Məhkəmə qərarları › İş №2(042)-1254/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1254/2025

16.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1254/2025 16.12.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X8 və Gədəbəy rayon Notariat ofisinə qarşı "miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və payın müəyyən edilməsi tələbi barədə” mülki iş (açar sözlər: vərəsəlik hüququ üzrə mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı, cavabdeh X5 iştirakları ilə, İddiaçı cavabdehlər X8 və Gədəbəy rayon Notariat ofisinə qarşı "miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və payın müəyyən edilməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, X2ndan qalmış mirası qəbul etməsi faktının müəyyən edilib vərəsəliyin müəyyən edilməsi, JN-108A (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mərhum X2na və onlara məxsus olan Gədəbəy rayonunun Göyəlli kəndində yerləşən həyətyanı torpaq sahəsində və yaşayış evində payının müəyyən edilməsinə və naturada ayrılıb təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 23 sentyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə X2na, qardaşı X8, X10, X11 və X6 Gədəbəy rayonu Göyəlli kəndi ərazisindən 0,18 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-108A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X2 07 iyul 2024-cü ildə ölmüşdür. Hazırda cavabdeh ilə vərəsəliyin müəyyən edilməsində, paylı mülkiyyətin müəyyən edilməsində, ayrılmasında və naturada bölünməsində razılığa gələ bilmirlər. Bu səbəbdən də paylı mülkiyyətin onun payına düşən hissəsindən istifadə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdeh X13 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçı onun doğma qardaşıdır. Qardaşı həmin evi illər öncə tərk etmişdir. İddiaçı öz ailəsi ilə birlikdə hal-hazırda Mingəçevir şəhərində yaşayır. Həmin evdə əvvələr o yaşamış, lakin sonralar atası ilə aralarında narazılıq yarandığı üçün həmin evi ailəsi ilə birlikdə tərk etmişdir. Hazırda da sözgedən evə geri qayıdıb yaşamağı düşünmür. Həmçinin qardaşının da həmin evdə yaşayacağını düşünmür. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir.

5. Cavabdeh Gədəbəy rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

8. Belə ki, iş materiallarında olan; - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2024-cü il tarixdə ölmüşdür. - Gədəbəy rayon İHB-nın Göyəlli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan və Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 yaşayan ailə üzvləri (vərəsələri) kimi övladları İddiaçı və Cavabdeh2 qeyd edilmişdir. - JN-108A KOD 50513068 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarına əsasən X9 və digər 4 nəfər ailə üzvlərinə Gədəbəy rayonu, Göyəlli kəndində 0,18 ha torpaq sahəsi verilmişdir. - Gədəbəy rayon Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X1 qalmış miras əmlakla bağlı vərəsələr arasında mübahisə olduğuna görə aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

9. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X3 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir.

10. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. - 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

12. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, miras əmlakın kütləsinə miras qoyanın sağlığında qanunun tələbi əsasında malik olduğu əmlak daxildir. Qanunun tələbi isə ondan ibarətdir ki, miras kütləsinə daxil olan əmlak miras qoyanın öldüyü məqamadək mövcud olmalı və həmin əmlak miras qoyana mülkiyyət hüququ ilə məxsus olmalıdır.

13. Məhkəmə daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının yaranması əsaslarını qeyd etməyi zəruri sayır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. - 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

15. Qeyd edilən normalardan göründüyü kimi, daşınmaz əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Lakin, iddiaçı tərəfindən mərhum X7 adına mübahisəli fərdi yaşayış evinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir.

16. Məhkəmə qeyd edir ki, miras əmlakın miras kütləsinə daxil edilməsi üçün həmin əmlak qanuni əsasla miras qoyana məxsus olmalıdır. İşə əlavə edilmiş heç bir sənədlə mərhum X7 mübahisəli sözügedən fərdi yaşayış evinə mülkiyyət hüququnun olması təsdiq edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin predmeti olan Gədəbəy rayonu, Göyəlli kəndində yerləşən fərdi yaşayış evi miras kütləsinə daxil edilə bilməz. Sözgedən əmlak miras kütləsinə daxil olan əmlak olmadığından və həmin əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri yaranmadığından iddiaçının iddia tələbi həmin hissədə təmin edilməməlidir.

17. Məhkəmə X3 miras qalmış digər əmlaklarla bağlı aşağıdakıları qeyd edir.

18. Məhkəmə iclasında müəyyən olundu ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarına əsasən JN-108A KOD 50513068 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X9 və digər 4 nəfər ailə üzvlərinə Gədəbəy rayonu, Göyəlli kəndində 0,18 ha torpaq sahəsi verilmişdir.

19. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.

20. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur.

21. X12 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. X7 ölümündən sonra Gədəbəy rayonu, Göyəlli kəndində 0,18 ha torpaq sahəsinin 1/5 hissəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahəsi X3 qalmış miras kütləsinə daxil edilməlidir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

23. Məhkəmə qeyd edir ki, X7 övladları olan İddiaçı və X13 qanun üzrə birinci növbə vərəsələridir. X3 qalmış miras əmlak hər iki qanun üzrə birinci növbə vərəsələr tərəfindən qəbul edilmişdir. Belə ki, vərəsələrdən heç biri qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbulundan imtina etməmişdir. Bu hal da mülki qanunvericiliyə əsasən vərəsələrin miras əmlakı qəbul etmələrini təsdiq edir. Həmçinin vərəsə miras əmlakında yaşamasa və nəzarət etməsə belə, qanunvericilik ona yazılı ərizə ilə mirası qəbul etmək hüququ verir və bu halda miras tamamilə qəbul edilmiş sayılır. Faktiki sahiblik və ya idarəetmə yalnız mirasın qəbulunun alternativ sübutudur, lakin yeganə şərt deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci növbə qanun üzrə vərəsələrin miras əmlakdan hər birinin bərabər payları vardır.

24. Məhkəmə miras əmlakdan müəyyən edilmiş payın naturada ayrılması tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. - 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. - 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. - 220.6-ci maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

26. Göründüyü kimi, əgər şəxsin əmlaka payı müəyyən edilərsə, mülkiyyətçilər qarşılıqlı razılıqları əsasında paylarını bölüşdürə və ayıra bilərlər. Mülkiyyətçilərin bu barədə razılaşmaları mümkün olmadıqda isə mülkiyyətçi öz payının ayırılması tələb edə bilər. Hazırki vəziyyətdə mülkiyyətçilərin torpaq sahəsi üzrə paylarının bölüşdürmələri və ayırmaları barədə hər hansı razılıqlarının olub-olmamasını müəyyən etmək mümkün deyildir. Ona görə də, məhkəmə iddiaçının torpaq sahəsindən payının naturada ayrılması barədə tələbini əsassız hesab edir.

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddia qismən təmin edilməli, X1 miras qalmış, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 10 nömrəli qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş, Gədəbəy rayonu, Göyəlli kəndində yerləşən 0,18 ha torpaq sahəsindən 1/5 hissəsindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq 1/2 hissədə İddiaçı payı müəyyən edilməli və həmin mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

28. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun yarı hissəsi iddiaçı, qalan yarı hissəsi ilə Cavabdeh2 aid edilməlidir.

V. Nəticə:

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. X1 miras qalmış, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında verilmiş, Gədəbəy rayonu, Göyəlli kəndində yerləşən 0,18 ha torpaq sahəsinin 1/5 hissəsindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq 1/2 hissədə İddiaçı payı müəyyən edilsin və həmin mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) dövlət rüsumunun 50 manat hissəsi X4 alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar