Məhkəmə qərarları › İş №2(042)-405/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-405/2022

03.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-405/2022 03.06.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 05.10.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən fərdi yaşayış evdən Cavabdeh istifadə hüquqlarına 3000 manat ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gədəbəy Rayon Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Məmmədrzayeva Sədaqət Musa qızına qarşı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə cavabdehə məxsus evə köçürülmə tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları Nicat və Hicranla birlikdə cavabdeh Məmmədrzayeva Sədaqət Musa qızına məxsus Gədəbəy rayonu Gərgər kəndində inşa edilmiş ümumi sahəsi 60 kv.m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2013-cü il tarixli qətnaməsi ilə cavabdeh Məmmədrzayeva Sədaqət Musa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh Məmmədrzayeva Sədaqət Musa qızına və üçüncü şəxs X2 qarşı “azyaşlı uşağı ilə birlikdə cavabdehə məxsus evə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2014-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 20 dekabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh Məmmədrzayeva Sədaqət Musa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy rayon məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.12.2014-cü il tarixli qərarı ilə cavabdeh Məmmədrzayeva Sədaqət Musa qızının kassasiya şikayəti təmin edilməmiş Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən fərdi yaşayış evi X3 və Məmmədrzayeva Sədaqət Musa qızı tərəfindən ona bağışlanmışdır. Bu barədə Gədəbəy rayon Notariat Ofisində 14.09.2021-ci il tarixdə “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən onun adına 05.10.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” elektron Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən Gərgər kəndində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.30 ha mülkiyyət hüququ ilə tam olaraq onun adına verilmişdir. Cavabdeh yetkinlik yaşına çatmayan Hicranla birlikdə qanuni qüvvəsini almış Gədəbəy Rayon Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə həmin evə köçürülmüşdür. Qeyd etdiyi kimi fərdi yaşayış evinin mülkiyyətçisi odur. Cavabdeh yetkinlik yaşma çatmayan Hicranla birlikdə həmin evə köçürülməsinə baxmayaraq 6 aydır ki, həm uşaqları ilə birlikdə Rusiya Federasiyasına getmişdir. Bu hal Gədəbəy RİHB Gərgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.12.2021-ci il tarixli, 403 saylı arayışı ilə təsdiq olunur. Həmin arayışda qeyd edilmişdir ki, Cavabdeh qeydiyyatdadır və hal-hazırda ərazidə yaşamır. Cavabdeh köçürüldüyü otağın qapısını bağlamışdır. Bununla da Cavabdeh həmin evə köçürüməsi və orda yaşaması formal olaraq qalmışdır. Bu da onu göstərir ki, Cavabdeh artıq evdə yaşamağa ehtiyacı yoxdur, yaşayış sahəsinə olan ehtiyac istifadə etməklə qarşılamaq məcburiyyətində deyildir. Göründüyü kimi Cavabdeh uşaqları ilə birlikdə Rusiya Federasiyasına yaşamaq məqsədi ilə getməklə onun mülkiyyətində olan evdən istifadə etməklə yaşayış sahəsinə olan ehtiyaclarını qarşılamaq məcburiyyəti aradan qalxmşdır. Belə olan halda Cavabdeh həin evdən istifadə hüquqlarına xitam verilməsi üçün hüquqi əsaslar yaranmışdır. Ona görə də Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 05.10.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan, Gədəbəy rayonu, Gərgər kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır. Cavabdehin həmin yaşayış sahəsində istifadə hüquqlarına xitam verilməsi qarşılığında ona 3000 manat kompensasiya təklif edir. Hesab edir ki, həmin məbləğ mübahisəli evdə yaşamayan və yaşayış ehtiyaclarını həmin evdən istifadə etməklə qarşılamayan bir şəxs üçün kifayət qədər ağlabatan məbləğdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatı dinləyib, iş materialları ilə əlaqəli şəkildə təhlil edərək iddianın əsaslı olduğu qənaətinə gəlir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Gərgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12.12.2021-ci il tarixli, 403 saylı arayışdan görünür ki, Cavabdeh Gədəbəy rayonu, Gərgər kəndində qeydiyyatdadır və hal-hazırda ərazidə yaşamır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 23 iyul 2014-cü il tarixli, 2(104)- 1230/2014 saylı qətnaməsinin surətindən görünür ki, Gədəbəy rayon Məhkəməsinin 24.10.2012-ci il tarixli, 2(104)-1124/2012 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları Nicat və Hicranla birlikdə cavabdeh X1 məxsus Gədəbəy rayonu, Gərgər kəndində inşa edilmiş ümumi sahəsi 60 kv.m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, həmin qətnamədən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy rayon Məhkəməsinin 24.10.2012-ci il tarixli, 2(104)- 1124/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 14 sentyabr 2021-ci il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X3 və Məmmədrzayeva X7 rayonu, Gərgər kəndində yerləşən ümumi sahəsi 64.60 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0.30 ha olan torpaq sahəsini İddiaçı bağışlamışlar. İşdə olan olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 05.10.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Gədəbəy rayonunun Gərgər kəndində yerləşən, ümumi sahəsi 64.60 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.30 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsi tərəfindən verilmiş **********0-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adına Gədəbəy rayonu Gərgər kəndində 64.6 kv.m yaşayış sahəsi qeyd edilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 02/3933 saylı daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayışın surətindən görünür ki, İddiaçı məxsus olan Gədəbəy rayonu, Gərgər kəndində yerləşən ümumi sahəsi 64.6 kv.m olan fərdi yaşayış evinin bazar dəyər 6000 manat müəyyən edilmişdir. Göstərilənlərdən aydın olur ki, iddiaçı cavabdehin onun mülkiyyətində olan evdənyaşayış sahəsinə istifadə hüququna kompensasiya verməklə xitam verilməsini tələb edir. İddia tələbindən aydın olur ki, iddiaçı cavabdehin həmin evdən istifadə hüququnu mübahisəsiz qəbul edir və buna görə də həmin hüquqa kompensasiya ilə xitam verilməsini təklif edir. Eyni zamanda iddiaçının izahatından və tədqiq olunan Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, mübahisəli fərdi yaşayış evi Gədəbəy rayonunun Gərgər kəndində yerləşməklə ümumi sahəsi 64.60 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.30 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə tam olaraq İddiaçı mülkiyyətindədir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Cavabdehin mübahisəli fərdi yaşayış evinə istifadə hüquqları ilə bağlı mübahisə 2012-ci ildən sonra əmələ gəldiyindən həmin hüquq münasibətləri ilə bağlı mübahisəyə mübahisənin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. İşin mübahisələndirilməyən faktiki hallarından göründüyü kimi, cavabdeh mübahisəli fərdi yaşayış evinə gəlin köçmüş, evə köçməsi zamanı heç bir qeyd-şərt göstərilməmiş, mübahisəli fərdi yaşayış evindən istifadə etmək hüququ əldə etmişdir. Həmçinin Gədəbəy rayon Məhkəməsinin 24 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları Nicat və Hicranla birlikdə cavabdeh Məmmədrzayeva Sədaqət Musa qızına məxsus Gədəbəy rayonu Gərgər kəndində inşa edilmiş ümumi sahəsi 60 kv.m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Belə olan halda Cavabdeh mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Plenumunun Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Qeyd olunan qərarda həm də müəyyən edilmişdir ki, yaşayış hüququ əldə etmiş şəxs bu hüququn hansı maddi hüquq normasına əsasən, yəni, 2002-ci ildən əvvəl istifadə hüququ ilə bağlı mübahisə yaranmışdırsa, Mənzil Məcəlləsinin 123-cü və ya 2002-ci ildən sonra istifadə hüququ ilə bağlı mübahisə yaranmışdırsa, Mülki Məcəllənin 228-ci maddəsinə əsasən istifadə hüququ olan şəxsə müvafiq kompensasiya verməklə həmin hüquqa xitam verilməsi hüququnun gerçəkləşdirilməsi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olduğundan, yuxarıda sadalanan maddi hüquq normalarına əsasən iddiaçının xüsusi mülkiyyətində olan həmin evə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Buna görə də mülkiyyətçi bu hüququnu həyata keçirmək üçün fərdi yaşayış evində istifadə hüququ olan şəxsə müvafiq kompensasiya verib, həmin şəxsin istifadə hüququna xitam vermək hüququnu həyata keçirməkdə haqlıdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarından görünür ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin Rusiya Federasiyasında yaşadığı müəyyən edilmişdir. Cavabdehin evdən istifadə etməklə yaşayış sahəsinə olan ehtiyaclarını qarşılamaq məcburiyyəti aradan qalxmışdır. Belə olan halda, cavabdehin hazırda mübahisəli fərdi yaşayış evində yaşamamaqla istifadə etməyərək otağı kilidləməsi mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, qanunvericiliyin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin əvəzi kimi yox, mənzilin tərkib hissəsindən istifadə etmək hüququ kimi çıxış etdiyindən, ödənilən kompensasiya da ayrıca mənzilin mülkiyyət kimi əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməsini, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi kimi çıxış edir. Odur ki, məhkəmə cavabdehə verilməsi təklif olunan kompensasiyanın məbləğinin istifadəçinin hüquqlarına xitam verilməsi ilə adekvat və mütənasibliyi ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, 3000 manat kompensasiya məbləği mübahisəli ev üçün ağlabatan məbləğdir. Belə ki, iddiaçının təqdim etdiyi mütəxəssis arayışından məlum olur ki, mübahisəli fərdi yaşayış evinin bazar qiyməti 6000 manat təşkil edir.İddiaçının cavabdehə təklif etdiyi 3000 manat kompensasdsiya məbləği cavabdehin yaşadığı mühit, yer və şəraitə görə davamlı olaraq yaşaması üçün, eləcə də mübahisəli evdə yaşamayan və yaşayış ehtiyaclarını həmin evdən istifadə etməklə qarşılamayan bir şəxs üçün ağlabatan məbləğ hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12.07.2016-ci il tarixli Qərarına əsasən, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə hesab edir ki, qeyd olunan kompensasiya məbləği mülkiyyətçinin hüquqlarının və mənafelərin gözlənilməsi, eləcə də yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzilə oxşar şəraitdə davamlı yaşaması üçün kifayət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçının mülkiyyətində olan Gədəbəy rayonu Gərgər kəndində yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına 3000 manat kompensasiya verməklə xitam verilməli və o, fərdi yaşayış evindən çıxarılmalı, cavabdehin iddiaçının mülkiyyətində olan Gədəbəy rayonu Arıqıran kəndində yerləşən fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evindən çıxarılması kompensasiya məbləğinin ödənilməsi ilə eyni vaxtda icra edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Gədəbəy rayonunun Gərgər kəndində yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 05.10.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna 3000 (üç min) manat kompensasiya ödənilməklə xitam verilsin. Cavabdeh İddiaçı məxsus evə olan istifadə hüququna xitam verilməsi ona kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunsun. Dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar