyyatına görə onların hesabına 3400 (üç min dörd yüz) manatdan artıq borc yaranmışdır. Onda ortaya belə bir sual çıxır ki, 1993-cü ildən 2017-ci il müddətinə qədər sadə sayğac vasitəsilə istifadə etdikləri elektrik enerjisinə görə dövlətin cavabdehin hesabına köçürdüyü vəsait haraya və nəyə sərf olunmuşdur? Böyük saxtakarİıqlar cavabdehin özündə ve onun inzibati ərazi vahidinin kəndlərinə, o cümlədən yaşadıqları kəndə nəzarət edən əməkdaşlarında və elektrik montyorlarındadır. İddiaçılar olaraq məhkəməyə bəyan edirlər ki, yalnız 2017-ci ildən başlayaraq onlar məcburi köçkün ailələrinə verilən aylıq çörəkpuluna əlavə olaraq yanacaq pulu da verilməyə başlamış və bundan sonra istifadə etdikləri (heç vaxt onların adına sayğac sənədləşdirilməyib) X3 adına olan, onların ailəsi ilə heç bir əlaqəsi olmayan sayğacın hesabına hər ay pul köçürməyə başlamışlar. Ədalət mühakiməsinə o faktı da bildirirlər ki, cavabdehin əraziyə təhkim olunmuş elektrik montyorları tərəfindən 2017-ci ilədək müddətdə sayğacdəyişdirmə əməliyyatları dəfələrlə aparılmış, X3 adına olan sayğacdan əvvəl Şəmkir rayonunun Dağ Cəyir kənd sakini Zakir Haqverdiyev adlı vətəndaşın adına olan sayğacı onların evinə quraşdıranda buna qəti etiraz etmişlər ki, “tez-tez nə sayğacdəyişmə əməliyyatıdır aparırsınız?”. Montyor Əhliman onlara bildirmişdir ki, “sizə bunun nə aidiyyəti var, onsuz da əvəzinizə X6 hesabına dövlət tərəfindən pul köçürülür”. Məhkəməyə onu da bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci ildə imzaladığı fərmanda göstərmişdir ki, elektrik enerjisi sərfiyyatına ayrılan vəsait məcburi köçkün ailələrinə verilən çörəkpuluna əlavə edilsin. Bundan sonra da 2023-cü ilədək istifadələrində olan başqasının- X3 adına rəsmiləşdirilmiş elektrik sayğacına istifadə etdikləri enerjiyə görə poçt vasitəsilə pul köçürmüşlər. Smartkart vasitəsilə idarə olunan elektrik sayğacı isə onların evə montyor Təbriz Abdullayev tərəfindən 2023-cü ilin may ayında quraşdırılmış, həmin sayğacın kartını isə onlara vermədən çıxıb getmişlər. Mamed və Məhəmməd adlı montyorlar, yeni- 2023-cü ilin avqust ayının 23-də həmin kartla idarə olunan sayğacı gəlib söküb aparıblar ki, “rəhbərliyin göstərişidir, sizin külli məbləğdə, 1993-cü ildən 2017-ci ilədək müddətdə dövlətə borcunuz yaranıb”, halbuki borcun yaranma səbəbi və izahı ortada yoxdur. 2023-cü ilin avqust ayının 23-dən evləri işıqsız qalıb. Heyvandarlıq təsərrüfatı ilə məşğul olduqlarına görə, altı nəfərdən ibarət ailə üzvləri yataqda yaşamağa məcbur olmuşlar. Cavabdeh X1ra qarşı bu cür özbaşına, üzdəniraq hərəkətləri onların konstitusion hüquqlarının birbaşa pozulması deməkdir. 2017-ci ilədək müddətdə əgər onların yanacaq-enerji sərfiyyatına görə ödənişlər dövlət tərəfindən ödənilmişsə, onların cavabdehə enerji sərfiyyatına görə pul borclu ola bilərlərmi? Cavabdehin tələbi heç bir məntiqə sığışmır. Məhkəmə araşdırmaları zamanı hər şeyə aydınlıq gətiriləcəkdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki: 1) istehlakçının aylıq enerji sərfiyyatının miqdarını, dəyərini və ödənişini özündə əks etdirən dövriyyə cədvəlindən görünür ki, **********00014 saylı istehlakçı kodu ilə "xxxx" ASC-nin “ORACLE” məlumat satış bazasında Səfər Yusifov adlı şəxs məişət abonenti kimi qeydiyyatda olmaqla hazırda abonentin 36,92 manat (otuz altı manat- 92 qəpik) məbləğində borcu vardır. 2) İstehlakçının aylıq enerji sərfiyyatının miqdarını, dəyərini və ödənişini özündə əks etdirən digər dövriyə cədvəlindən görünür ki, **********00001 saylı istehlakçı kodu ilə "xxxx" ASCnin “ORACLE” məlumat satış bazasında Minayə Qurbanova adlı şəxs məişət abonenti kimi qeydiyyatda olmaqla hazırda abonentin 60,68 manat (altmış manat-68 qəpik) məbləğində borcu vardır. 3) İş üzrə toplanılmış sənədlərə əlavə edilmiş “İstehlakçının aylıq enerji sərfiyyatının miqdarını, dəyərini və ödənişini özündə əks etdirən dövriyyə cədvəli”ndən görünür ki, **********00134 saylı istehlakçı kodu ilə "xxxx" ASC-nin “ORACLE” məlumat satış bazasında Zakir Haqverdiyev adlı şəxs məişət abonenti kimi qeydiyyatda olmaqla hazırda abonentin 3431,34 manat (üç min dörd yüz otuz bir manat- 34 qəpik) məbləğində borcu vardır. Toplanılmış sənədlərə əlavə olunmuş abonent Zakir Haqverdiyev haqqında əməkdaşlar tərəfindən X2 Qaydalarının ("EEİQ"-nin) tələbinə uyğun tərtib edilmiş 18 noyabr 2020-ci il tarixli R № 202093 nömrəli aktın surətindən görünür ki, həmin gün əməkdaşları tərəfindən abonentin yaşayış evi üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilən zaman aşkar edilmişdir ki, "abonent sayğacdan kənar xətt vasitəsi ilə X2 edir". Odur ki, aşkar edilmiş enerji pozuntularına dair sözügedən akt tərtib olunmuşdur. Tərtib olunmuş həmin akta əsasən "xxxx" ASC-nin Qərb regional enerji təchizatı və satışı idarəsinin (bundan sonra-Qərb RETSİ) nəzdində fəaliyyət göstərən Aktlar üzrə komissiya tərəfindən abonentə 180 gün üçün dəyəri 419,46 manat təşkil edən 3077 kvt/s miqdarında itirilmiş enerjinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Göstərilən məbləğ də debitor borc olaraq abonent Z.Haqverdiyevin istehlakçı koduna işlənmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq olunmuş "EEİQ"-nin 1.3-cü bəndinin tələbinə görə enerjinin alğı-satqısına dair tərəflər arasında müqavilə bağlanılmalıdır. İş materiallarına əlavə edilmiş, X6 rəhbərliyinin Qərb RETSİ-nin rəhbərliyinə ünvanladığı 06 may 2024-cü il tarixli 323 saylı xidməti məlumatın surətindən görünür ki, hazırkı iş üzrə İddiaçı1, İddiaçı4, İddiaçı3 və X5 adları X6 “ORACLE” proqramı üzrə kompyuter bazasında abonent kimi qeydiyyatda yoxdur, həmin şəxslərlə enerji təchizatı müəssisəsi arasında enerjinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Buna görə də tərəflər arasında öhdəlik hüququ yaranmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, İddiaçı1 və yuxarıda adları qeyd olunan digər iddiaçılarla enerji təchizatı müəssisəsi arasında enerjinin alqı-satqısına dair müqavilə bağlanmamış, tərəflər arasında enerji ilə bağlı heç bir hüquqi münasibət yaranmamışdır. Deməli, İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 "xxxx" ASC-yə qarşı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Ona görə də cavabdeh olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçıların iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır, belə ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və X5 adları X6 “ORACLE” proqramı üzrə kompyuter bazasında abonent kimi qeydiyyatda yoxdur; iddiaçılarla enerji təchizatı müəssisəsi arasında enerjinin alğı-satqısına dair müqavilə bağlanmamış, buna görə də tərəflər arasında öhdəlik hüququ yaranmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, İddiaçı1 və yuxarıda adları qeyd olunan digər iddiaçılarla enerji təchizatı müəssisəsi arasında enerjinin alqı-satqısına dair müqavilə bağlanmamış, tərəflər arasında enerji ilə bağlı heç bir hüquqi münasibət yaranmamışdır. Deməli, İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 "xxxx" ASC-yə qarşı iddia qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı2 iştirak etdiyi 13 iyun 2024-cü il tarixli məhkəmə hazırlıq iclasındakı izahatında iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçıların hamısı bir ailənin üzvləri olmaqla eyni ünvanda yaşayırlar: İddiaçı1- onun anası, İddiaçı4-onun bacısı və İddiaçı3onun həyat yoldaşıdır. Onların heç bir borcu yaranmadığı halda, "xxxx" ASC onlardan enerji haqqı olaraq 3400 (üç min dörd yüz) manat borcun ödənilməsini tələb edir. Həmin borc iddiaçıların deyil, başqa şəxsin adına yaranmış borcdur, bununla bağlı X8nə müraciət etsələr də, nəticəsi olmamışdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan: "xxxx" ASC-nin abunəçi Səfər Yusif (abunə № **********00014) barəsində “Abunə haqqında” 26 aprel 2021-ci il tarixli çıxarışından görünür ki, abunəçinin 36,92 manat borcu vardır. İş materiallarında olan: "xxxx" ASC-nin abunəçi X3 (abunə № **********00001) barəsində “Abunə haqqında” 13 iyun 2023-cü il tarixli çıxarışından görünür ki, abunəçinin 60,68 manat borcu vardır. İş materiallarında olan: "xxxx" ASC-nin abunəçi Zakir Haqverdiyev (abunə № **********00134) barəsində “Abunə haqqında” 26 aprel 2021-ci il tarixli çıxarışından görünür ki, abunəçinin 3431,34 manat borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra: Konstitusiya) 60-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin yeddinci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun: -18.1-ci maddəsinə əsasən, elektrik enerjisinin təchizatçısı elektrik enerjisinin topdan və ya pərakəndə satışını həyata keçirir. -18.5-ci maddəsinə əsasən, elektrik enerjisi təchizatçısının vəzifələri aşağıdakılardır: 18.5.1. elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, habelə bu Qanunun 6.4-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə (elektroenergetika sektorunda tənzimləyicinin göstərişləri nəzərdə tutulur-hakimin qeydi) əməl etmək; 18.5.2. istehlakçı qrupları üzrə elektrik enerjisi təchizatının şərtlərini rəsmi internet saytında dərc etmək; 18.5.3. istehlakçılara onların hüquqlarını, vəzifələrini, habelə sərbəst istehlakçılara elektrik enerjisinin təchizatçısını seçmək hüququnu izah etmək; 18.5.4. öz təşəbbüsü ilə istehlakçı (sərbəst olmayan istehlakçılar istisna olmaqla) ilə bağlanılmış müqavilə şərtlərinin dəyişdirilməsi nəzərdə tutulan tarixdən 1 (bir) ay əvvəl istehlakçıya bu barədə bildiriş təqdim etmək (göndərmək); 18.5.5. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), tənzimləyiciyə, bazar operatoruna, bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq müqavilə bağladığı ötürücü və (və ya) paylayıcı sistem operatoruna və elektrik enerjisinin istehsalçısına elektrik enerjisi bazarında fəaliyyətinə dair topdansatış bazarı qaydaları ilə müəyyən edilən hesabatlar və məlumatlar təqdim etmək; 18.5.6. bu Qanunun 28.2-ci maddəsinə uyğun olaraq ötürücü və ya paylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş elektrik enerjisinin dəyəri barədə hesab təqdim etmək; 18.5.7. istehlakçı ilə bağlanılmış elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq elektrik enerjisinin tələb olunan həcmdə və keyfiyyətdə verilməməsi nəticəsində istehlakçıya vurulmuş ziyanı ödəmək. -18.6.-cı maddəsinə əsasən, elektrik enerjisi təchizatçısının hüquqları aşağıdakılardır: 18.6.1. ötürücü və (və ya) paylayıcı sistem operatorlarından müvafiq olaraq ötürmə, yaxud paylama xidmətlərinin göstərilməsini tələb etmək; 18.6.2. istehlakçıya təqdim edilmiş hesaba uyğun olaraq ondan istehlak etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsini tələb etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”nın (bundan sonra: “X2 qaydaları”): -8.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. -8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur; -8.14-cü bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir; -8.15-ci bəndinə əsasən, ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçılarla "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə mövcud deyildir, bununla da tərəflər arasında öhdəlik hüququ yaranmır. Ona görə də iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onların faktiki istifadələrində olan fərdi yaşayış evində quraşdırılmış sayğaca əsassız olaraq hesablanmış 3400 (üç min dörd yüz) manat debitor borcun silinməsi” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə ( “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-594/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-594/2024
25.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver