Məhkəmə qərarları › İş №2(042)-288/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-288/2024

29.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-288/2024 29.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Tovuz Regional “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müddətin uzadılması, vərəsəlik hüququnun tanınması, şəhadətnaməin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Tovuz Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinə qarşı miras kütləsinə daxil olan və mərhum ataları X3 miras qalan, Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsinin və AR DƏDRX 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Gədəbəy şəhəri,İbrahim Mirzəyev küçəsi,ev 18 ünvanında yerləşən 0,25 ha torpaq sahəsində olan fərdi yaşayış evinin 1/3 hissəsinin onlar tərəfindən qəbul edilməsi müddətinin uzadılması, onların vərəsəlik hüququnun tanınması, həmin mülkə dair Tovuz Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququna dair xx.xx.2022-ci il tarixli, 2V-510 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi,onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, atası X6 xx.xx.2021-ci ildə ölmüşdür. Ondan miras olaraq Şəmkir ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsi və DƏDRX 11 saylı ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.25 ha torpaq sahəsində olan fərdi yaşayış evinin 1/3 hissəsi miras olaraq qalmışdır. Cavabdehlərdən Cavabdeh3 anası, Cavabdeh2 isə bacısıdır. Cavadehlər onun və digər iddiaçıların xəbəri olmadan cavabdeh Tovuz Regional “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə 8 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə müraciət edərək, vərəsəlik işi açmış, özlərini miras qoyanın yeganə vərəsələri kimi təqdim etmiş və cavabdeh orqan vərəsələrin dairəsini müəyyən etmədən, vərəsələr arasında mübahisənin olub-olmadığını araşdırmadan və mirasın qəbulu ilə bağlı ərizənin qanunla müəyyən edilmiş müddət ərzində verilməməsinə baxmayaraq, onlara imtina vermək əvəzinə, bir günün ərzində bütün əməliyyatları aparmaqla xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verərək hər birinin miras əmlakdakı payını ½ hissədə müəyyən etmişdir. Hesab edir ki, o və digər iddiaçılar miras qoyanın vərəsəsi olaraq miras əmlakdan qanunsuz olaraq məhrum edilmiş və buna görə də mirasın qəbul edilməsi müddətinin ötürülməsi üzürlü hesab edilərək məhkəmə qaydasında uzadılmalı, miras əmlaklara dair verilmiş qanun üzrə vərəsəlik hüququna dair xx.xx.2022-ci il tarixli şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında verilmiş çıxarış ləğv edilməli, onun və digər iddiaçıların həmin mirasa vərəsəlik payları tanınmalıdır. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı3, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək İddiaçı2 ilə eyniməzmunlu izahat vermiş, iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, iddiaçılar iddia ərizəsini məkəməyə 21 dekabr 2023-cü il tarixdə vermişlər və ona görə də mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmiş hallar nəzərə alınmaqla həll edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Vəkil2 iddia tələblərinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 onlara qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi haqqında iddia qaldırmışlar. Hesab edir ki, idida tələbi əsassızdır. Sözügedən vərəsəlik münasibətləri miras qoyan X4 ölümü ilə, yəni, xx.xx.2021-ci il tarixdə yaranmışdır. Bu səbəbdən mirasın qəbulu edilməsi müddətinin uzadılması barədə mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab etmişdir ki, Qərar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. İddiaçılar yalnız xx.xx.2023-cü il tarixdə, yəni X4 xx.xx.2021-ci ildə ölümü ilə mirasın açıldığı vaxtdan bir il üç ay sonra mirası qəbul etmək fikrinə düşmüşlər. İddiaçılar X4 ölümündən məlumatlı olmuş, lakin bu müddət ərzində miras əmlakla bağlı nə rəsmi, nə də faktiki qəbulla bağlı öz iradələrini nüamyiş etməmişlər. Həmçinin, X4 ölümüdən sonra ondan qalmış mirasın açıldığının iddiaçılara bəlli olmasına və buna hər hansı bir maneənin olmamasına baxmayaraq, iddiaçılar notariat orqanına qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbul edilməsi barədə ərizə verməmişlər. Hazırda isə iddiaçılar belə bir ərizənin verilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişlər. Bundan başqa, X1 cavabdehlər Cavabdeh3 və Cavabdeh2 baxıb qulluq etmişlər. İmanıyev Məmmədəlinin ölümündən sonra da onun mirasını faktiki olaraq Cavabdeh3 və Cavabdeh2 qəbul etmişlər. X2 İddiaçı1 və İddiaçı3 qarşı məhkəmədə iddia qaldıraraq, onların hazırki evə olan istifadə hüquqlarına xitam verilməsini tələb etmiş, Gədəbəy Rayon Məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı3 Gədəbəy şəhəri, İbrahim Mirzəyev küçəsində yerləşən 18 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı1 və İddiaçı3 1999-cu ildən etibarən Bakı şəhərinə köçmüş, yaşayış üçün evlər əldə etmiş, həmin evlərdə məskunlaşmış, mübahisəli evdə yaşamamışlar. Bu fakt onu göstərir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 nə miras qoyanın ölümündən əvvəl, nə də onun ölümündən sonra mübahisəli evdə yaşamamışlar, miras açıldıqdan sonra onu nə faktiki, nə də qanunla müəyəyn edilmiş müddət ərzində rəsmi olaraq qəbul etməmişlər. X6 xx.xx.2021-ci ildə vəfat etmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsi və Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsi X3 miras qalmış, mirası Cavabdeh3 və Cavabdeh2 başqa heç bir vərəsə qəbul etməmişdir. Sözügedən əmlaklara dair notariat orqanı tərəfindən Cavabdeh3 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsi, eləcə də Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh3 və Cavabdeh2 adına qeydə alınmışdır. Cavabdeh3 isə həmin əmlakların öz payına düşən hissəsini öz qızı Cavabdeh2 bağışlamışdır. Bu barədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar verilmişdir. Çıxarışların verilməsi tam qanuni əsaslarla olmuş, miras əmlakın qəbulu zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Yəni, X3 qalmış miras əmlakın qəbulu üçün iddiaçıların gecikmiş müddətin üzürlü sayılaraq uzadılması, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi barədə iddia tələbi tamamilə əsassızdır. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Tovuz Regional “ASAN xidmət” Mərkəzi məhkəməyə ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iştiak etməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan AZ-1824292 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1970-ci il tarixdə doğulmuşdur,, onun atası qrafasında X6, anası qrafasında X10 qeyd edilmişdir. İşdə olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.1966-cı il tarixdə doğulmuşdur,onun atası qrafasında X6, anası qrafasında X10 qeyd edilmişdir. İşdə olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1968-ci il tarixdə doğulmuşdur,onun atası qrafasında X6, anası qrafasında X10 qeyd edilmişdir. İşdə olan İİ-JQ 309171 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İmanova (Sadıxova) Vüsalə Məmmədəli qızı xx.xx.1974-cü il tarixdə doğulmuşdur, onun atası qrafasında X8, anası qrafasında X10 qeyd edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)-195/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 və İddiaçı3 Məhəmmədəli qızının X5 tam mülkiyyət hüququ ilə məxsus Gədəbəy şəhəri, İbrahim Mirzəyev küçəsində yerləşən 18 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmişdir. İşdə olan AZ-İİ 254320 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə tam pay olaraq X4 adına, evin yerləşdiyi 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə mülkiyyət olaraq X6, Cavabdeh3 və Cavabdeh2 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə tam pay olaraq X4 adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan A № 372173 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə X4 adına Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 2V-510 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsələri kimi Cavabdeh3 və Cavabdeh2 olması və onların hər birinin miras əmlakdan ½ hissə pay almalı olduğu, verilən miras əmlakın ünvan 2 ünvanında mülkiyyətdə olan 0.25 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 150.1 kv.m, yaşayış sahəsi 85.9 kv.m, yardımçı sahəsi 64.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən və həmin torpaq sahəsinin mərhuma aid hissəsindən və Gədəbəy şəhərində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən ibarət olduğu müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsi Cavabdeh2 Məmmədli qızı və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 4Ə-843 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 ümumi birgə mülkiyyətdə olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsinin ona məxsus olan hissəsini Cavabdeh2 bağışlamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 4Ə-844 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 ümumi birgə mülkiyyətdə olan, Gədəbəy şəhəri, ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin ona məxsus olan hissəsini Cavabdeh2 bağışlamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışın surətindən görünür ki, ünvan 2 (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsi tam pay olaraq Cavabdeh2 Məmmədli qızının adına qeydə alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışın surətindən görünür ki, Gədəbəy şəhəri, ünvan 4 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi tam pay olaraq Cavabdeh2 Məmmədli qızının adına qeydə alınmışdır. İşdə olan A № 798010 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 Məmmədli qızının adına Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsi ilə əlaqədar tərtib edilmişdir. İşdə olan Gədəbəy RİHB-nin Gədəbəy Şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X4 adınadır, həmin evdə X6 və Cavabdeh3 qız qeydiyyatdadır. X4 övladları İddiaçı2, Cavabdeh2, İddiaçı1, İddiaçı3 başqa ünvanda yaşayırlar. İşdə olan Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 ailə tərkibi kimi atası X8, anası Cavabdeh3, qardaşı İddiaçı1, bacısı İddiaçı3 və bacısı Cavabdeh2 göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda göstərilmişdir ki, bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bu qаydаyа görə iş iştirаkçılаrı tələb və еtirаzlаrını əsаslаndırdıqlаrı fаktlаrı isbаt еtməlidirlər. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlаr tоplаmаq hüququ vеrmir və sübutlаrın tоplаnmаsı və vеrilməsi yükünü bütünlüklə sübutеtmə yükünü dаşıyаn iş iştirаkçılаrının üzərinə qоyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hеsаb еdir ki, işin оbyеktiv həlli üçün yаlnız mötəbər sübutlаrdаn istifаdə оlunа bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı оlmаlı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, miras qoyan X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi, həmin evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsinin X5 məxsus olan hissəsi və Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsi miras qalmışdır. X4 ölümüdən sonra ondan qalmış mirası Cavabdeh3 və Cavabdeh2 qəbul etmişlər. Digər vərəsələr İddiaçı1, İddiaçı2 və İddiaçı3 atalarından qalmış mirası Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş müddətdə qəbul etməmiş, miras qəbul etmək üçün notariat orqanına heç bir ərizə verməmişlər. İddiaçılar mirasqoyanın vəfatı ilə mirasın açıldığını bilmiş, lakin mirasın açıldığı vaxtdan iki ildən çox vaxt keçməsinə baxmayaraq mirası qəbul etmələrini ifadə edən heç bir hərəkətlər etməmişlər. İddiaçılar mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək uzadılmasını tələb etsələr də, mirasın qəbulu müddətinin uzadılması üçün heç bir üzürlü səbəb göstərməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, mirasın qəbulu müddətinin uzadılması üçün əsaslar olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Eləcə də məhkəmə o qənaətə gəlir ki, miras qəbulu müddətinin uzadılması üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələblərinin digər hissəsi olan vərəsəlik paylarının tanınması, qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi tələbləri də əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, iddia ərizəsi məhkəməyə 09 yanvar 2024-cü il tarixdə, yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edildikdən sonra daxil olmuşdur və həmin qərarın təsiri dairəsinə düşmür. İddiaşılar tərəfindən təqdim edilmiş qəbz işin məhkəməyə 21 dekabr 2023-cü il tarixdə qəbul edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməməlidir. Bundan başqa, iddiaçılar miras əmlakın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etməklə mirasın qəbul edilməsi institutunun qüvvədə olması halını etiraf etmişlər. İddiaçılar iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar