Məhkəmə qərarları › İş №2(041)-245/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-245/2025

24.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-245/2025 24.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 2100.13 manat borc və ödənilmiş 41.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00028 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı "xxxx" ASC-yə cəmi 2100.13 manat borcu yaranmışdır. Həmin borcun 805.28 hissəsi onun faktiki istifadə etdiyi, lakin elektrik enerjisinin haqqının vaxtında ödəməməsi səbəbindən, 1294.85 manat hissəsi isə cavabdeh tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulması haqqında tərtib olunmuş müvafiq aktlara əsasən yaranmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəfin izahatını və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 817810 nömrəli elektrik enerjisinin alqı-satqısı müqaviləsinin surətinə əsasən "xxxx" ASC Kürdəmir rayonu Çərtəyəz kəndində yaşayan istehlakçı Cavabdeh elektrik enerjisi ilə təchiz etməyi, Cavabdeh isə istifadə edilmiş elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan aktların surətlərindən görünür ki, Cavabdeh adına xx.xx.2022-ci il tarixli R 258821 nömrəli akt üzrə 635.76 manat borc, xx.xx.2022-ci il tarixli R 310340 nömrəli akt üzrə 288.34 manat və xx.xx.2024-cü il tarixli R 340083 nömrəli akt üzrə 370.75 manat borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli bildirişin surətinə əsasən Kürdəmir rayonu, Çərtəyəz kəndində yaşayan istehlakçı Cavabdeh elektrik enerjisindən istifadəyə görə 1515.18 manat məbləğində borcun 7 gün müddətində ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan abunə haqqında xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Cavabdeh "xxxx" ASC-yə borcu 2110.13 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmış, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı cavabdehi elektrik enerjisi ilə təmin etsə də, cavabdeh öhdəliyini pozaraq bunun əvəzində yaranmış borcu ödəməmişdir. Eyni zamanda iş materiallarında olan aktlardan müəyyən edilir ki, cavabdeh elektrik sayğacına və elektrik xətlərinə müdaxiləsi nəticəsində elektrik enerjisindən kənar istifadə etmişdir. Həmin aktlar mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”-na görə elektrik enerjisindən istifadəyə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Lakin, xx.xx.2022-ci il tarixli R 258821 nömrəli, xx.xx.2022-ci il tarixli R 310340 nömrəli və xx.xx.2024-cü il tarixli R 340083 nömrəli aktlar üzrə hesablaşma dövrü bir aydan artıq götürülmüşdür. Məhkəmə həmin aktlar üzrə hesablaşmanı azaldaraq bir ay üçün olan zərəri əsaslı hesab edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarının 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin qərarın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qərarın 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Məhkəmə qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”-na görə elektrik enerjisindən istifadəyə görə hesablaşma dövrü bir aydan artıq götürüldüyündən elektrik enerjisindən istifadəyə görə aktlar üzrə 30 gün götürülməklə hesablaşma aparılmalı, həmin aktlar üzrə hesablanan borcun məbləği azaldırılaraq bir ay üçün olan zərər əsaslı hesab edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh elektrik enerjisindən istifadəyə görə xx.xx.2022-ci il tarixli R 258821 nömrəli akt üzrə (1.1 kvt x 24 saat x 30 gün = 792 kvts x 0.11 man = 87.12 man) 87.12 manat, xx.xx.2022-ci il tarixli R 310340 nömrəli akt üzrə (1.1 kvt x 24 saat x 30 gün = 792 kvts x 0.13 man = 102.96 man) 102.96 manat, xx.xx.2024-cü il tarixli R 340083 nömrəli akt üzrə (2.1 kvt x 24 saat x30 gün = 1512 kvts x 0.13 man = 196 man) 196 manat olmaqla (87.12+102.96+196=386,08) hesablaşma aparılmalı,1191,36 manat məbləğində pul (2100,13- 1294.85+386,08=1191,36) "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh elektrik enerjisindən istifadəyə görə 1191,36 (min yüz doxsan bir manat otuz altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar