Məhkəmə qərarları › İş №2(042)-36/2025

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-36/2025

08.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-36/2025 08.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki iş (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Maraqlı şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi»nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. Ərizəçi məhkəməyə ərizə verərək, Gədəbəy rayonunun Şahdağ kəndində xx.xx.2005-ci il tarixdə anadan olmuş X2 fəaliyyət qabilyyətsiz hesab edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixdə anadan olmuş X5 onun doğma oğludur. Oğlu Arzuman anadan gəlmə ruhi xəstədir və o bu xəstəlikdən əziyyət çəkir. Oğlu Arzuman anadan gəlmə özünü idarə etmək iqtidarında deyildir. Bir sözlə yeriyə bilmir, yataq xəstəsidir. Özünün hərəkət və davranışlarını bilmir. A.Sadıqovun bütün işlərində ona yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. Oğlu Arzumanın bütün işlərini o həll edir. Bunu yaxın qonşuları və Gədəbəy rayon Şahdağ kənd İƏD-üzrə nümayəndəliyinin işçiləri və digər vəzifəli şəxslərdə bunları təstiq edə bilərlər. Azərbaycan Respublikası Akedemik M.Ə.Mirqasımov adına Respublika kilniki xəstəxanasının vermiş olduğu xx.xx.2023-cü il tarixli 7409 saylı rəyində oğlu A.Sadıqova “Psixotik epizodlarla gedən ağır dərəcəli ağıl zəifliyi” diqnozu verilmişdir. A.Sadıqovun kənar şəxsin qulluğuna ehtiyacı olması qeyd edilmişdir. A.Sadıqova Gədəbəy rayon Mərkəzi Xəstəxanası PHŞ Polikilinka Şöbəsində ruhi-əsəb xəstəliklərin qeydiyyatında durur.

II. Tərəflərin mövqeləri:

3. Ərizəçi məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Maraqlı şəxs Gədəbəy rayon İcra hakimiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirdi.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

7. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, X5 birinci dərəcəli əlildir. Gədəbər Rayon Mərkəzi Xəstəxanası PHŞ Poliklinka Şöbəsində nevroloji xəstəliklərin qeydiyyatında durur. A.Sadıqova “G80.0 Kvadroplegik spastik serebral iflic, keçirilmiş uşaq serebral iflicinin dərin qalıq əlamətləri” diaqnozu verilmişdir.

8. Mülki işin icraatı zamanı məhkəmənin qərardadına əsasən X5 məhkəmə psixatrik ekspert komisyasına təqdim edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi X6 şöbəsinin xx.xx.2024-cü il tarixli, 869 saylı rəyindən görünür ki, xx.xx.2005-ci il tarixdə doğulmuş X5 “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları və uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10” (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkir. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir.

9. Göründüyü kimi, X5 öz hərəkətlərinin mənasını tam anlayıb, hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərini başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.

11. Azərbaycan Respublikasının MPM-in 305.1.3-cü maddəsinə müvafiq olaraq şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə Məhkəmə xüsusi icraat qaydasında baxır.

12. Həmin Məcəllənin 317.2-ci maddəsinə müvafiq olaraq məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.

13. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.

14. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

V. Nəticə:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 326, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Gədəbəy rayonu, Şahdağ Ərazi Dairəsi üzrə Çiçəkli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 09 sentyabr 2005-ci ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar