Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1308/2025 05.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Gədəbəy rayon Notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: notariat hərəkətlərindən şikayət üzrə mübahisələr, icra qeydinin ləğvi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Gədəbəy rayon Notariat ofisinə və Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, 30 iyul 2024-cü il tarixdə Gədəbəy rayon notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 8i-4005 reyestr nömrəsi ilə qeydə alınmış icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** nömrəsindən zəng gəlmiş, zəng edən şəxs özünü Cavabdeh2ın nümayəndəsi kimi təqdim etmiş və bildirmişdir ki, onun istifadəsində olan 4169-7388-4484-1894 əmək haqqı kartına və 5239-1517-0981- 0108 saylı Birbank kredit kartına kənar müdaxilə olmuşdur, kartlar sığortalanmalıdır, bunun üçün telefon nömrəsinə göndərilən mesajı bildirməli olduğunu demişlər, o həmin şəxsin dediyi kimi etmişdir. Lakin, ondan sonra Cavabdeh2ın telefonunda olan mobil tətbiqinin işləmədini görmüşdür. xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində yerləşən Cavabdeh2 ASC-nin filialına getmiş və bankda ona bildirilmişdir ki, 4169-7388-4484-1894 kartından 2341 manat və 5239-1517-0981- 0108 saylı Birbank kredit kartından 4845 manat kredit götürülmüş, başqa bank kartına köçürülmüşdür. Bu faktla əlaqədar Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci PŞ-də HK-1/1827 saylı iş açılmış, ilkin araşdırılmalar aparıldıqdan sonra Gəncə şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmiş, AR CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi açılmış, o həmin cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. Bankın bundan məlumatı olmuşdur. Çünki bankdan hesab nömrələri və digər bank əməliyyatları ilə bağlı məlumatların götürülməsi ilə əlaqədar istintaq hərəkətləri aparılmışdır. Gədəbəy rayon Notariat ofisinin Xüsusi notariusu X1 tərəfindən xx.xx.2025-ci il tarixdə icra qeydi verilmiş, ondan 6.997,17 manat pulun və 25 manat dövlət rüsumu, cəmi 7.022,17 manat pulun alınıb banka verilməli olması göstərilmişdir. O, qeyd edilən məbləği bankdan götürməmişdir. Cinayət hadisəsi baş vermiş, o həmin cinayət hadisəsində zərərçəkmişdir. Pul məbləği onun tərəfindən əldə edilmədiyindən onun tərəfindən də ödənilməməlidir.
II. Tərəflərin mövqeləri və şahid ifadəsi:
3. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gədəbəy rayon Notariat ofisinin xx.xx.2025-ci il tarixli 8İ-4005- saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcra qeydi tam qanuna uyğun aparılmışdır. Cavabdehin qeyd etdikləri hazırkı qəbul edilmiş icra qeydi ilə heç bir bağlılığı yoxdur. Bunları subut edən sənədlər məhkəməyə təqdim edilmişdir. Bunda əlavə bir daha qeyd edirik ki, Cavabdeh2 ASC-nin Gəncə filialında iddiaçı ilə bank arasında xx.xx.2025-ci il tarixdə 59 ay müddətinə 17 faiz dərəcəsi ilə kredit müqaviləsi bağlanmış müqaviləyə əsasən iddiaçıya 6.616,34 manat kredit rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş müqavilədə, kassa məxaric orderində və digər sənədlərdə iddiaçı tərəf özü imza edərək kredit rəsmiləşmişdir. İddiaçı tərəfin iddia ərizəsində qeyd etdiklərinin bu kreditlə heç bir bağlılığı yoxdur. Bildirdiyinə görə onun kartlarına müdaxilə edilərək kredit götürmüşdür. Həmin kreditə görə isə cinayət işi açılmışdır. Əgər cinayət işi varsa, iddiaçı həmin iş üzrə zərərçəkmiş kimi tanınmışsa həmin iş yekunlaşdıqdan yəni hökm qanuni qüvvəsini aldıqdan, iddiaçının aldadıldığı subut olunarsa gələcəkdə reqres qaydada iddia qaldırmaq hüququ yaranacaq. İddiaçı həm oradan zəzrərçəkmiş kimi tanınınb pulu əldə etmək istəyir, üstəlik burada olan qanuna uyğun olaraq rəsmiləşmiş kredit üzrə borcu sildirmək istəyir. Bu bir ziddiyətdir, qanun buna icazə vermir. Hazırda qəbul edilmiş icra qeydi ilə bağlı müqavilə mübahisəli müqavilə deyil, ləğv üçün əsas ola bilməz. Bu kredit üzrə hər hansı bir aldadılmadan söhbət belə gedə bilməz. Özü filiala yaxınlaşmış və orada imza edərək krediti rəsmiləşdirmişdir. Cavabdeh tərəfindən mübahisəli kredit müqaviləsi üzrə indiyənədək cəmi 50 manat faiz borcundan ödəniş edilmişdir. Hesab edirlər ki, icra qeydinin ləğvi üçün heç bir əsas yoxdur və olada bilməz. Belə ki, iddiaçı özü müraciət etmiş və kredit müqaviləsində qeyd edilənlərə razılıq verdikdən sonra kredit rəsmiləşdirmişdir. Bununla bağlı rəsmiləşdirməni əks etdirən sənədlər yəni kredit müqaviləsi və s. iş materiallarına əlavə edilmişdir. Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Kredit üzrə iddiaçının bu günə nə qədər borcunun olmasını subut edən sənədlər işə əlavə olunub. İş üzrə İddiaçı kredit borcu təqdim edilmiş sənədlər, hesabdan çıxarış və tərəfimizdən tərtib edilmiş maliyyə arayışı ilə sübut olunur. İddiaçının xx.xx.2025-ci il tarixə 6.616,34 manat əsas 330.83 manat isə faiz, cəmi 6.947,17 manat borcu vardır. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur.
5. Cavabdeh Gədəbəy rayon Notariat ofisi məhkəməyə ərizə verərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
8. Belə ki, mülki iş materiallarında olan: - Gədəbəy rayon Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2025-ci il tarixdə aparılmış, reyestrdə 8İ-4005 nömrə ilə qeyd edilmiş icra qeydindən görünür ki, İddiaçı RGTK3322049C127 nömrəli müqavilə üzrə 6.997,17 manat ödənilməmiş əsas borc və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 7.022,17 manat məbləğində pul “Cavabdeh2 ASC-nin xeyrinə tutulmalıdır. - Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı Hüseyn Müzəffərzadə tərəfindən qəbul edilmiş 05 aprel 2024-cü il tarixli qərardan və həmin işlə əlaqədar digər sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri Məhsəti qəsəbəsi 17-ci küçədə yaşayan İddiaçı Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə ona ***-***-**-** saylı mobil nömrədən tanımadığı şəxsin zəng edərək özünü Cavabdeh2ın işçisi kimi təqdim etmiş ümumilikdə ona məxsus 4169-7388-4484-1894 nömrəli debit kart və 5239-1517- 0981-0108 nömrəli kredit kart hesabından 7186 manat pul çəkərək oğurlamasını bildirib, oğurluq etmiş naməlum şəxs(lər)in tapılıb cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş, qeyd edilən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanmışdır.
9. “Notariat haqqında” Azərbaycan Respublikasının qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
10. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı Qərarının İİ-ci bəndinə əsasən Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması görə İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 may 2025-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilməsi, göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilməsi qərara alınmışdır.
12. Məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2025-ci il tarixdə aparılmış, reyestrdə 8İ-4005 nömrə ilə qeyd edilmiş icra qeydində əsasən, İddiaçı RGTK3322049C127 nömrəli müqavilə üzrə 6.997,17 manat ödənilməmiş əsas borc və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 7.022,17 manat məbləğində pul Cavabdeh2 ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı icra qeydinin ləğv edilməsini tələb edir.
13. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh2 ASC ilə hər hansı kredit müqaviləsi bağlamadığını, kredit götürmədiyini, başqa şəxslər tərəfindən onun adına kredit götürüldüyünü və bank kartından götürülmüş pul məbləğinin oğurlandığını bildirir. Təqdim edilmiş sübutlardan görünür ki, iddiaçının bildirdiyi xüsusuatlar üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanmışdır və araşdırma aparılır. Odur ki, iddiaçı icra qeydini mübahisələndirir. Cavabdeh, yəni icra qeydini aparmış Gədəbəy rayon Notariat ofisi tərəfindən icra qeydinin əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
14. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Gədəbəy rayon Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2025-ci il tarixdə aparılmış, reyestrdə 8İ-4005 nömrə ilə qeyd edilmiş icra qeydi ləğv edilməlidir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Gədəbəy rayon Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən xx.xx.2025-ci il tarixdə aparılmış, reyestrdə 8İ-4005 nömrə ilə qeyd edilmiş icra qeydi ləğv edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov