Məhkəmə qərarları › İş №2(041)-1009/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1009/2023

07.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1009/2023 07.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Kürdəmir rayonu, Cənub Məhəlləsində yaşayan Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə İddiaçı Ağsu X3 İdarəsinin Kürdəmir Xidmət Sahəsinə 367.98 debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə istehlakçı arasında sonuncu dəfə bağlanmış qazın alqı-satqısı barədəki müqavilənin 2.3.1, 2.3.2 və 3.4-cü bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini 1 ay müddətində Bank və ya poçt şöbələri vasitəsilə tam ödəməlidir. Cavabdehin abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi cavabdeh onunlam bağlanmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh Ağsu RQİİ-nin Kürdəmir Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun və dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Cavabdeh X1 borclu olduğu məbləğin yaranması **********02680 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Cavabdeh borcu Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanına əsasən 2009-cu ilin oktyabr ayına olan borcları silinmişdir. Silinmədən sonrakı dövr ərzində 367.98 manat debitor borcu yaranmışdır. Ona görə də Kürdəmir rayonu Cənub Məhəlləsində yaşayan Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 367.98 manat debitor borc məbləğinin və iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə idditanın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdiriliş qaydada baxılmasına yol verilir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli təsdiq edilmiş aktın surətindən görünür ki, istehlakçı Cavabdeh yaşadığı Kürdəmir rayonu Cənub Məhəlləsində yerləşən yaşayış evində İddiaçı Ağsu RQİİ-nin Kürdəmir Xidmət Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edirdi. Sayğacı açaraq rezin boru birləşdirərək qazdan istifadə edir.” göstərilmişdir. Eyni zamanda, həmin aktda “Dəymiş ziyan hesablansın” qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surəti ilə müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarının 2 saylı əlavəsində Qaydaların 5.4.2-ci bəndinə uyğun olaraq vurulmuş zərər müəyyən onunarkən istifadə edilmiş qazın dəyəri 3 aydan çox olmayan müddət və sutkanın 24 saatı ərzində qazdan yararlanması nəzərə alınmaqlaistifadə edilən qaz sayğacının markasına uyğun itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 3679.8 kub.metr hesablanmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh məxsus **********02680 nömrəli Abonentin saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə 367.98 manat borcunun olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və İddiaçı İB-nin Ağsu RQİİ Kürdəmir Xidmət Sahəsi tərəfindən Cavabdeh gördərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, təbii qazdan istifaldəyə görə yaranmış 367.98 manat məbləğində debitor borcunu ödəməsi ilə bağlı ona xəbərdarlıq edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən edir ki, Cavabdeh təbii qazdan istifadəyə görə İddiaçı Ağsu X4 İdarəsinin Kürdəmir Xidmət sahəsinə 367,98 manat borcu var. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti tələb etməkdə haqlıdır. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” reyestrdən çıxarışdan görünür ki, Cavabdeh məhkəmə bildirişini qəbul etmiş, lakin qəbul etdiyi tarixdən 10 (on) iş günü müddəti keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, müəyyən olunmuş müddət ərzində iddiaya qarşı etirazının daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağrılmaqla dindirilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına maneə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, İddiaçı Ağsu X4 İdarəsi ilə Kürdəmir rayonunun Cənub məhəlləsində yaşayan Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh istifadə etdiyi təbii qazın dəyərini hər ay iddiaçıya ödəməsi ilə bağlı öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən bu Məcəllə il əvə müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, iddiaçı 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 364,98 manat əsas borc və 30,40 manat dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 364,98 manat əsas borc və 30,40 manat dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar