Məhkəmə qərarları › İş №2(040)-862/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-862/2025

06.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-862/2025 06.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və Cavabdeh İstehsal Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı “abonentə əsassız hesablanmış debitor borcun silinməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, ona Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1431,65 AZN (bir min dörd yüz otuz bir manat-65 qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onlar Kəlbəcər rayonundan məcburi köçkün kimi Gəncə şəhəri Əziz Nəzərov küçəsi "2 nömrəli körpü idarəsinin binasında" ev 1a-da yataqxana şəraitində müvəqqəti məskunlaşmışlar. Həmin müvəqqəti yaşayış binası Cavabdeh Gəncə X3 idarəsi tərəfindən təbii qazla təmin olunmuşdur. Qeyd olunan müvəqqəti yaşayış sahəsində üç məcburi köçkün ailəsi məskunlaşmışdır. Üç ailənin istifadəsi üçün ümumi qaz sayğacı qoyulmuş və hər bir ailə də binaya gələn ümumi qaz xəttindən istifadə etmişdir. Qazın dəyəri məcburi köçkün olduqlarına görə dövlət tərəfindən, yəni "Qaçqınkom" tərəfindən qarşılanmışdır. Ailə üzvlərinin sayı 2009-cu ilə qədər 4 nəfərdən, 2009-2011-ci illərdə üç nəfərdən, 2011-2016-cı illərdə 4 nəfərdən, 2016-2017-ci illərdə 5 nəfərdən, 2017-ci ildən etibarən isə 6 nəfərdən ibarət olmuşdur. 2017-ci ilin 11 yanvar tarixində ümumi qaz sayğacı dəyişdirilərək hər ailə üçün fərdi smart tipli qaz sayğacı qoyulmuşdur. Həmin vaxt onlardan hər hansı borc məbləği tələb edilməmiş, borc barədə onlara hər hansı bildiriş və ya digər rəsmi sənəd təqdim edilməmişdir. 15 aprel 2025-ci il tarixdə həmin smart tipli qaz sayğacı dəyişdirilərək əvəzində mexaniki tipli qaz sayğacı qoyulmuşdur. Bu zaman da sayğacın dəyişdirilməsi üçün qaz sayğacının istismara qəbul aktına imza etmişdir. Həmin vaxt da ona hər hansı borcunun olmadığı bildirilmişdir; imzalanmış aktda da har hansı borcla bağlı qeyd aparılmamışdır. Əksinə sayğacın üzərində isə 60 qəpik pul olması aktda qevd edilmişdir. Lakin bundan sonra qaz istismar sahəsinin əməkdaşı tərəfindən onlara sərfiyatın ödənişi barədə 03 may 2025-ci il tarixli bildiriş təqdim edilmişdir. Bildirişlə tanış olduqda görmüşdür ki, onlara 1431,65 AZN (bir min dörd yüz otuz bir manat-65 qəpik) borc yazılmışdır. Onlar bundan təəccüblənərək səbəbini öyrənmək üçün Qaz İstismar İdarəsinə yaxınlaşmışlar. Oradan onlara hər hansı məlumat verilməmiş və onların borcla bağlı hər hansı məlumatları olmadığını bildirmişlər. Buna görə da onları X3 İdarəsinə göndərmişlər. Oradan isə onlara bildirilmişdir ki, bunun səbəbi "Qaçqınkom"la bağıdır. Buna görə də borcun bir hissəsini "Qaçqınkom"a müraciət edərək oradan veriləcək arayış əsasında sildirmək olar. Lakin borcun qalan hissəsinin yaranma səbəbi barədə onlar da məlumat bilmirlər. Buna görə də məhkəməyə müraciət etmələrini məsləhət görürlər. Göründüyü kimi cavabdeh orqan onlara səbəbi bəlli olmayan, heç bir əsası olmayan qanunsuz borc hesablamışdır. Əgər həqiqətən də onların qaz sərfiyatına görə borcları olsa idi, bu iki dəfə qaz sayğacı dəyişərkən onlara bildirilər və bu vaxta qədər tələb edilərək ödənilərdi. 2017-ci ildən 2025-ci ilədək onlarda smart tipli kart vasitəsilə yüklənən qaz sayğacı olmuşdur. Həmin vaxt borc hesablanması münkün deyildir. Hazırda da mexaniki tipli qaz savğacı istifadə edirlər. “Asan xidmət” Mərkəzindən aldıqları saldodan isə görünür ki, həmin 1431,65 AZN (bir min dörd yüz otuz bir manat-65 qəpik) borc 2011-2017-ci illərə aiddir. Bu isə mümkün deyil. Çünki həmin vaxtlar qaz sərfiyatına görə ödənişlər məcburi köçkün olduqlarından "Qaçqınkom" tərəfindən qarşılanmışdır. İndi isə cavabdeh orqan tərəfindən onlara bildirilir ki, ya borc ödənilməlidir, ya da ki qaz təminatı dayandırılacaqdır. O da bu haqsızlığa qarşı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, həmin borc əsassız olaraq hesablanmışdır və bu borc silinməlidir. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 25 iyun 2025-ci il tarixdə keçirilmiş və məhkəmə baxışı iclası 21 iyul 2025-ci il tarixə təyin edilmiş, prosessual zərurətlə əlaqədar 05 avqust 2025-ci il və 06 avqust 2025-ci il tarixlərə təxirə salınmışdır. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh İstehsal Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini rədd edərək izahatında bildirmişdir ki, İddiaçı debitor borcu təbii qazdan istifadəyə görə yaranmışdır. Belə ki, iddiaçı “Qaçqınkom” tərəfindən ödənilən limit həddini aşmaqla təbii qazdan istifadə etmişdir. Bununla da iddiaçının təbii qazdan istifadəyə görə 1431,65 AZN (bir min dörd yüz otuz bir manat-65 qəpik) debitor borcu yaranmışdır; burada heç bir cərimədən söhbət gedə bilməz. İddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: müqavilədən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), Cavabdeh Gəncə qaz istismarı sahəsi ilə İddiaçı arasında 07 noyabr 2012-ci il tarixdə 43469 saylı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Həmin müqaviləyə əsasən, Paylayıcı: istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) və s. vəzifələri, İstehlakçı: qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək və s. vəzifələri öhdələrinə götürmüşlər. İş materiallarında olan: Cavabdeh əməkdaşları tərəfindən 15 aprel 2025-ci il tarixdə tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli Aktın surətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), növbəti yoxlama ilə İddiaçı “ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində “İtron” tipli G-4 markalı 160ZAU**********8 nömrəli sayğac “GCZ” tipli G-4 markalı ******* nömrəli sayğacla əvəz edilmiş və aktda “qaz xəttində, sayğac olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilmədi, quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir, qaz sayğacı abonentə təhvil verildi” qeyd olunmuşdur. İş materiallarında olan: 08 may 2025-ci il tarixdə Cavabdeh tərəfindən tərtib edilmiş “Abonentin saldosu”nun surətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), abonent (№**********20000) İddiaçınun 2021-ci ilin mart ayına 01 qəpik, aprel ayına 1408,78 manat, 2025-ci ilin aprel ayına 1431,66 manat borcu yaranmışdır. İş materiallarında olan: 03 may 2025-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), abonent kodu “**********20000” olan istehlakçı İddiaçı təbii qazdan istifadəyə görə ödəməli olduğu məbləğ 1431,65 manatdır. İş materiallarında olan: 03 may 2025-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), abonent kodu “**********20000” olan istehlakçı İddiaçı təbii qazdan istifadəyə görə son olaraq 14 may 2025-ci il tarixdə 13 manat ödəniş etmişdir. həmin tarixə ödəməli olduğu məbləğ 1442,85 manatdır. İş materiallarından görünür ki, Cavabdeh işçiləri tərəfindən abonent kodu “**********20000” olan istehlakçı İddiaçı yaşadığı ünvanda 15 aprel 2025-ci il tarixdə növbəti yoxlama keçirilməklə mövcud qaz sayğacı çıxarılaraq yeni sayğac quraşdırılmışdır. Məhkəmə iş üzrə sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Belə ki: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “Qaz təchizatı haqqında” Qanun): -1-ci maddəsinin on birinci abzasından görünür ki, qaz qurğusu – qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusudur (qurğularıdır). -1-ci maddəsinin on dördüncü abzasından görünür ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. -5.5-ci maddəsinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. -5.6-cı maddəsinə əsasən, qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqısatqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). -11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. -22-1-ci maddəsinə əsasən, istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazırlır Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: -1.1-ci bəndinə əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. -5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarını əsaslandıran halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı (abonent kodu: **********20000) Cavabdeh tərəfindən hesablanmış mövcud debitor borcdan 1431,65 AZN (bir min dörd yüz otuz bir manat-65 qəpik) borc hissəsi hesabdan silinməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş, 2010-2017, 2021 və 2025-ci illəri əhatə edən abonent saldosundan (xx.xx.2025 tarixdə çap olunub; eyni məlumatlar iş materiallarında olan 05 avqust 2025-ci il tarixli saldoda öz əksini tapmışdır) görünür ki, abonentə: 2021-ci ilə 0 (sıfır) borc göstərilmiş, 2022-ci ilin əvvəlindən 2025-ci ilin aprel ayınadək olan müddət üzrə saldo hesablanmamış, 2025-ci ilin aprel ayının əvvəlinə- 1408,78 manat və 2025-ci ilin aprel ayının sonuna 1431,66 manat debitor borcun hesablandığı qeyd edilsə də, cavabdeh həmin borcun yaranma mexanizmini əsaslandırmamışdır. Bundan başqa, cavabdeh, qaz paylayıcısı olaraq “Qaz təchizatı haqqında” Qanunun 5.6-cı maddəsində nəzərdə tutulmuş qaydada istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verməli olduğu halda, bunu etməmişdir. Məhkəmə həmçinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13-cü maddəsinə əsaslanmaqla (qanunun analogiya üzrə tətbiqi) onu da qeyd etməyi zəruri hesab edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 7-ci hissəsinə əsasən, mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir (bu səbəbdən hazırki halda istehlakçının qaz təchizatçısına qarşı iddiası üzrə xidmətin qanuniliyi barədə sübutetmə yükü təchizatçının üzərinə düşməlidir). Cavabdeh tərəf iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, cavabdeh tərəf iddiaçıya tərtib etdiyi abonent saldosunda 2010-cu ildən hesablanmaqla saldo aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2, 551.2.1-ci maddələrindən görünür ki, vaxtaşırı ödənişlər haqqında tələblər üzrə beş il keçdikdə öhdəliyə xitam verilir. Deməli, iddianın məhkəməyə göndərildiyi tarixdən geriyə hesablanmaqla son beş ildən artıq müddətə saldo hesablana bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İstehsal Birliyi tərəfindən “**********20000” nömrəli abonent- İddiaçı hesablanmış 1431,65 AZN (bir min dörd yüz otuz bir manat-65 qəpik) debitor borc hesabdan silinsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar