Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-516/2021 03.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ona və ailə üzvlərinə məxsus torpaq sahəsində inşa edilmiş tikilinin və istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonun Qaradağ kəndində yerləşən, Cavabdeh İstanbul oğlu tərəfindən JN-264 KOD 50525018 saylı "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında ona və ailə üzvlərinə məxsus olan 1.33 ha torpaq sahəsinin 3688.84 kv.m hissəsində əsassız və qanunsuz olaraq inşa edilmiş tikililərin və istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, JN- 264 KOD 50525018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona və ailə üzvlərinə məxsus olan 1.33 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələrinin bir hissəsini Cavabdeh İstanbul oğlu zəbt edilərək, orada özbaşına və qanunsuz olaraq tikinti işləri aparmışdır. Dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh könüllü olaraq ona məxsus torpaq sahəsindən çıxmaqdan və orada qanunsuz olaraq inşa etdirdiyi tiklini sökməkdən imtina etmişdir. Ona görə də Gədəbəy rayon Məhkəməsinə cavabdehə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Gədəbəy rayon Məhkəməsinin 2(042)-694/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh İstanbul oğlunun Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 aprel 2000-ci il tarixli 03 saylı qərarı ilə verilmiş, JN-264 KOD 50525018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə ona məxsus olan 1.33 ha torpaq sahəsinin istifadə etdiyi 495.75 kv.m hissəsindən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-327/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Gədəbəy rayon Məhkəməsinin 2(042)-694/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, qətnamə qanuni qüvvəsini aldıqdan sonra yenə də cavabdehə müraciət edərək, ondan torpaq sahəsindən özbaşına və qanunsuz inşa etdirdiyi tikilini sökməsini tələb etmiş, lakin o, yenə də bundan imtina etmişdir. Ona görə də mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və bildridi ki, o, Bakı şəhərində yaşayır. İddiaçının ona məxsus olan sökülməsini tələb etdiyi tikililər onun özünə məxus torpaq sahəsində yerləşir. O, iddiaçının dediklərini qəbul etmir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Moruxlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli, 52 saylı arayışdan görünür ki, Yəhyayev X1 İƏD üzrə nümayəndəliyin 04 nömrəli təsərrüfatbaşına kitabın 03-cü səhifəsində 220 nömrəli şəxsi hesaba əsasən qeydiyyatdadır. İşdə olan Gədəbəy rayonu İHB-nin Moruxlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli, 53 saylı arayışdan görünür ki, Quliyev X2 İƏD üzrə nümayəndəliyin 04 nömrəli təsərrüfatbaşına kitabın 10-cu səhifəsində 227 nömrəli şəxsi hesaba əsasən qeydiyyatdadır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(104)- 327/2020 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş və Gədəbəy rayon Məhkəməsinin 24.10.2018-ci il tarixli, 2(042)-694/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İşdə olan JN-264 KOD 50525018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının lazımi qayada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05.04.2000-ci il tarixli, 03 saylı qərarı ilə Gədəbəy rayonu, Samanlıq kəndində İddiaçı və onun ailə üzvlərinə 1.33 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-053A KOD 50525018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin lazımi qayada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə Gədəbəy rayonu, Samanlıq kəndində X3 və onun ailə üzvlərinə 0.32 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 05 oktyabr 2021-ci il tarixli mütəxəssis arayışından görünür ki, Samanlıq kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iddiaçıya və ailə üzvlərinə verilmiş JN-264 nömrəli Dövlət Aktında olan torpaq sahəsinin konfiqurasiyası və koordinatları ilə faktiki istifadə vəziyyətinin konfiqurasiyası və koordinatları arasında uyğunsuzluq olduğundan qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq tikinti inşa edilməlidir. MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmədə tərəflərin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05.04.2000-ci il tarixli, 03 saylı qərarı ilə Gədəbəy rayonu, Samanlıq kəndində İddiaçı və onun ailə üzvlərinə 1.33 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-264 KOD 50525018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib olunmuşdur. İddiaçı məhkəmədə iddia qaldıraraq ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikili və istilikxana inşa edildiyini iddia edir. İş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş, mütəxəssis arayışına əsasən, Samanlıq kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iddiaçıya və ailə üzvlərinə verilmiş JN-264 nömrəli Dövlət Aktında olan torpaq sahəsinin konfiqurasiyası və koordinatları ilə faktiki istifadə vəziyyətinin konfiqurasiyası və koordinatları arasında uyğunsuzluq olduğundan qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsusluğu, onun hər hansı hissəsində cavabdeh tərəfindən qanunsuz tikililər inşa edilməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ona və ailə üzvlərinə məxsus torpaq sahəsində inşa edilmiş tikilinin və istilikxananın cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-516/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-516/2021
03.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver