Məhkəmə qərarları › İş №2(041)-903/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-903/2025

21.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-903/2025 21.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş məhrum əri X7 adına vərəsəlik şəhadətnaməsi verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən ümumi sahəsi 114.5 kv.m olan fərdi yaşayış evi və 0.20 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət kimi əri X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və çıxarış verilmişdir. X10 xx.xx.2022-ci ildə vəfat etmişdir. X3 yetkinlik yaşına çatandan sonra ölkə hüdudlarından kənarda yaşayır, yaşadığı yeri və ünvanı haqqında heç bir məlumatı yoxdur. Qızı X1 rayonunda yaşayır, vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasına etiraz etmir. Oğlu Saleh barəsində məlumatsız olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən ona imtina edilmişdir. Yaranmış vəziyyəti nəzərə alaraq, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar buraxılmış müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən ümumi sahəsi 114.5 kv.m olan fərdi yaşayış evi və 0.20 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət kimi X8 adına qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri kimi X11, İddiaçı və X9 göstərilmişdir. - Kürdəmir rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ №246939 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022ci il tarixdə Kürdəmir rayonu Ərşəli kəndində ölmüşdür. - Kürdəmir Regional “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ailə tərkibində özü, əri X11 (xx.xx.1954-ölüb), X2 (xx.xx.1981) və X3 (xx.xx.1983) göstərilmişdir. - Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin İddiaçı müraciətinə xx.xx.2024-cü il tarixli 959 nömrəli cavab məktubunda bildirilmişdir ki, oğlunuz gələ bilmədiyi və etibarnamə vermədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Məhkəmə iddiaçının izahatını dinləyib, habelə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən ümumi sahəsi 114.5 kv.m olan fərdi yaşayış evi və 0.20 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət kimi X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına çıxarış verilmişdir. X10 xx.xx.2022-ci ildə ölmüş, miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə İddiaçı müraciətinə imtina edilmiş, əsas kimi X3nun Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə getməməsi və etibarnamə vermədiyi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hazırki iş üzrə də, Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən ümumi sahəsi 114.5 kv.m olan fərdi yaşayış evi və 0.20 ha həyətyanı torpaq sahəsi X8, İddiaçı və X5 ümumi birgə mülkiyyətindədir. Ümumi birgə mülkiyyətçilərdən X11 xx.xx.2022-ci il tarixdə ölmüş, X5 isə hazırda yaşadığı yer haqqında məlumat yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Hazırki işin müəyyən edilən hallarından görünür ki, ölən şəxsin vərəsəsi X9 (xx.xx.1983) ölkə ərazisi hüdudlarından kənarda yaşadığı üçün notariat orqanına gedə bilməmiş və ona görə də, mirasın qəbul edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Beləliklə, vərəsəliyə çağırılmış vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi faktının rəsmiləşdirilməsi notariat qaydasında həyata keçirilir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ isə subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ümumi birgə mülkiyyətdə olan, Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən ümumi sahəsi 114.5 kv.m olan fərdi yaşayış evi və 0.20 ha həyətyanı torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi cavabdeh Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilməlidir. İddiaçı iddia tələblərində xx.xx.2022-ci il tarixdə vəfat etmiş məhrum əri X7 adına vərəsəlik şəhadətnaməsi verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi digər tələbləri də əhatə etdiyindən, iddia tam olaraq təmin edilmiş hesab olunur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Ümumi birgə mülkiyyətdə olan, Kürdəmir rayonu, Ərşəli kəndində yerləşən ümumi sahəsi 114.5 kv.m olan fərdi yaşayış evi və 0.20 ha həyətyanı torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi cavabdeh Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar