Məhkəmə qərarları › İş №2(042)-59/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-59/2024

26.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-59/2024 26.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə verərək, hüquq müəyyənedici sənəd olan, JN-3 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında ona məxsus olan, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci ildə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində anadan olmuşdur. Hal-hazırda həmin kəndə yaşayır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-3 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında ona və ailə üzvlərinə 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktının arxiv nüsxəsi ləğv edilmiş Dövlət Torpaq və X5 rayon şöbəsi tərəfindən ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə təhvil verilməmişdir. Buna baxmayaraq həmin 0.52 ha torpaq sahəsi faktiki olaraq onun sahibliyində, istifadəsində və sərəncamındadır. Lakin torpaq sahəsinə dair dövlət aktı itmişdir. Həmin sənədi məhkəmədən kənar qaydada bərpa etmk mümkün deyildir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan JN- 3 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında ona məxsus olan, Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsini istəyir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən görünür ki, Ərizəçi adına ləğv edilmiş DTXK-nin təqdim etdiyi elektron məlumatlar bazasına əsasən Gədəbəy rayonu, Böyük Qaramurad kəndində paylı mülkiyyətdə olan, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-03 nömrə ilə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası DT və XK-nin Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli,159 saylı arayışın surətindən görünür ki, islahat aparılan zaman Ərizəçi qardaşı X1 ailə tərkibində olmaqla 4 nəfər ailə üzvünə 0.52 ha pay torpağı verilmişdir. Dəyəri 171 manatdır. Lakin həmin Dövlət Aktını dəyişmək üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilmişdir. Torpaq sahəsi adına olan şəxslər bunlardır; X4, Ərizəçi, X6 və X7. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X12 tərəfindən Ərizəçi verilmiş 07 fevral 2023-cü il tarixli, k-3-18 saylı arxiv arayışından görünür ki, həyətyanı torpaq sahələrinə dair dövlət aktları Dövlət X12na təhvil verilmədiyi üçün filialda saxlanılmır. Odur ki, paylı mülkiyyətdə olan torpaq sahəsinə aid dövlət aktının surətinin verilməsi mümkün deyildir. Həmçinin Gədəbəy rayonu ərazisində fəaliyyət göstərmiş sabiq kolxoz və sovxozların qaytanlanmış torpaq kitabları Şəmkir Filialına təhvil verilmədiyi üçün Gədəbəy rayonunun Böyük Qaramurad kəndində Ərizəçi, X6, X7 və X1 adına torpaq sahəsi olması barədə məlumat verilməsi mümkün deyildir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Ərizəçi müraciətinə cavab olaraq verilmiş 24 noyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, Dövlət Aktının təsdiq edilmiş surətinin verilməsinə dair Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə ünvanladığı müraciətinə baxılmışdır. Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Ərizəçi və ailə üzvlərinin adlarına JN-3 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Qeyd edilən Dövlət Aktınin arxiv nüsxəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən 11 saylı Şəmkir Ərazi İdarəsinə təhvil verilmədiyindən təsdiq edilmiş surətinin verilməsi mümkün deyil. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayonu Böyük Qaramurad kəndində yerləşən hazır ki iş üzrə mübahisəli 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edildi. Gədəbəy rayonu Böyük Qaramurad kəndində yerləşən hazır ki iş üzrə mübahisəli 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyətə məxsus torpaq sahəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsində göstərilmişdir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (2, 3 və 4-cü bəndlər). Həmçinin, məhkəmə qeyd edir ki, MPM-in 307.2.6-cı maddəsində mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət qeydiyyatını aparan orqan həmin əmlaka olan hüququ təsdiq edən müvafiq sənəd verir. Həmin sənəd itirildikdə və həmin sənədin alınması və ya bərpası mümkün olmadıqda MPM-in 307.2.6-cı maddəsinə müvafiq olaraq məhkəməyə müraciət edilə bilər. Məhkəmə o halda daşınmaz əmlaka olan mülkiyyət hüququnu təsdiq edə bilər ki, həmin əmlak: 1) dövlət qeydiyyatına alınmış olsun; 2) hüquq müəyyənedici sənəd itirilsin və 3) qeydə alan orqandan onun dublikatını almaq mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-3 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında ərizəçiyə və ailə üzvlərinə 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ərizəçi həmin torpaq sahəsinin onlara verilməsi barədə Dövlət aktının itdiyini bildirmişdir. Ərizəçi Dövlət aktının təsdiq edilmiş surətinin əldə edilməsi üçün müvafiq aidiyyəti orqanlara müraciət etsə də, həmin dövlət oranlarında Dövlət aktının arxiv nüsxəsi aşkar edilməmiş və əldə edilməsi mümkün olmamışdır. Ona görə də, ərizəçi məhkəməyə müraciət edərək torpaq sahəsinə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsini istəmişdir. Məhkəmə qeyd edilən torpaq sahəsinin hüquqi statusunun müəyyən edilməsi üçün mütəxəssis cəlb etmiş və mütəxəssis tərəfindən verilmiş rəyə əsasən, Gədəbəy rayonu Böyük Qaramurad kəndində yerləşən ərizənin predmeti olan 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyətə məxsus torpaq sahəsi olması və Ərizəçi və ailə üzvlərinin həmin torpaq sahəsinin mülkiyyətçiləri olması müəyyən edilmişdir. Beləliklə, Gədəbəy rayonu Böyük Qaramurad kəndində yerləşən 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi və ailə üzvlərinin (X6, X7 və X4) mülkiyyətinə verilməsi ərizəçinin izahatı, mütəxəssis rəyi və işdə olan digər sübutlarla öz təsdiqini tapır. Torpaq sahəsinin ərizəçinin və ailə üzvlərinin mülkiyyətinə verilməsi barədə Dövlət aktının arxiv nüsxəsi müvafiq dövlət orqanlarında aşkar edilmədiyindən və ərizəçidə olan nüsxəsi itdiyindən ərizə üzrə irəli sürülmüş tələbin məhkəmədən kənar qaydada həll edilməsi mümkün deyildir. Ərizəçinin və ailə üzvlərinin qeyd edilən torpaq sahəsi üzrərində sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi, onların qanunla müəyyən edilmiş mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Ona görə də, məhkəmə ərizənin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Gədəbəy rayonu, Böyük Qaramurad kəndində yerləşən JN-3 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında verilmiş 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Ərizəçi və ailə üzvlərinin (X2, X3 və X1) sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar