Məhkəmə qərarları › İş №2(042)-144/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-144/2024

15.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-144/2024 15.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh2 və onun nümayəndəsi vəkil X1 iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması, miras əmlakda payların müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüquqlarının tanınması tələbləri haqqında iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mərhum anaları 01 noyabr 2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Gədəbəy şəhəri, X13 küçəsi, 21 saylı əmlakla bağlı mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması, miras əmlakda paylarının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüquqlarının tanınması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələblərini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, cavabdeh qardaşıdır. Onların ataları 1999-cu ildə, miras qoyan anaları X9 isə 01 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Analarının mülkiyyətində Gədəbəy şəhəri, X13 küçəsi, 21 ünvanında 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi olmuşdur. Analarının dörd vərəsəsi var. Analarının vəfatından sonra onlar miras qalmış evdə yaşamış, evdən istifadə etmiş, miras əmlakı qəbul etmişlər. Yaşayış evini isə o, yenidən tikdirmiş, bütün xərcləri özü çəkmişdir. Lakin hazırda cavabdeh onların evdə yaşamalarına müxtəlif maneələr yaradır, evdə yaşamalarını çətinləşdirir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı2 eyniməzmunlu izahat vermiş, iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçılar qardaşlarıdır. Onların ataları 1999-cu ildə, anaları X9 isə 01 noyabr 2020-ci il tarixdə vəfat etmişdir. Analarının mülkiyyətində Gədəbəy şəhəri, X13 küçəsi, 21 ünvanında 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi olmuşdur. Analarının vəfatından sonra miras qalmış evdə o, yaşamışdır. Qardaşları isə qonaq kimi gəlib-getmişlər. Onlar 300-400 manat miqdarında qaz istehlak etmiş, pulunu isə ödəməmişlər. Qaz verilişinin dayandırılmaması üçün qazın pulunu o, ödəməli olmuşdur. Qardaşlarının öz evləri vardır. Onlara Bakı şəhərində yaşayış yerləri almpışdır. Ona görə də iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi vəkil X3 eyniməzmunlu izahat vermiş, iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 185.6-cı maddələrinin tələblərini nəzərə alaraq, işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Çıxarışdan görünür ki, 24 may 2011-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və fərdi yayaşış evinə X4 mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olam Arayışdan görünür ki, X9 01 noyabr 2020-ci il tarixdə ölmüşdür. İşdə olan Arayşdan görünür ki, X5 məxsus təsərrüfatda onun vəfatından sonra ailə üzvləri İddiaçı1, İddiaçı2 və Cavabdeh2 yaşamış, X8 isə başqa yerdə yaşamışdır. İşdə olan X7 surətindən görünür ki, İddiaçı1 anası X6r. İşdə olan X7 surətindən görünür ki, İddiaçı2 anası X6r. İşdə olan X7 surətindən görünür ki, Cavabdeh2 anası X6r. İşdə olan Teleqramdan görünür ki, X8 mirası qəbul etməkdən imtina etmişdir. İşdə olan Gədəbəy Rayon Notariat Ofisi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli, 555 saylı məktubdan görürünür ki, X2 qalmış mirasın bölgüsü ilə bağlı vərəsələr arasında mübahisə olduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. ... Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. ... Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Həmçinin həmin qərarda göstərilmişdir ki, digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər, yəni, həm iddiaçılar, həm də cavabdeh anaları X2 miras qalmış, ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və yaşayış evini, həmin evdə yaşamaq və həyətyanı torpaq sahəsindən istifadə etməklə qanun üzrə vərəsəlik hüququ ilə birinci növbə vərəsələr kimi qəbul etmişlər. Cavabdeh iddia tələblərinə etiraz və məhkəmə iclasında verdiyi izahatında iddiaçıların evə qonaq kimi gəlib-getdiklərini bildirsə də, onların qaz istehlakı ilə əlaqədar 300-400 manat borclarının yarandığını bildirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçıların evdə qonaq kimi deyil, sahib və istifadəçi kimi yaşadıqlarını təsdiq edir. Bu hal isə əslində iddiaçıların analarından miras qalmış əmlakı qəbul etdiklərini şəksiz nümayiş etdirdikkləri kimi qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, iddiaçılar miras əmlakdan imtina da etməmişlər. Onların iddia ərizələri icraata 22 noyabr 2023-cü il tarixdə, yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı çıxarılana qədər daxil olmuşdur və həmin Qərarın təsiri dairəsinə düşür. Ona görə də iddia tələbləri qismən təmin edilməli, iddiaçılar tərəfindən anaları X2 miras qalmış əmlakın qəbul edilməsi faktı müəyyən edilməli, onların həmin əmlakdan hər birinin 1/3 hissədə payları müəyyən edilməli, həmin hissələrdə olan əmlaka mülkiyyət hüquqlarının olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri qismən təmin edilsin. İddiaçı1 və İddiaçı2 ünvan 3 ünvanında yerləşən X2 miras qalmış əmlakı qəbul etmələri faktı və həmin əmlakda 1/3 hissədə payları müəyyən edilsin və onların həmin hissədə əmlaka mülkiyyət hüquqlarının olduğu müəyyən edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat Cavabdeh2 alınaraq, İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar