Məhkəmə qərarları › İş №2(042)-13/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-13/2021

26.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-13/2021 26.01.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy Rayon Notariat Ofisinə qarşı yaşayış evinin və köməkçi sahələrin bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy Rayon Notariat Ofisinə qarşı mərhum əri X1 miras qalmış əmlaka qanun üzrə şəhadətnamə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2012-ci il tarixli, Seriya MA, ******* saylı çıxarışın etibarsız hesab edilməsi və payların yenidən müəyyən edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Məhəmməd qızı məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə verərək, mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsində yerləşən evin və yardımçı sahələrinin ona məxsus hissəsinin naturada ayrılaraq, ona verilməsi haqqında haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı Cavabdeh1 ilə onun birgə mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0.60 ha həyətyani torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 97.6 kv.m olan yaşayış sahəsi, həmçinin ümumi sahəsi 126.1 kv.m olan tövlə ayaqyolu və hamam vardır. Onlar həmin əmlaka dair DƏDRX-dən seriya MA, ******* nömrəli çıxarış almışlar. Həmin əmlak ərindən miras qalmışdır. Ancaq savadsız olduğundan mülkün 1/2 hissədə bölünməsindən xəbəri olmamışdır. Lakin evdə Cavabdeh1 yaşayır və ona evdən istifadə etməsinə maneələr törədir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, ölkə ərazisində yayılmış pandemiya əlaqədar olaraq mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə biləyəcəyini və mülki işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf etmiş, evin bölünməsi haqqında, yəni, iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy Rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə işdə iştirak etməyən digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Torpaq sahəsinin Planı və Ölçü sənədinin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 20 saylı qərarı ilə 6051.4 kv.m həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. İşdə olan Arxiv Arayışının surətindən görünür ki, X2 adına Komsomol sovxozunun qaytanlanmış kitabının 29 səhifəsində 0.25 ha torpaq sahəsi yazılmışdır. İşdə olan Arayışının surətindən görünür ki, X2 adına fərdi yaşayış evi və 0.25 ha torpaq sahəsi qeydə alınmışdır. İşdə olan sənədlərdən görünür ki, X2 adına olan fərdi yaşayış evinin layihəsi Gədəbəy Rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsində razılaşdırılıb. İşdə olan Qanun üzrə Vərəsəlik Şəhadətnaməsinin surətindən görünür ki, X2 miras əmlakına qanun üzrə vərəsə kimi İddiaçı və Cavabdeh1 tanınmışdır. İşdə olan Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşənyaşayış sahəsi 64.8 kv.m, yardımçı sahəsi 32.8 kv.m olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı və Cavabdeh1 məxsusdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 10/1124 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini iki hissəyə - iddiaçı və cavabdeh arasında bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün ümumi giriş hər ikisinin istifadəsinə verilməli, 3 və 4 saylı otaqların arasından qapı açılmaqla 1, 3 və 4 saylı otaqlar bir istifadəçiyə verilməli, 2 və 4 saylı otaqlar arasında olan qapı və pəncərə bağlanmaqla 2 və 5 saylı otaqlar digər istifadəçiyə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası MM-nin 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 64.8 kv.m, yardımçı sahəsi 32.8 kv.m olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı və Cavabdeh1 məxsusdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakdan ona düşən payının ayrılmasını tələb etmişdir. İş üzrə evin naturada bölünməsi xüsusi bilik tələb etdiyindən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəylə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini iki hissəyə - iddiaçı və cavabdeh arasında bölünməsi texniki cəhətdən mümkündür. Bunun üçün ümumi giriş hər ikisinin istifadəsinə verilməli, 3 və 4 saylı otaqların arasından qapı açılmaqla 1, 3 və 4 saylı otaqlar bir istifadəçiyə verilməli, 2 və 4 saylı otaqlar arasında olan qapı və pəncərə bağlanmaqla 2 və 5 saylı otaqlar digər istifadəçiyə verilə bilər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etmiş, evin iki hissəyə bölünməsinə etiraz etməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi giriş hissəsi iddiaçı və cavabdehin birgə istifadəsinə verilməli, 3 və 4 saylı otaqların arasından qapı açılmaqla 1, 3 və 4 saylı otaqlar bir iddiaçıya verilməli, 2 və 4 saylı otaqlar arasında olan qapı və pəncərə bağlanmaqla 2 və 5 saylı otaqlar cavabdehə verilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmiş, eləcə də iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi üçün xərc 100 manat təşkil etmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikasının MPM-in 119.1 -ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və keçirilmiş ekspertiza tədqiqatının xərci cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi giriş hissəsi iddiaçı və cavabdehin birgə istifadəsinə verilsin, 3 və 4 saylı otaqların arasından qapı açılmaqla 1, 3 və 4 saylı otaqlar İddiaçı, 2 və 4 saylı otaqlar arasında olan qapı və pəncərə bağlanmaqla 2 və 5 saylı otaqlar Cavabdeh1 verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat Cavabdeh1 alınaraq, İddiaçı ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( A MEM, VÖEN ********** AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu - 3) keçirilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar