Məhkəmə qərarları › İş №2(105)-626/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-626/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-626/2024 12.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc tələbi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh (sonuncu məhkəmə iclasına gəlməmişdir), iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-40/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı aldığı 85.000 manat borc pulu xx.xx.2022-ci il tarixədək borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/729 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 29-cu vərəqində İddiaçıilə Cavabdeh adından olan xx.xx.2022-ci il tarixli Kredit müqaviləsində “Borc alan” qrafasındakı imza və “Cavabdeh.” Yazıları – X6 tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 126 (yüz iyirmi altı) manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 85.000 manat pulun və 330 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbinin işin hallarına uyğun əsaslandırmaqla qeyd etmişdir ki, o, tanışı Cavabdeh xx.xx.2022-ci il tarixdə 85.000 manat borc vermiş və onlar bunu notariat qaydada təsdiq etmişlər. Aralarında olan razılığa görə cavabdeh borcu xx.xx.2022-ci il tarixədək ödəməli idi. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında müqavilə rəsmi qaydada olmuş, qarşı tərəf 85000 manat məbləğində borcu 3 ay müddətdə qaytaracağına söz vermişdir. Artıq bir ilə yaxın vaxt keçmiş, cavabdeh borcu qaytarmamış və qaytarmaq fikridə olmamışdır. Ümumilikdə heç nə qaytarılmamışdır. Bu şəxslərin kifayət qədər səriştələri var. -Avtomobilləri, mülkləri, villaları var, amma heç biri öz adlarına deyildir. Şəxsən o, özü qarşı tərəflə danışmış, gedin nə istəyirsiniz edin demişdir. Cavabdehin qardaşı, saxta etibarnamə hazırladığı üçün məsuliyyətə cəlb olunmuşdur.

6. Zəngilan Rayon Məhkəməsinin e2(034)-40/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim: Gülsarə İmanova).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə notariat qaydada təsdiq edilmiş müqavilə ilə cavabdeh iddiaçıdan 85.000 manat məbləğində borc almış, aralarında olan razılığı görə cavabdeh borcu xx.xx.2022-ci il tarixədək qaytarmalı olduğu halda üzərinə götürdüyü öhdəliyə əməl etməmiş və bu günə kimi iddiaçıya olan borcunu ödəməkdən yayınır.

8. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 445.2.1, 740.1, 740.2, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1004/2023 nömrəli iş üzrə 26 iyul 2023-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova).

Kassasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4433/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 1004/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (hakimlər Mehparə Əhmədova (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov).

13. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin tanımadığını iddia etdiyi şəxslə 85.000 manat məbləğində borc almasına dair əvvəlki müqavilənin bağlanılmasına aydınlıq gətirilməmiş, 2022-ci il tarixli müqaviləni pulun notariat ofisinin depozit hesabı vasitəsilə verilməməsi səbəbilə rədd edərkən, 2017-ci il tarixli müqavilənin hansı məqsədlə bağlandığını, tərəflər arasında borc və ya digər münasibətlərin (2022-ci ildə bağlanmış müqavilənin 2017-ci ildə bağlanmış müqavilədə qeyd olunan borcun etirafı məqsədilə bağlanılması, bu səbəbdən borcun notariat ofisinin depozit hesabı vasitəsilə verilməsinə ehtiyac olmaması) olubolmadığı aydınlaşdırılmamışdır.

14. Belə ki, cavabdeh apellyasiya instansiya məhkəməsinin iclasındakı izahatında iddiaçı ilə xx.xx.2017-ci il tarixdə notarial qaydada borc müqaviləsi bağlandığını, lakin həmin dövrdən xx.xx.2022-ci il tarixədək ondan bir xəbər çıxmadığını, xx.xx.2022-ci il tarixdə borc müqaviləsinin müddətinin bitdiyini, buna görə də yeni borc müqaviləsi bağlanmasının lazım gəldiyini bildirdiyini, bundan sonra yenidən müqavilə bağladıqlarını bildirmişdir. (i.v.71).

15. Cavabdehin izahatından belə aydın olur ki, iddiaçı ilə bağlanmış 2022-ci il 15 aprel tarixli müqavilə, 2017-ci il 19 aprel tarixli müqavilədə nəzərdə tutulmuş borcun etirafı barədə müqavilə kimi bağlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cavabdehin izahatlarının işin halları ilə uyğunluğunu araşdırmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və onları düzgün tətbiq etməmişdir. Məhkəmə işin mahiyyəti üzrə düzgün nəticəyə gəlməmiş, öz qətnaməsini işin faktiki hallarına uyğun əsaslandıra bilməmişdir. O, əvvəllər İddiaçı tanımamışdır. X5 tanımışdır. X1 Vəliyevanın yaxın qohumudur. O, İddiaçı hər hansı bir pul vəsaiti almamışdır. Vəliyev İlyasın 2 ədəd “Mersedes Benz” markalı avtomobili var idi. Dediyinə görə həmin avtomobilləri Almaniyadan gətirmişdir. Ona təklif etmişdir ki, həmin avtomobilləri sataq və pulun sahibkarlıq məqsədi ilə başqa işə qoyaq. O da razılaşmışdır və həmin avtomobilləri satmaq üçün ona vermişdir. O həmin avtomobilləri sataraq İlyas Vəliyevlə birlikdə Abşeron Rayonu, Müşviq qəsəbəsində yerləşən gölün qurudulmasına sərf etmişlər. Sonradan Amalya adlı bir xanım ona zəng edərək həmin avtomobillərin ona məxsus olduğunu bildirmişdir. O isə bunu bilmədiyini qeyd etmişdir. İlyas ona bunu deməyibdir. Bundan sonra o, həmin avtomobillərin pulunu ondan tələb etmiş və təkidlə bildirmişdir ki, həmin pulları ondan alacaqdır. Pulu ondan almaq məqsədi ilə o, Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Söhbət zamanı İddiaçı bildirmişdir ki, o, Almaniyada yaşayır və oradan avtomobillər göndərə bilər. Ona bildirmişdir ki, birbaşa onun adına oradan avtomobil göndər burada satsın. O, əvvəlcə razılaşmadı, lakin sonra bildirdi ki, bu şərtlə maşın göndərə bilər ki, bu iki maşının pulunu versin. Ona bildirdi ki, halhazırda əlində pul yoxdur. Olan vəsait gölün qurudulmasına sərf edilibdir. Bundan sonra İddiaçı bildirdi ki, notarial qaydada borc müqaviləsi bağlansa ona əlavə olaraq yenə də avtomobil göndərər. O da bu şərtlə razılaşmış və 19 aprel 2017-ci il tarixdə notarial qaydada borc müqaviləsi bağlanmışdır. Həmin dövrdən xx.xx.2022-ci tarixə qədər ondan bir səs çıxmadı və yenidən xx.xx.2022-ci il tarixdə bildirmişdir ki, o borc müqaviləsinin müddəti bitib yenidən müqavilə bağlamaq lazımdır. O da həmin şərtlə yenidən razılaşmış və yeni borc müqaviləsi bağlanmışdır. Bir müddət keçəndən sonra məhkəmədən ona bildiriş gəldi. Məhkəmədə İddiaçı tərəfindən ona hər hansı pul vəsaitinin verilmədiyini bildirmişdir. Əlavə olaraq məhkəmədə bildirilmişdir ki, tərəfindən iki ədəd avtomobil İlyasdan alınmışdır və həmin avtomobilləri İddiaçı deyil, İlyas Vəliyev ona vermişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, eyni zamanda teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsinə dair sübut təqdim etməmişdir.

20. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

21. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

25. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

30. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

31. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

33. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Fərəcov X3 Rayon Məhkəməsinin Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-40/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Ona görə də kollegiya Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

45. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

46. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir.

47. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

48. İşin faktiki hallarından görünür ki, tərəflər arasında eyni məbləğdə pul vəsaitinə, yəni 85000 manata dair ayrı-ayrı vaxtlarda xx.xx.2017-ci il və xx.xx.2022-ci il tarıxlərində kredit müqavilələri bağlanmışdır. Cavabdeh öz apellyasiya şikayətində xx.xx.2022-ci il tarixli notarial bağlanmış kredit müqaviləsinin xx.xx.2017-ci il tarixli kredit müqaviləsi əsasında yaranmış borcun etirafı barədə razılaşma kimi bağlanmasını göstərsə də, apellyasiyanın ikinci icraatı zamanı ikinci müqavilədəki imzanın ona məxsus olmamasını bildirmişdir. Kollegiya mübahisəli müqavilədə cavabdehin imzasının ona məxsus olubolmamasını yoxlamaq məqsədi ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasını təyin etmişdir.

49. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı ilə Cavabdeh adından olan xx.xx.2022-ci il tarixli Kredit müqaviləsində “Borc alan” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.

50. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

51. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində İddiaçı tanımadığını, mübahisəli pul vəsaitinin ona ümumiyyətlə borc verilməməsini, iddiaçının yaxın qohumu Vəliyev İlyas ilə avtomobil alqı-satqısına dair birgə iş birliyinin olmasını göstərsə də, buna dair mötəbər sübutları nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsinin icraatında təqdim edə bilmişdir.

52. Beləliklə, apellyasiya şikayətinin dəlillərini, eləcə də kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə almaqla aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 2022-ci il tarixli müqavilə 2017-ci ildə bağlanmış müqavilədə qeyd olunan borcun etirafı məqsədilə bağlanılmışdır, bu səbəbdən borcun notariat ofisinin depozit hesabı vasitəsilə verilməsinə zərurət olmamışdır.

53. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

54. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

55. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

56. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

57. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin Cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

58. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

59. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

60. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-40/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 126 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(034)-40/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 126 (yüz iyirmi altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar