Məhkəmə qərarları › İş №2(042)-1131/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1131/2025

28.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1131/2025 28.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi tələbi barədə iddia tələbi üzrə mülki iş (açar sözlər: kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi üzrə mübahisələr) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən 1000 manat kompensasiya ödənilməklə cavabdehin mülkiyyət hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi onun və cavabdehin paylı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin sahəsi 46.80 kvm., torpaq sahəsi isə 0.18 hektardır. Həmin ünvanda yerləşən yaşayış evindən 5/6 hissə ona, 1/6 hissə cavabdehə, torpaq sahəsindən də 5/6 hissə mənə, 1/6 hissə isə cavabdehə məxsusdur. Cavabdeh fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölgüsü, həmçinin fərdi yaşayış evinə köçürülmə ilə bağlı iddia qaldırmış, torpaq sahəsinin naturada bölünməsi ilə əlaqədar iddiası təmin olunmuş, digər iddiaları təmin edilməmişdir.Ali Məhkəmənin sonuncu xx.xx.2025-ci il tarixli 2( 102)- 1574/2025 saylı Qərarında yaşayış evinə köçürülmənin mümkün olmamasının səbəbləri izah olunmuşdur. Qərarda göstərilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 434/2022 nömrəli 24 avqust 2024-cü il tarixli qətnaməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışa əsasən iddiaçı Cavabdeh və cavabdehin ümumi paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,18 ha torpaq sahəsindən iddiaçı Cavabdeh payı 1/6 hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılmışdır. Qətnamədə göstərilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli 10/2930 nömrəli rəyindən görünür ki, fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, bir yaşayış otağından ibarət olduğunu, mətbəx və sanitar qovşağının olmadığını, yaşayış sahəsi üzrə payına 4,0 kv.m. sahə düşdüyünü, torpaq sahəsinin isə iki tərəfdən, ayrı-ayrı istiqamətlərdən giriş-çıxışının olduğunu, sərhəd hasarının çəkilməsi zamanı hər hansı tikilinin 1/6 hissədə qalmadığını nəzərə aldıqda, ümumi sahəsi 46,8 kv.m. olan fərdi yaşayış evindən iddiaçı Cavabdeh məxsus olan 1/6 hissədə payın təcrid mənzillər şəklində naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı, ölçüsü 0,18 ha olan torpaq sahəsindən 1/6 hissədə payın ayrılması mümkün olduğu müəyyən edilir. Yəni, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli rəyində, iddiaçı Cavabdeh 1/6 hissədə payı naturada bölünərək, torpaq sahəsinə sərhəd hasarının çəkilməsi zamanı hər hansı tikilinin 1/6 hissədə qalmadığı, ümumi sahəsi 46,8 kv.m. olan fərdi yaşayış evindən iddiaçı Cavabdeh məxsus olan 1/6 hissədə payın təcrid mənzillər şəklində naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı, yalnız ölçüsü 0,18 ha olan torpaq sahəsindən 1/6 hissədə payın sxem üzrə naturada bölünərək ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Qanuni qüvvəyə minmiş Gədəbəy Rayon Məhkəməsinin 2(042)-434/2022 nömrəli 24 avqust 2024-cü il tarixli qətnaməsi ilə yalnız mübahisəli ünvanda yerləşən 0,18 ha torpaq sahəsindən iddiaçı Cavabdeh payı 1/6 hissədə Ekspertiza Mərkəzinin 04 iyul 2022-ci il tarixli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılmış, ümumi sahəsi 46,8 kv.m. olan fərdi yaşayış evindən isə iddiaçı Cavabdeh məxsus olan 1/6 hissədə payın təcrid mənzillər şəklində naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı nəzərə alınmışdır. Vavabdehin payı çox cüzi miqdar təşkil etdiyindən qanunvericilik kompensassiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi üçün əsaslar yaradır. Cavabdehə mübahisəli 0,18 ha torpaq sahəsindən 1/6 hissədə pay ayrılmışdır. Beləliklə, Cavabdeh 0,03 ha payı vardır. Gədəbəy rayonu, Qumlu kəndində yerləşən həmin torpaq sahəsi ilə əlaqədar 500 manat, fərdi yaşayış evindəki 0.4 kv.m. payına görə 500 manat olmaqla ümumilikdə 1000 manat kompensasiya ödənilməklə həm torpaq sahəsi həm də fərdi yaşayış evi illə əlaqədar mülkiyyət hüququna xitam verilməlidir.

II. Tərəflərin mövqeləri:

3.Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər. İddiaçının nümayəndsi məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 259.0.6-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

4. Azərbaycan Respublikası MPM-nin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

5. Məhkəmə işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. 6.İşdə olan Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən əmlaka 5/6 hissədə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan sənədlərdən görünür ki, ünvan 3 ünvanında yerləşən əmlaka 1/6 hissədə Cavabdeh mülkiyyət hüququ qeydə alınmışdır.

7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Məcəllənin 213.2-ci maddəsinə əsasən .şya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Məcəllənin 220.4-ci maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məcəllənin 221-ci maddəsin əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

8. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflərin ümumi paylı mülkiyyətində 5/6 hissədə iddiaçının, 1/6 hissədə cavabdehin payı vardır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin digər iştirakçısının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.Lakin iddiaçı cavabdehin payının cüzi olması və ümumi əmlakın idarə edilməsində mənafeyinin olmaması halını təsdiq edən sübutlar təqdim etməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir.

V. Nəticə:

9. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

qət etdi:

İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən : Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar