Məhkəmə qərarları › İş №2(105)-337/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-337/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-337/2024 14.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X9, Cavabdeh2, onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-93/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Kredit verən "xxxx" ASC ilə kreditalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsindən görünür ki, kreditverən kreditalana 120 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə 39098 (otuz doqquz min doxsan səkkiz) manat kredit verməyi öhdəsinə götürmüşdür.

2. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixə kimi hər ay banka 517 manat ödəməklə qaytarmalıdır.

3. Kreditor "xxxx" ASC, kreditalan Cavabdeh2 və zamin "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1275 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 7.3-cü bəndinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

4. "xxxx" ASC tərəfindən Cavabdeh2 və "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

5. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 müqavilə üzrə xx.xx.2021-ci il tarixə 38039.36 (otuz səkkiz min otuz doqquz manat 36 qəpik) manat əsas borc, 19603.41 (on doqquz min altı yüz üç manat 41 qəpik) manat faiz borcu, cəmi 57642.77 (əlli yeddi min altı yüz qırx iki manat 77 qəpik) manat borcu vardır.

6. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 müqavilə üzrə xx.xx.2023-cü il tarixə 38039,36 manat əsas, 21041,76 manat faiz borcu olmaqla, ümumilikdə 59081,12 manat borcu vardır.

7. xx.xx.2014-xx.xx.2017-ci illər üçün Hesabdan Çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən sonuncu kredit ödəniş xx.xx.2015-ci ildə olmuşdur.

8. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə xx.xx.2017-ci il tarixdə göndərilmiş məktubdan görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 8992 saylı kredit müqaviləsinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 167 “AAAF Park" Yaşayış Massivi, 17-ci küçədə yerləşən C saylı binanın 52.13 kv.metrdən ibarət olan 152 saylı mənzilini satın almışdır. O, 2015-ci ilin may ayında həmin mənzili geri qaytarmaq niyyəti ilə həm "xxxx" MMC-yə, həm də "xxxx" ASC-уə müraciət etmişdir. Bunun əsasında müqaviləyə uyğun olaraq onunla bağlanmış alğı-satqı müqaviləsi ləğv edilmiş və mənzil Cəmiyyətə təhvil verilmişdir. Eyni məqsədlə Cavabdeh2 Banka müraciəti olmasına baxmayaraq, Bank ilə arasında olan kredit müqaviləsinə xitam verilməmiş və onun adına açılmış kredit xəttinə borc hesablanması davam etdirilmişdir. Həmin mənzil hazırda "xxxx" MMC-yə məxsusdur və bu səbəbdən Cavabdeh2 adına kredit hesablanması dayandırılmalı və həmin borcu ödəmək öhdəliyi Cəmiyyətin üzərinə qoyulmalıdır. Buna görə də Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 167 “AAAF Park" Yaşayış Massivi, 17-ci küçədə yerləşən C saylı binanın 182 saylı mənzilinə görə Cavabdeh2 əmlakına və ya əmək haqqına hər hansı tutma yönəltməməyi və həmin borcun ödənilməsi öhdəliyinin Cəmiyyətin üzərinə qoyulması barədə göstəriş verilməsi xahiş olunmuşdur.

9. "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı Cavabdeh2 ilə həqiqətən də xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmaqla Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzili satılmışdır. Sonra tərəflərin qarşılıqlı razılığı ilə müqavilə ləğv olunmuş və Cavabdeh2 kreditor "xxxx" ASC ilə münasibətlərin tənzimlənməsi tövsiyyə edilmişdir. Bundan sonra Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/mdə 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzil xx.xx.2016-cı il tarixli RM0025 saylı “Mənzilin alqı-satqı müqaviləsinə əsasən X1. xx.xx.2021-ci il tarixli M-6708 saylı Mənzilin alqı-satqı müqaviləsi ilə mənzil X5 adına rəsmiləşdirilmişdir. Hal-hazırda Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzil X5 adındadır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/3929 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ’’Borcalan” X3 tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2021-ci il tarixə əsas borc üzrə 38039,36 manat, faiz borcu üzrə 23267,41 manat. Aparılmış tədqiqatın dəyəri 145 (yüz qırx beş) manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

11. Abşeron rayon Məhkəməsinin icraatında olan 2(012)-5991/2021 saylı mülki iş üzrə iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 8993 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 38039,36 manat əsas, 19603,41 manat faiz olmaqla cəmi 57642,77 manat borcun və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Abşeron rayon Məhkəməsinin icraatında olan 2(012)-5963/2021 saylı mülki iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2014-cü il tarixli 8993 saylı kredit müqaviləsi üzrə 38039,36 manat əsas və ona hesablanmış faiz və cərimə borcunun ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(012)-5963/2021 saylı qərardadına əsasən iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2(012)-5963/2021 saylı mülki işin iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair 2(012)-5991/2021 saylı mülki işə birləşdirilməsi qərara alınmışdır.

14. Daha sonra, iddiaçı "xxxx" ASC Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 38039,36 manat əsas, 21041,76 manat faiz borcu olmaqla, ümumilikdə 59081,12 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 dövlət rüsumunun və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, ASC-nin Mərkəzi filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 120 ay müddətə illik 10 % dərəcəsi ilə hesablanmaqla, 39098 (otuz doqquz min doxsan səkkiz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanan faizlər ödənilməmişdir. xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 38039,36 (otuz səkkiz min otuz doqquz manat 36 qəpik) manat, faiz borcu üzrə 19603,41 (on doqquz min altı yüz üç manat 41 qəpik) manat, cəmi 57642,77 (əlli yeddi min altı yüz qırx iki manat 77 qəpik) manat kredit borcu mövcuddur. Hazırda isə cavabdehin iddiaçıya olan borcu 38039,36 manat əsas, 21041,76 manat faiz borcu olmaqla, ümumilikdə 59081,12 manat təşkil edir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini qəbul etmir. Belə ki, hal-hazırda kredit müqaviləsi qüvvədədir, ləğv edilməmişdir. İş materiallarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti borcun qəbul edilməsinə dair ərizə olsa da bu iddianı etirafı kimi qəbul edilməməlidir. Odur ki, onun iddia tələbinin təmin edilməməsini xahiş etdi. Bundan əlavə bildirdi ki, iş üzrə alınmış ekspert rəyi ilə razıdır.

16. İddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini onunla əsalandırmışdır ki, xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 AAAF Park Yaşayış massivi, 17-ci küçədə yerləşən C saylı binanın 52,13 kv. metrdən ibarət olan 182 saylı mənzili satın almışdır. Beynəlxalq bank ilə onun arasında 8993 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 120 aya müddətinə 10 faiz olmaqla 39098 manat məbləğində kredit verilmişdir. 2015-ci iln may ayında 5 ay hər ay 517 (beş yüz on yeddi) manat ödəyərək həmin mənzili geri qaytarmaq niyəli ilə həm "xxxx" MMC-yə, həm də "xxxx" ASC müraciət etmişdir. Onunla birgə işləyən və "xxxx" MMC-dən ev götürən 4 nəfərə ödədikləri 5 ayın pulu qaytarılmış, adları reyestrdən çıxarılmış, lakin ona pul qaytarılması təklif olundusa, adı reyestrdən çıxarılmamışdır. Bunun əsasında müqaviləyə uyğun olaraq onunla "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilmiş və mənzil Cəmiyyətə təhvıl vermişdir. O, bununla bağlı iddia ərizəsinə əlavə edilən sənədləri özü Beynəlxalq bankın Mingəçevir filialında işlədiyi üçün Beynəlxalq bankın göstərişi ilə onlara qaytarmışdır. "xxxx" MMC 04 noyabr 2017-ci il tarixli 1895/1 saylı məktubla Beynəlxalq banka müraciət edərək, mənzilin "xxxx" MMC-yə məxsus olduğunu və bu şöbədən onun adına kreditin hesablanmasının dayandırımasını və həmin borcu ödəmək öhdəliyinin Cəmiyyətinin üzərinə qovulmasını tələb etmişdir. Xəstə olduğu üçün, ağır dərəcədə diabet və 2017-ci ildə Beynəlxalq bankdan ixtisara düşdüyü üçün tez-tez evin reyestrdə onun adından çıxarılması ilə marağlana bilməmişdir. AAAF-İnşaata müraciət edəndə bildirmişlər ki, narahat olmasın. Sonra öyrənmişdir ki, ev digər şəxsə nəğd satılmışdır, lakin həmin məbləği AAAF İnşaat Beynəlxalq banka ödəməmişdir. Avqust ayında Beynəlxalq bankdan xx.xx.2021-ci il tarixli borcla bağlı bildiriş almışdır ki, qeyd olunan müqaviləyə görə onun banka 38039,38 manat əsas borc və ona hesablanmış faiz və cərimə borcu mövcudur. Neçə ildi "xxxx" MMC onu pulu ödəyəcəyini vəd etsə də, üzərinə həmin pulu banka özü ödəyəcəyi öhdəliyi götürsə də bundan yayınmışdır və onu ağır maddi vəziyyətə qoymuşdur. Yenidən AAAF İnşaata pulun ödənməməsi ilə bağlı müraciət etmişdir. Ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. O, Beynəlxalq banka vəkil vasitəsi ilə müraciət etmişdir ki,onlara təhvıl verdiyi sənədləri (kredit, zaminlik, girov müqaviləsini, AAAF İnşaatın xx.xx.2017- ci il məktubunu, AAAF İnşaatla bağlandığı müqaviləni) ona qaytarsınlar, lakin həmin sənədlər ona qaytarılmamışdır. Beynəlxalq bank sentyabr ayında pensiya kartına sərəncam verərək pensiyanı bütövlüklə borc hesabına tutmuşdur.

17. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-93/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 21041,76 manat faiz borcu və dövlət rüsumuna görə 30 manat və 0,40 manat xidmət haqqının alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə xeyrinə tutulması, iddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli 8993 saylı kredit müqaviləsi üzrə 38039,36 manat əsas borcun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 145 manat pul vəsaitinin 72,5 manat hissəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 72,5 manat hissəsinin isə Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov).

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu X3 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə borc məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3929 nömrəli rəyinə əsasən, cavabdehin müqavilə üzrə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 38039,36 manat, faiz borcu üzrə 23267,41 manat. Aparılmış tədqiqatın dəyəri 145 (yüz qırx beş) manat hesablanmışdır. Buradan da müəyyən olunu ki, ekspert rəyində faiz borcu iddia ərizəsində qeyd olunandan artıq hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddia tələbində faiz borcu 21041,76 manat qeyd olunduğundan cavabdehdən tutulmalı olan faiz borcu həmin məbləğdə müəyyən olunmalıdır. Məhkəmə iddia tələbi ilə ekspert rəyini paralel şəkildə qiymətləndirib belə hesab edir ki, iddia tələbində qeyd olunan faiz məbləği hər iki tərəfin maddi, əmlak vəziyyətinə uyğundur, odur ki, iddia tələbində qeyd olunan borc məbləğinin tutulmasını daha məqsədəmüvafiq hesab edir.

19. İddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən görünür ki, iddiaçı Cavabdeh2 ilə həqiqətən də xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmaqla Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzili satılmışdır. Sonra tərəflərin qarşılıqlı razılığı ilə müqavilə ləğv olunmuş və Cavabdeh2 kreditor "xxxx" ASC ilə münasibətlərin tənzimlənməsi tövsiyyə edilmişdir. Bundan sonra, Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzil xx.xx.2016-cı il tarixli RM-0025 saylı “Mənzilin alqısatqı müqaviləsinə əsasən X1. xx.xx.2021-ci il tarixli M- 6708 saylı Mənzilin alqı-satqı müqaviləsi ilə mənzil X5 adına rəsmiləşdirilmişdir. Halhazırda Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzil X5 adındadır. Odur ki, kredit müqaviləsi üzrə ödənilməyən əsas borc məbləği "xxxx" MMC-yə aid edilməli, ondan bankın xeyrinə tutulmalıdır

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445, 472, 739.1, 739.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 2(012)-93/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianı təmin edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 38039,36 manat əsas, 21041,76 manat faiz borcu olmaqla, ümumilikdə 59081,12 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 dövlət rüsumunun və bank xidmət haqqının tutulması, eyni zamanda mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 145 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və digər birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddi hüquq normasından da göründüyü kimi öhdəliyin icrası ilə əlaqədar borculun kreditorun xeyrinə etməli olduğu hərəkətlər qanunda aydın şəkildə ifadə edilmişdir. Məhkəmənin öz mülahizəsinə əsaslanaraq borclunu həmin vəzifələrdən azad etməsi isə qanunsuz və əsassızdır. Hazırkı mübahisə üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və iş materiallarında olan xx.xx.2014-cüil tarixli, 8993 nömrəli kredit müqaviləsində ayrı qayda müəyyən edilmədiyindən, müqavilə üzrə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmalıdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən maddi hüquq normasının tələbərini kobud şəkildə pozaraq iddianı qismən təmin etməsi və əsas borclunun cavabdehliyinin ancaq faiz borcu hissədə müəyyən etməsi əsassızdır.

23. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən maddi hüquq normasından da göründüyü kimi, öhdəliyin icrası pozulduqda zamin və borclu birgə məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsinin isə Cavabdeh2 ilə "xxxx" MMC arasında olan başqa bir hüquq münasibətinə əsaslanaraq kreditorun iddia tələbi üzrə məsuliyyəti öz istəyinə uyğun olaraq bölüşdürməsi tamımilə qanunsuzdur. Bundan başqa, hazırda məhkəmənin gəldiyi nəticə zaminin vəziyyətini ağırlaşdırmaqla yanaşı, Bankın kredit müqaviləsinin təminatı olan zaminlik anlayışını da pozur.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Prosessual normadan da göründüyü kimi iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etməməlidir. Hazırki iş üzrə isə məhkəmənin digər iddia tələbi üzrə, yəni iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə qarşı olan iddiası üzrə cavabdeh "xxxx"MMC-nin iddianı qəbul etməsi iddiaçı "xxxx" ASC-nin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan, məhkəmənin həmin etirafı qəbul etməsinə əsaslanaraq qətnamə qəbuletməsi qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Lakin hazırkı işdə məhkəmənin tamamilə fərqli hüquq münasibətlərindən doğan mübahisənin bir icraatda birləşdirməsi əsassızdır. Belə ki, mülki iş materiallarından da göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh2 və "xxxx" MMC arasından olan mübahisənin əsası kimi kredit və zaminlik müqavilələri çıxış edir, Cavabdeh2 ilə "xxxx" MMC arasında olan mübahisənin əsası kimiisə mənzilin alqı-satqısı müqaviləsi çıxış etdi.

25. Məhkəmə xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsi üzrə icra edilməyən kredit borcunun hansı səbəbdən əsas hissənin yalnız cavabdeh zamin "xxxx" MMC-dən, faiz hissəsinin isə cavabdeh əsas borclu Cavabdeh2 tutulmasını əsaslandırmamış və buna dair heç bir sübuta istinad etməmişdir. Əksinə qətnamənin əsaslandırıcı hissəsində öhdəliyin icrasının Cavabdeh2 tərəfindən pozulduğunu, onun öhdəlik üzrə tam məsuliyyət daşıdığını, zaminin də borclu ilə birgə məsuliyyət daşıdığını qeyd etsə də, yekunda əsaslandırma hissəsinə uyğun gəlməyən qətnamə qəbul etmişdir.

26. Məhkəmə qətnamənin təsviri və əsaslandırıcı hissəsində bir neçə dəfə Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzilə dair alqı-satqı müqavilələrinə, mənzilin kimin adına rəsmiləşdirilməsinə və hazırda kimin sahibliyində olmasına toxunaraq, həmin əmlakın girov qoyulduğuna və kredit müqaviləsinin təminatı olduğuna istinad etmişdir. Lakin iş materiallarından və tərəflərin izahatlardan aydın olur ki, həmin mənzil ümumiyyətlə dövlət qeydiyyatına alınmamış və bu səbəbdən də məhkəmə mənzilə dair heç bir şəxsin hüququna istinad edilə bilməzdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Bundan başqa, əgər məhkəmə nəzərə almamışdır ki, kredit müqaviləsi üzrə borcun tutulmasının girov predmetinə yönəldilməsini tələb etmək kreditorun hüququdur, vəzifəsi deyil.

27. Məhkəmə işi araşdırarkən cavabdehlər Cavabdeh2 ilə "xxxx" MMC arasında yaranan mübahisənin faktiki hallarını, mübahisənin iddiaçı "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsinin icrasına heç bir aidiyyətinin olmamasını aydınlaşdırmayaraq, yekunda səhv nəticəyə gəlmişdir.

28. Cavabdeh2 da apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-93/2023 saylı qətnaməsini qismən xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqavilə üzrə 21041,76 manat faiz borcu və dövlət rüsumuna görə 30 manat və 0,40 manat xidmət haqqının ondan alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə xeyrinə tutulması hissəsındə ləğv edilməsi və onun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin tam təmin olunaraq xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqavilə üzrə 21041,76 manat faiz borcu və dövlət rüsumuna görə 30 manat və 0,40 manat xidmət haqqının ödənilməsinin də cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

29. Maddi hüquq normasının tələbinə əsasən, zamin yəni "xxxx" MMC Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Bunun ardınca mənzilin vaxtında tikilib təhvil verilmədiyini görən Cavabdeh2 5 aydan sonra, 2015-ci ilin may ayında mənzili "xxxx" MMC geri qaytarmış, "xxxx" MMC isə xx.xx.2016-cı ildə evin inşasını tamamlayıb vətəndaş X2. Bu isə o deməkdir ki, kreditdən bəhrələnən "xxxx" MMC olmuşdur. MM-nin 470-ci maddəsinin tətbiqi AR Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Plenum Qərarı ilə tənzimlənir. Həmin plenum qərarının formalaşdırdığı hüquqi mövqeyə görə, əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik ilə yalnız pul məbləğinin ödənilməsi öhdəliyi deyil, həmçinin malın verilməsi, işin yerinə yetirilməsi, xidmətin göstərilməsi, borclu tərəfindən müəyyən hərəkətləri etməmək öhdəliyi təmin edilə bilər. Hazırkı halda isə zamin krediti özü götürmüş, belə ki, kreditin tam məbləği olan 38039 AZN köçürmə yolu ilə birbaşa "xxxx" MMC-nin bank hesabına köçürülmüş, həmin pula alınmış, mənzil də cəmi 5 ay Cavabdeh2 adında olmuş, sonra 2015-ci ilin may ayında mənzil zamin olan "xxxx" MMC qaytarılmış, mənzili başqa şəxsə satan "xxxx" MMC kreditdən bəhrələnərək gəlir götürmüş, həmin krediti ödəyəcəyini öhdəsinə götürməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Bu isə o deməkdir ki, həmin pulu götürən və pulu işlədərək gəlir əldə edən "xxxx" MMC əsas borc kimi faizlər üçün də məsuliyyət daşıyır. Konstitusiya məhkəməsi qeyd edir ki, Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik-əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik münasibətlərində üç tərəf iştirak edir: əsas öhdəlik üzrə borclu Cavabdeh2, onun kreditoru “ABB” Bank və üçüncü şəxs olan zamin "xxxx" MMC. Onların bir hüquqi münasibətlə bağlı olması zaminlik müqaviləsinin yaranma səbəbinə və yerinə yetirdiyi funksiyaya əsaslanır. Bu isə o deməkdir ki, 38039 AZN pulu kredit şəklində o götürsə də, zaminin sonradan həmin kreditdən bəhrələnib, həmin kreditə görə də bütün öhdəlikləri qəbul edib, hətta aralarında alqı-satqı predmeti olan mənzil də zaminə qaytarılıb. Qeyd olunanlar onu göstərir ki, belə bir halda kreditdən bəhrələnən elə zamin olmuş, əsas borcun ona yönəldiyi kimi həmin kreditin icrasını ödənişlərini vaxtında etmədiyinə görə yaranmış faiz borcu da elə zamin olan "xxxx" MMC-yə yönəlməlidir.

30. Başqasının öz öhdəliyinin yerinə yetirilməsinə təminat verəcək zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyətini təm dəqiqliyi ilə tənzilməmişdir. Zamin kreditor qarşısında borclunun öz öhdəliyini tam icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq əgər girov əmlak təminatıdırsa, zaminlik şəxsi təminatdır. Öhdəlik icra edilmədikdə zamin borclu ilə yanaşı kreditorun qarşısında birgə məsuliyyət daşıyır. Zaminlik öhdəlik üçün subsidiar məsuliyyət nəzərdə tutur, bu da o deməkdir ki, əsas borcun məsuliyyətinə görə əlavə məsuliyyət də ehtiva edir. Yəni zaminlik əsas borcun ödənilməsi ilə məhdudlaşmır, zamin əsas öhdəliyin icrası ilə yanaşı, onun icrası ilə bağlı digər xərcləri də ödənilməsinə məsuldur. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsi əsas borcun qaytarılması zamanı yaranan faizlərin zaminə yönəldilməsinin qanuna uyğun olmaması və faizlərin Cavabdeh2 yönəldilməli olması ilə bağlı mövqeyi tamamilə əsassızdır. Maddənin tələbinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır (MM 472.1 maddəsi). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzini ödəməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddi hüquq normasının bu tələbi isə o deməkdir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə maddi hüquq normasının tələblərini pozmuşdur. Belə ki, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, əsas borcu zamin götürdüyünə görə zaminə, həmin əsas borcun faizləri isə vətəndaş Cavabdeh2 yönəldilməlidir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə maddi hüquq normasının tələblərinə uyğun deyil və düzgün təfsir edilməmişdir.

31. İş materiallarından və işin hallarından görünür ki, kreditor “ABB” Bank verdiyi 38039 AZN krediti 2 qat təmin etmə vasitəsindən istifadə etmişdir. Belə ki, bu kredit həmin zaminliklə, həm də mənzilin ipoteka ilə yüklü edilməsi ilə öhdəliyin icrası təmin edilmişdir. Lakin iş materiallarına baxanda görünür ki, kreditor bank nədənsə 2015-ci ilin may ayından Cavabdeh2 kreditdən imtina etməsinə və ona eləcə də zaminə bu barədə xəbər verməsinə baxmayaraq öhdəliyin icrasını nə zaminə yönəltmiş, nə də ki, ipoteka ilə yüklü edilmiş mənzilə yönəltmişdir. Sanki vətəndaş Cavabdeh2 qənim kəsilmiş kimi, sonuncunu bütün bu işlədən onun adına hesabladığı faizlərdən xəbərsiz tutmaqla onun adına faizləri şişirtmək məqsədi güdürmüş kimi hərəkətər etmişdir. Vətəndaş Cavabdeh2 isə bunlardan xəbərsiz olmuş. 2021-ci ildə onun pensiyasına borcun tutulması yönələndə xəbəri olmuş və dərhal bunu mübahisələndirmişdir. Qeyd olunanlar onu göstərir ki, ədalətlilik baxımından hazırkı iş üzrə iddiaçı Cavabdeh2 borcun və faizlərin "xxxx" MMC-yə yönəldilməsi ilə bağlı tələbi əsaslıdır, cavabdeh olan "xxxx" MMC iddianı etiraf etməsi də qanunidir və heç bir kəsin hüquqlarını pozmur. Əksinə borcun və faizlərin "xxxx"a ödənilməsi həm qanuni həm də ədalətli olardı. İş materiallarından, "xxxx"nın nümayəndəsinin və "xxxx" MMC nümayəndəsinin izahatlarından görünür ki, cavabdehlərdən biri olan "xxxx" MMC iddianı etiraf edir və borcun ona yönəldilməsini məhkəmədən xahiş edir. Bundan əlavə, "xxxx" MMC hələ məhkəmə çəkişməsindən illər öncə “Azərbaycan Beynəlxalq” Banka müraciət edərək rəsmi şəkildə Banka bildirib ki, vətəndaş Cavabdeh2 ilə aralarında bağlanmış mənzilin alqı-satqı müqaviləsi pozulub, mənzil "xxxx" MMC-yə qaytarılıb, kredit müqaviləsi üzrə öhdəliyin onun adına rəsmiləşdirilməsini Bankdan xahiş etmişdir. Belə ki, həmin kredit üçtərəfli kredit olmuş, "xxxx" MMC zamin kimi müqavilənin tərəfidir, eləcə də, kreditin təminat vasitəsi kimi ipoteka ilə yüklü edilmiş mənzilin "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış alqısatqı müqaviləsi ləğv edilmiş, ipoteka yüklü edilmiş mənzil "xxxx" MMC-nin mülkiyyətində qalmışdır, sonradan isə həmin mənzili "xxxx" MMC digər vətəndaşa satmaqla gəlir əldə etmişdir. Bu qeyd olunanlar onu göstərir ki, "xxxx" MMC tərəfindən iddianın etirafı qanunidir, belə ki, həmin kredit Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 AAAF Park Yaşayış massivi, 17-ci küçə, C saylı Bina, 52,13 kv.m. 182 saylı mənzilə görə verilmiş, həmin mənzil də kreditin təminat vasitəsi kimi ipoteka ilə yüklü edildiyindən, həmin mənzilin sahibi kimi və həmin mənzili sataraq gəlir əldə edən şəxs kimi kreditə görə formalaşmış faizlərə, eləcə də əsas kreditə görə məsuliyyəti "xxxx" MMC daşıyır. Bu iddianın etirafı qanuni və ədalətlidir, kənar heç kimin hüquqlarını, qanuni maraqlarını pozmur, məhkəmə iddianın cavabdeh "xxxx" MMC tərəfindən qəbul edilməsinə münasibət bildirməməklə MPM-nin 52-ci maddəsi ilə müəyyən edilmiş hüquqları pozmuşdur.

32. Normanın tələbinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə torpanmış digər sübutlarla yanaşı yoxlamaqla qiymətləndirməlidir. Lakin iş materiallarına baxanda görünür ki, məhkəmə bu prosessual normanın tələblərini pozmuşdur. İş materiallarına əlavə olunmuş və tərəflərin verdiyi izahatlardan aydın olur ki, kredit verən "xxxx" ASC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana 120 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə 39098 (otuz doqquz min doxsan səkkiz) manat kredit verməyi, kredit götürən Cavabdeh2 isə xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixə kimi hər ay banka 517 manat ödəməklə öhdəsinə götürmüş, Kreditor "xxxx" ASC, kredit alan Cavabdeh2 və zamin "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1275 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-xx.xx.2017-ci illər üçün Hesabdan Çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən sonuncu kredit ödəniş xx.xx.2015-ci ildə olmuşdur. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə xx.xx.2017-ci il tarixdə göndərilmiş məktubdan görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 8992 saylı kredit müqaviləsinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 167 “AAAF Park" Yaşayış Massivi, 17-ci küçədə yerləşən C saylı binanın 52.13 kv.metrdən ibarət olan 152 saylı mənzilini satın almışdır. O, 2015-ci ilin may ayında həmin mənzili geri qaytarmaq niyyəti ilə həm "xxxx" MMC-yə, həm də "xxxx" ASC-уə müraciət etmişdir. Bunun əsasında müqaviləyə uyğun olaraq onunla bağlanmış alqı-satqı müqaviləsi ləğv edilmiş və mənzil 2015-ci ilin may ayından "xxxx" MMC təhvil verilmişdir. Eyni məqsədlə Cavabdeh2 Banka müraciəti olmasma baxmayaraq, Bank ilə arasında olan kredit müqaviləsinə xitam verilməmiş və onun adına açılmış kredit xəttinə borc hesablanması davam etdirilmiş, bütün bunlardan isə Cavabdeh2 xəbəri olmamışdır. Həmin mənzil hazırda "xxxx" MMC-yə məxsusdur və bu səbəbdən Cavabdeh2 adına kredit hesablanması dayandırılmalı və həmin borcu ödəmək öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmalmalı olması barədə "xxxx" MMC bildirərək iddianı etiraf etmişdir. Buna görə də sözügedən mənzilə görə Cavabdeh2 əmlakına və ya əmək haqqına hər hansı tutma yönəltməməyi və həmin borcun ödənilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə göstəriş verilməsi xahiş olunmuşdur. Bu mühüm xüsusata və sübuta da məhkəmə hüquqi qiymət vermir.

33. Hal-hazırda Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylımənzil X5 adındadır. Qeyd olunan sübutlara məhkəmə verilən izahatlarla və işin faktiki halları ilə müqaisəli şəkildə qiymətləndirərək hüquqi qiymət verməmişdir.

34. Qətnamədə qeyd olunur ki, faiz borca görə Cavabdeh2 məsuliyyət daşıyır. Lakin iş materiallarında olan rəsmi sənədlər, tərəflərin verdiyi izahatlar onu göstərir ki, o, bu kredit öhdəliyinə görə heç bir məsuliyyət daşımır, çünki, o məsuliyyət daşıdığı müddətdə 2015-ci ilin may ayınadək öhdəliyini vaxtında yerinə yetirmiş, həmin vaxtdan da mənzili də MMC-yə təhvil vermiş, MMC zamin kimi bütün öhdəlikləri qarşılayacağına dair onu əmin edib, sənədləşmə işlərinin aparılması üçün də Banka müraciət etdikdə bildiriblər ki, heç bir problem yoxdur. Məhkəmənin bu kredit öhdəliyinin icrasına görə onun məsuliyyət daşıması qənaətinə gəlməsi işin hallarına uyğun deyil, işdə olan sübutlar bunu təsdiq edir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

35. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

37. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2, onun vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

38. Məhkəmə kollegiyasının iclasında Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X13 apellyasiya şikayətlərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

39. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

40. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

42. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

43. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.

44. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

45. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

46. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

53. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

56. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı "xxxx" ASC Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-93/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsini, Cavabdeh2 isə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(012)-93/2023 nömrəli qətnaməsinin qismən 21041,76 manat faiz borcu və dövlət rüsumuna görə 30 manat və 0,40 manat xidmət haqqının ondan alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə xeyrinə tutulması hissəsındə ləğv edilməsi və onun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin tam təmin olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-93/2023 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməli, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-93/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilməli, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 38039,36 manat əsas, 21041,76 manat faiz borcu olmaqla, ümumilikdə 59081,12 manat kredit borcu, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 dövlət rüsumu və bank xidmət haqqı müştərək qaydada tutulmalı, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir.

58. İşin hallarından görünür ki, xx.xx.2014-cü il tarixdə "xxxx" MMC ilə Cavabdeh2 arasında mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin mənzilə görə pulun ödənilməsi üçün kredit verən "xxxx" ASC ilə kredit alan Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, bank Cavabdeh2 39098 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zaminlik müqaviləsini imzalayaraq bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

59. Hal-hazırda bank həm əsas borcludan həm zamindən kredit müqaviləsi üzrə yaranmış borcu tələb edir. Kollegiya "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətin dəlili ilə razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsi ayrı-ayrılıqda Cavabdeh2 kredit müqaviləsi üzrə 21041,76 manat faiz borcu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 38039,36 manat əsas borcu "xxxx" ASC-nin xeyrinə tutmaqla səhvə yol vermişdir.

60. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh2 həmin kredit müqaviləsi üzrə "xxxx" ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçı-banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Göründüyü kimi borcun təminatı olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zamin durmuşdur. Cavabdehlər borcu ödəməmişlər və beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozduqları üçün müqavilə üzrə borcun tələb olunması hüququ yaranmışdır.

61. Digər tərəfdən kollegiya iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə hüquqi qiymət verərək hesab edir ki, Hacıyeva Balaxanım kredit müqaviləsi üzrə kreditor olmadığından, borcun ödənilməsinə dair iddia sürmək üçün subyektiv hüququ yoxdur.

62. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçı Cavabdeh2 "xxxx" MMC-dən mənzilin tikintisinə dair müqavilənin ləğv edilməsi nəticəsində vurduğu zərərin (sübut olunduğu təqdirdə) tutulmasını tələb edə bilər.

63. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməli, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-93/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçı "xxxx" ASC-nin iddiası təmin edilməli, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 38039,36 manat əsas, 21041,76 manat faiz borcu olmaqla, ümumilikdə 59081,12 manat kredit borcu, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 dövlət rüsumu və bank xidmət haqqı tutulmalı, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir.

64. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyərin 72,5 manat məbləğində pul vəsaiti Cavabdeh2, 72,5 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-93/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 38039,36 (otuz səkkiz min otuz doqquz manat otuz altı qəpik) manat əsas, 21041,76 (iyirmi bir min qırx bir manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 59081,12 (əlli doqquz min səksən bir manat on iki qəpik) manat kredit borcu, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumu və bank xidmət haqqı cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq ödənilsin. İddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72,5 (yetmiş iki manat əlli qəpik) manat Cavabdeh2, 72,5 (yetmiş iki manat əlli qəpik) manat "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar