Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-430/2024 01.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Gədəbəy rayon Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Gədəbəy rayon Dövlət Notariat kontoru tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 2V-1-64 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək, anası X1 miras qalmış Gədəbəy rayonunun Plankənd kəndində yerləşən istifadəsində olan 0.0158 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41.35 kv.m yaşayış, 45.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə vərəsə tanınmaqla və həmin miras mülkə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2(042)-430/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Gədəbəy rayon Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlaka vərəsə tanınmaqla payının müəyyən edilməsi” tələbinə dair 2(042)-430/2024 saylı mülki işin icraatına “miras əmlaka vərəsə tanınmaqla payının müəyyən edilməsi” tələbinə dair hissəsində xitam verilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, və 7 nəfər bacı, qardaşları Gədəbəy rayonu, Plankənd kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar. X4 xx.xx.2000-ci il tarixdə, anası X5 isə xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Gədəbəy rayonunun Plankənd kəndində yerləşən fərdi yaşayış evində övladlardan yalnız o və ailəsi və bacısı Səmaya Tağıyeva yaşamışlar, digər bacı qardaşları isə hələ valideyinlərinin sağlında ailə həyatı qrup çıxıb getmişlər, anası vəfat etdikdən sonra da, o 7 nəfər ailə üzvləri ilə birgə və hazırki iş üzrə cavabdeh olan bacısı Cavabdeh2 həmin evdə yaşayırlar. xx.xx.2008-ci il tarixdə DƏDRX tərəfindən Gədəbəy rayonunun Plankənd kəndində yerləşən istifadəsində olan 0.0158 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41.35 kv.m yaşayış, 45.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ona 1/7 hissə, Cavabdeh2 1/7 hissə və X3 5/7 hissəsinə dair çıxarış verilmişdir. Mirası faktiki qəbul edərək yaşasa da, mərhum anası Gövhər Tağıyevadan miras qalan əmlaka mülkiyyət hüququnu tanıtdıra bilmir. Məhz bu səbəblərdən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, həmin iddia ilə bağlı Gəncə Apelyasiya Məhkəməsində işə baxılarkən məlumatı olmuşdur ki, hazırki iş üzrə cavabdeh miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır və həmin şəhadətnamə etibarsız hesab olunmadığı halda, ona miras əmlakdan pay verilməsi qeyri-mümkündür. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edir və hesab edir ki, iddiası əsaslı olduğundan təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, iddiaçı onun qardaşıdır. O, Gədəbəy rayonu, Plankənd kəndində yaşayır. Ata və anasına o baxmış və onlar o dəfn etmişdir. İddiaçı 1977-1986-cı illər aralığında həbsdə olmuşdur. İddiaçı həbsdən çıxdıqdan sonra ata və anasını evdə qoyub çıxmış və ayrı təsərrüfatda yaşamağa başlamışdır. İddiaçının özünə məxsus yaşayış yeri vardır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Gədəbəy rayon Notariat Ofisi məhkəməyə məktub göndərərək, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin 24 oktyabr 2007-ci il tarixli 2- 301/2007 nömrəli qətnaməsindən görünür ki, mərhum X1 miras qalmış Gədəbəy rayonu, Plankənd kəndində yerləşən ümumi sahəsi 86.2 kv metr yaşayış sahəsi, 41.35 kv metr köməkçi sahəsi, 45.1 kv metr olan 4 otaqlı miras mülk vərəsələr arasında bərabər hissələrə bölünməsi, İddiaçı 1/7 miras mülkündən hissə verilməsi, verilən hissə üzərində mülkiyyət hüququnun tanınması, Cavabdeh2 1/7 miras mülkündən hissə verilməsi, verilən hissə üzərində mülkiyyət hüququ tanınması, miras mülkünün 5/7 hissəsi açıq saxlanılması qət edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xitməti Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, çıxarış İddiaçı verilmişdir ondan ötrü ki, Gədəbəy rayonu Plankənd kəndində istifadədə olan 0.0158 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı, 41.35 kv.m yaşayış, 45.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 1/7 hissə, Cavabdeh2 1/7 hissə, X2 5/7 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Gədəbəy rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, reyestrdə k-22-64 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 04 avqust 1999-cu il tarixdə vəfat etmiş X1 qalmış Gədəbəy rayonu, Plan kənd kəndində yerləşən 1957-ci ildə divarları çay daşı ilə hörülmüş, üstü şiferlə örtülmüş, ümumi sahəsi 86.3 kv.m, köməkçi sahəsi 45.1 kv.m, yaşayış sahəsi 41.35 kv.m olan 4 otaqlı yaşayış evindən ibarət miras əmlaka vərəsə olaraq qızı Cavabdeh2 İslam qızı müəyyən edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 xx.xx.1999cu il tarixdə, X7 xx.xx.2000-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, tərəflərin arasında mübahisəli olan mənzil Gədəbəy rayonu, Plankənd kəndində yerləşir. Gədəbəy rayon Məhkəməsinin 2003-cü il tarixli qətnaməsi ilə fərdi yaşayış evinin mülkiyyətçisi Samaya Tağıyevanın iddiası üzrə İddiaçı və onun ailə üzvlərinin qeyd olunan fərdi yaşayış evindən çıxarılması haqqında qətnamə qəbul olunmuş, həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Qətnamə icraya yönəldilmişdir. 2022-ci ilin fevral ayında icra olunmuş və icraata xitam verilmişdir. 2007-ci ildə X9 rayon Məhkəməsində iddia qaldıraraq, Gədəbəy rayon Plankənd kəndində yerləşən evdən ona düşən payın ayrılıb verilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə iddianı təmin etmiş, İddiaçı 1\7 hissədə, Cavabdeh2 1\7 hissədə payları müəyyən edilərək onların mülkiyyət hüquqları tanınmış, 5\7 hissədə pay açıq saxlanmışdır. 2008-ci ildə İ.Tagıyev Gədəbəy rayon Məhkəməsinə yenidən iddia qaldıraraq onu ailə üzvləri ilə Gədəbəy rayonu, Plankənd kəndində yerləşən mübahisəli evdəki payına köçürülməsini xahiş etmiş, qiyabi qətnamə qəbul edilmiş, iddia təmin edilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən 2011-ci ildə Cavabdeh2 apelyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Həmçinin, Gədəbəy rayon Məhkəməsinin 2008-ci il tarixli qiyabi qətnaməsi Cavabdeh2 etirazı əsasında ləğv edilərək yenidən iddiaya baxılmış, məhkəmə iclasında Cavabdeh2 “İslam Tagıyevin 1\7 hissdə payının dəyərinin ona verilməsi” barədə qarşılıqlı iddia vermiş, qəbul edilmiş xx.xx.2009-cu il tarixli 2-118 saylı qətnamə ilə İddiaçı ilk iddiası rədd edilmiş, Cavabdeh2 verdiyi İslam Taıyevin 1\7 hissdə payının dəyərinin ona verilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilmişdir. Sonra İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti qismən təmin olunaraq Gədəbəy rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia və qarşılıqlı iddia rədd edilmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış Gədəbəy rayon Məhkəməsinin 22 oktyabr 2003-cü il tarixli, 2-157 saylı, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-164/2024 saylı qərardadı və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı sözügedən fərdi yaşayış evindən vərəsə kimi payının olması müəyyən edilmir. Gədəbəy rayon Məhkəməsinin 22 oktyabr 2003-cü il tarixli, 2-157 saylı, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-164/2024 saylı qərardadı və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi hal-hazırda qüvvədədir və hazırki iş üçün preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, “Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ş.Məmmədlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2022-ci il tarixli, qərarına əsasən, “Konstitusiya Məhkəməsi Plenumunun məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Müvafiq prosessual qanunvericiliyin məhz preyudisiya ilə bağlı bu tələbini nəzərə alaraq Plenum “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin şərhi ilə bağlı adıçəkilən Qərarında hesab etmişdir ki, bu Qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur.” Həmçinin Gədəbəy rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, reyestrdə k-22-64 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Gədəbəy rayon Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Gədəbəy rayon Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-430/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-430/2024
01.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver