Məhkəmə qərarları › İş №2(041)-294/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-294/2024

22.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-294/2024 22.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış pul vəsaitinin silinməsi tələbinə dair mülki işə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona Kürdəmir rayon məhkəməsində 2669,25 manat debitor borcun və ödənilmiş 30,40 manat borcun tutulması tələbi ilə bağlı iddia qaldırmışdır. Həmin işə Kürdəmir rayon məhkəməsində həmin işə baxılaraq ”Azəriqaz” İstehsalat Birliyinin iddia tələbinin qismən təmin edilməsi barədə xx.xx.2022-ci il tarixli, 2(041)-218/2022 nömrəli qətnamə qəbul edilmişdir. Məhkəmə gedişi zamanı tərəfindən qaz pulunun ödənilməsi ilə bağlı çoxlu sayda ödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Onun təqdim etdiyi ödəniş qəbzləri araşdırılmış və məlum olmuşdur ki, onun tərəfindən bütün ödənişlər həyata keçirilmişdir. Lakin cavabdeh onun hesabına əsassız olaraq debitor borc yazmış və yazılmış borc əsasən 2010-2016-cı illərdə yazılmışdır. Bundan sonra o, qətnaməni dəfələrlə “Azəriqaz” İB-nə və Ağsu İcra və Probasiya şöbəsinə etməsinə baxmayaraq 1667,15 manat borc onun hesabından silinmir. Bununla bağlı Azəriqaz” İstehsalat Birliyinə müraciət etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. O, Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qanunsuz yazılmış 1677,15 manat pul vəsaitinin (debitor borcunun) hesabından silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də əsassız hesab edilmiş 1677,15 manatın hesabından siloinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə idditanın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdiriliş qaydada baxılmasına yol verilir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə cavabdeh İddiaçı prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-218/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, ”Azəriqaz” İstehsalat Birliyinin İddiaçı qarşı təbbi qazdan istifadəyə görə yaranmış 2638.85 manat borc məbləğindən 992.70 manat debitor borc və ödənilmiş dövlət rüsumuna görə 15 manat İddiaçı tutularaq Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi qət olunmuşdur. İş materiallarından görünür ki, təbii qazdan istifadəyə görə ”Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 1677,15 manat məbləğində debitor borc 2010-2018-ci illər üzrə hesablandığından onun hesabından silinməlidir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” reyestrdən çıxarışdan görünür ki, cavabdeh Azəriqaz” İstehsalat Birliyi məhkəmə bildirişini qəbul etmiş, lakin qəbul etdiyi tarixdən 10 (on) iş günü müddəti keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdeh Azəriqaz” İstehsalat Birliyinə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, müəyyən olunmuş müddət ərzində iddiaya qarşı etirazının daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağrılmaqla dindirilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına maneə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamı qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prsessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu ödəməkdən azad edildiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə müvafiq olaraq 30 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İsehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 1677,15 manat məbləğində borc iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesabına yazılmış 1677,15 manat məbləğində debitor borc onun hesabından silinsin. Cavabdeh “Azəriqaz” İsehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar