Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-533/2025 13.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələr, borc müqaviləsi üzrə mübahisələr) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2.500 manat borcunun, borcu vaxtında qaytarmadığı üçün gecikdirməyə görə əlavə 1.500 manat faiz məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, taksi fəaliyyəti ilə məşğul olmaq və avtomobil almaq üçün ilkin ödəniş etmək məqsədi ilə 2.500 manat kredit götürmüşdür. Hazırki iş üzrə cavabdeh, tanışı Cavabdeh 2024-cü ilin avqust ayında evinin tikilməsinə pulunun çatmaması və anasının xəstəliyinə görə 2.500 manat məbləğində borc pul vermişdir. Cavabdeh ona söz vermişdir ki, 2024-cü ilin sentyabr ayında o həmin pulu qaytaracaq. Lakin, sentyabr ayında cavabdehdən heç bir xəbər çıxmamışdır. O, cavabdehdən pulunu geri tələb etməyə başlamışdır. Cavabdeh onun telefon zənglərinə cavab vermiş və pulu qısa müddətdə qaytaracağını bildirmiş, lakin sonradan müxtəlif bəhanələrlə ondan qaçmağa başlamışdır. Cavabdehlə aralarında olan “whatsapp” yazışmalarında - səs yazılarında borca götürdüyü pulu etiraf edərək qısa müddət ərzində pulu qaytarılmasına dair vədlər vermişdir. Hazırda cavabdeh borcunu bu günə kimi qaytarmamış, onun vəsaiti ilə əsassız varlanmış, gəlir əldə etmişdir. Cavabdeh həmin pulu vaxtında ona qaytarsa idi, qeyd etdiyi kimi taksi fəaliyyəti ilə məşğul olaraq xeyli gəlirfayda əldə edə bilərdi. Cavabdeh isə onun pulunu özündə saxlamaqla mənfəət əldə etmiş, eyni zamanda ona maddi ziyan vurmuşdur. Borcun qaytarılması ilə bağlı cavabdehə edilmiş müraciətlər nəticəsiz qalmış və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
II. Tərəflərin mövqeləri və şahid ifadəsi:
3. İddiaçı məhkəməyə ərizə verərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən etiraf etdi və izahat verərək bildirdi ki, o, torpaq sahəsi alarkən İddiaçı faizlə pul götürmüşdür. İlkinin ona borc verdiyi puldan 900 manat pulu özünə qaytarmışdır. Hazırda onun İlkinə 1.600 manat məbləğində borcu qalmışdır. İlkin borcun bir dəfəyə ödənilməsini istəyir. Lakin, o fəhləliklə məşğul olur və gündəlik qazancı 20-30 manat təşkil edir. Ailəlidir və Bakı şəhərində kirayədə yaşayır. Ona görə də borcunu bir dəfəyə ödəməyə imkanı yoxdur. Borcundan hissə - hissə olmaqla 100 - 200 manat pul ödəyə bilər. Onun İlkinə 1.600 manat məbləğində borcu qalmışdır. İddianı qalan hissədə qəbul etmir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
7. Belə ki, mübahisənin düzgün həll edilməsi üçün iddiaçının cavabdehə nə qədər pul verdiyi, cavabdehin isə ona nə qədər pul qaytardığı müəyyən edilməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından hansı məbləğdə pulun verildiyini iddiaçı, hansı məbləğdə pulun qaytarıldığını isə cavabdeh sübut etməlidir.
8. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: - "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. - ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. - ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”.
9. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında aparılmış danışıqlara dair səs yazılarda (diskdə) müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 2.500 manat məbləğində borc pul verdiyini bildirir, cavabdeh isə danışqlarında bunu təkzib etmir. Cavabdeh məhkəmə iclasında götürdüyü borc məbləğindən 900 manat məbləğində ödəniş etdiyini və 1.600 manat məbləğində borcunun qaldığını bildirir. İddiaçı isə bu halı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdeh iddiaçıya 1.600 manat məbləğində borcunun qaldığını etiraf etmiş, iddianın qalan hissəsini etiraf etməmişdir.
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.
11. Belə ki, Cavabdeh İddiaçı borcla bağlı tələbini məhkəmə iclasının fasiləsiz audio yazısı aparılarkən qismən etiraf etmişdir. MPM-in 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın qismən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 191.3 və 52.5-ci maddələrinin göstərişinə əsaslanaraq iddianın qismən etiraf edilməsini, yəni cavabdehin iddiaçıya 1.600 manat məbləğində pul borclu olmasını qəbul edir və iddianın mübahisəsiz tələb kimi həmin hissədə təmin olunmasını mümkün sayır.
12. Azərbaycan Respublikası Müki Məcəlləsinin; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
13. Məhkəmə iddiaçının borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə faiz tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
15. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinin göstərişinə istinad edərək borcun ödənilməsinin gecikdirilməsinə görə 5 faiz məbləğində pulun da ödənilməsini tələb edir. Həmin maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin, Mülki Məcəllənin 445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Gecikməyə səbəb olmuş hallar barədə məhkəmədə məlumat olmadığından həmin halların baş verməsində cavabdehin təqsirinin olub-olmadığını müəyyən etmək mümkün deyil.
16. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış faizlərin cavabdehlərdən tutulması hissəsində iddia əsaslı olmadığından təmin oluna bilməz.
17. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 1.600 (bir min altı yüz) manat məbləğində pul tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 1.600 (bir min altı yüz) manat məbləğində pul tutulub İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutulub İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov