Məhkəmə qərarları › İş №2(042)-1417/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-1417/2024

20.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-1417/2024 20.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı «qanunsuz yazılmış borcun silinməsi tələbi barədə» tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: Kommunal xərclər ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi; borcun silinməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 оğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «qanunsuz yazılmış borcun silinməsi tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, ARDNŞ Cavabdeh tərəfindən ona (Abonent kodu **********00700) sayğaca müdaxilə faktına görə qanunsuz olaraq hesablanmış 775,44 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ailə üzvlərində birlikdə Gədəbəy rayonu, Dördlər kəndində yaşayır. Yaşadıqları ev onun adınadır. Evin çxıarışı olmasa da, Gədəbəy RİHB Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz-layihəsi vardır. Eləcə də evin yerləşdiyi torpaq sahəsinin adına çıxarışı vardır. Həmin ünvanda abonent kodu **********00700 olmaqla cavabdeh X1 tərəfindən qazla təmin olunmuşdur. Ünvana “Zenner” tipli G-4 markalı, **********5 nömrəli sayğac quraşdırılmış, xx.xx.2023-cü il tarixdə “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları onun ünvanına gələrək həmin sayğacı yenisi ilə əvəzləmişlər (yeni sayğac: “Socar” tipli G-4 markalı, 10014690 nömrəli). Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Həmin vaxt cavabdeh təşkilatın əməkdaşları köhnə sayğacda hər hansı müdaxilə olduğunu bildirməmişlər və həmin sayğacı aparıb getmişlər. Yəni sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Həmin aktda istehlakçı olaraq onun imzası vardır. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2023-cii il tarixdə onun iştirakı və xəbəri olmadan xx.xx.2023-cü il tarixdə götürülmüş sayğaca baxış keçirilmiş və bu barədə ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş, guya sayğaca müdaxilə olunduğu üçün 775.44 manat borc yazılmışdır. Pozuntu kimi əvvəlki sayğacın çıxış plastmast borusunun deşildiyi qeyd edilmişdir. O, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə, həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o harasa dəvət olunmamışdur. Eləcə də yuxarıda qeyd etdiyi kimi, sayğac çıxarılan zaman X3 əməkdaşları tərəfindən ona müdaxilə olunması faktı aşkar edilməmişdir. Belə olan halda hesab edir ki, Cavabdeh tərəfindən ona 775,44 manat borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Ona görə də hesab edir ki, Gədəbəy rayonu, Dördlər kəndində yerləşən evə görə ona əsassız olaraq yazılmış 775,44 manatın X1 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.6-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

7. Belə ki, işdə olan paylayıcı X4 İstismarı İdarəsi ilə fiziki şəxs olan istehlakçı İddiaçı arasında qazın alıq-satqısı barədə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakıçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödənilməsi barədə öhdəliklər götürmüşdür.

8. İşdə olan qaz sayğacının çıxarılması, quraşıdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Gədəbəy rayonu, Dördlər kəndində yerləşən sifarişçi İddiaçı adına olan qaz sayğacı yenisi ilə əvəzlənmişdir.

9. İşdə olan təbbi qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı adına olan qaz sayğacına müdaxilə edildiyi qeyd edilmiş, dəymiş ziyanın hesablanması və dəyərinin abonent tərəfindən ödənilməsi tələb edilmişdir.

10. İşdə olan abonent İddiaçı adına olan abonent saldosundan görünür ki, akt üzrə İddiaçı 777,60 manat borc hesablanmışdır.

11. Məhkəmədə müəyyən edildi ki, X4 İstismarı İdarəsi ilə istehlakçı İddiaçı arasında Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alıq-satqısı barədə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakıçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödənilməsi barədə öhdəliklər götürmüşdür. xx.xx.2023-cü il tarixdə sifarişçi İddiaçı adına olan qaz sayğacı yenisi ilə əvəzlənmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı təbii qazdan istifadə qaydalarını pozması müəyyən edilmiş və ona 777,60 manat borc hesablanmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən ona əsassız olaraq borc hesablandığını iddia etmiş və həmin borcun silinməsini tələb etmişdir.

12. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun; - 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. - 11-ci maddənin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. - 13-cü maddəsinin 9-cu bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. - 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın; - 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. - 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. - 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). - 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. - 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

18. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir.

19. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı dəyişdirilməsi üçün götürülmüş, bununla əlaqədar aktda sayğacda hər hansı qüsürün olması qeyd edilməmiş, qaz sayğacının laboratoriyada yoxlanılıb-yoxlanılmaması barədə iddiaçıya hər hansı məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş, yalnız bir neçə ay sonra iddiaçıya borc hesablanmışdır. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul (borc) hesablanması yolverilməzdir.

20. Məhkəmə qeyd edilən hüquq normalarına əsasən bildirir ki, Cavabdeh tərəfindən qeyd edilən vurulmuş zərərin (hesablanmış borcun) ödənilməsi üçün - zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması müəyyən edilməlidir. Yalnız bu əsaslar müəyyən olunduqda istehlakçının (hazırki iş üzrə iddiaçının) üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

21. Göründüyü kimi, hazırki mülki iş üzrə Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış borca münasibətdə İddiaçıTapdıq oğlunun hər hansı təqsirinin olması müəyyən edilmədiyindən - iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən 31 avqust 2023-cü il tarixli, ******* saylı akt üzrə İddiaçı (Abonenet kodu: **********00700) hesablanmış 775,40 manat məbləğində borc silinməlidir.

22. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazır ki iş üzrə iddiaçıya 777,60 manat məbləğində əsassız borc hesablanmağına baxmayaraq iddiaçı həmin borcun 775,40 manat hissəsinin silinməsini tələb etmişdir. Ona görə də, məhkəmə tərəfindən hazırki iş üzrə verilmiş iddia tələbi həcmində qətnamə çıxarılmalıdır.

23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda iddia tələbi təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 30 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

V. Nəticə:

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən 31 avqust 2023-cü il tarixli, ******* saylı akt üzrə İddiaçı (Abonent kodu: **********00700) hesablanmış 775,40 manat məbləğində borc silinsin. İddiaçı istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar tələbi üzrə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Sədrlik edən: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar