Məhkəmə qərarları › İş №2(042)-557/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-557/2025

23.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-557/2025 23.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “0400223 nömrəli akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “0400223 nömrəli akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, bu iddia ərizəsinə ərazi aidiyyətinə görə Gədəbəy Rayon Məhkəməsinə baxılmalı deyil. Belə ki, iddia ərizəsi və iş materiallarından görünür ki, hazırki tələb cavabdeh tərəfindən istehlak edilmiş qazın dəyəri ilə əlaqədar tərtib edilmiş akt və tələbnamə əsasında hesablanmış borcun silinməsi barədədir. Qanunvericiliyə əsasən, mülkiprosessual qanunvericilikdə istehlakçının hüququnun müdafiəsi haqqında iddiaların iddiaçının yaşayış yeri üzrə məhkəməyə təqdim edilməsi iddiaçının hüququ kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd edir ki, MPM-in 36.9-cü maddəsində işlədilən “yaşayış yeri” ifadəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla şərh verilməlidir. Belə ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə “şəxsin yaşayış yeri” deyiləndə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Tağıyev X1 rayonu, Novosaratovka kəndində qeydiyyatda olmasına baxmayaraq daimi olaraq Samux rayonu, Qiyaslı kəndində yaşayır. Həmçinin kommunal xərclərlə bağlı mübahisənin yarandığı abonent (abonent kodu: **********00000) İddiaçı adına olan sayğacın quraşdırıldığı fərdi yaşayış evi də Samux rayonu, Qiyaslı kəndində yerləşir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. İddiaçı məhkəmə iclasında mülki işin aidiyyatı üzrə göndərilməsinə etiraz etməmişdir. Göründüyü kimi hazırki iddia istehlakçının hüququnun müdafiəsi haqqında olduğundan hazırki işə onun yaşadığı yerin məhkəməsində baxılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “0400223 nömrəli akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə baxılması Gədəbəy Rayon Məhkəməsinin yurisdiksiyasına aid olmadığından ərazi aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36,9, 44-45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “0400223 nömrəli akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş aidiyyəti üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar