Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-630/2025 19.08.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Ərizəçi X1 «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında iş (açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi»nə dair ərizəsi üzrə xüsusi icraat qaydasında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Xüsusi icraat qaydasında işin mahiyyəti
1. X4 məhkəməyə ərizə verərək, Gədəbəy şəhərində xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 fəaliyyət qabilyyətsiz hesab edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 onun doğma oğludur. Oğlu Rahibin anadan gəlmə ruhi xəstəliyi, əqli gerliyi var. Oğlu Rahib özünü idarə etmək iqtidarında deyildir. Özünün hərəkət və davranışlarını bilmir. Onun bütün işlərində ona yaxından kömək etmək üçün bir nəfər şəxs qəyyum təyin edilməlidir. Oğlu Rahibin kənar şəxsin qulluğuna ehtiyacı vardır. Gədəbəy rayon Mərkəzi Xəstəxanasında “Ağır dərəcəli əqli gerlik və andan gəlmə ciddi davranış pozuntusu” diaqnozu ilə ruhi-əsəb xəstəliklərin qeydiyyatında durur.
II. Tərəflərin mövqeləri:
3. Ərizəçi X4 məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Maraqlı şəxs Gədəbəy rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə doğulmuş, atası qrafasında X3, anası qrafasında X4 qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2025-ci il tarixli məlumat vərəqindən görünür ki, X5 birinci dərəcəli əlildir, orqanizmin funksiyalarının 95 faizi pozulmuşdur. Ona “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik İQ.22” diaqnozu qoyulmuş, kənar şəxsin qulluq və qayğısına ehtiyacı olması və əmək qabiliyyətsiz olması qeyd edilmişdir. - TƏBİB “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” PHŞ Poliklinka Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 “ağır dərəcəli əqli gerilik İQ.22” diaqnozu ilə ruhi-əsəb xəstəlikləri qeydiyyatından durur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi X6 şöbəsinin xx.xx.2025-ci il tarixli, 385 saylı rəyindən görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X5 “ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə” xəstəliyindən əziyyət çəkir. X5 öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.
7. Göründüyü kimi, X5 öz hərəkətlərinin mənasını tam anlayıb, hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
9. Azərbaycan Respublikasının MPM-in 305.1.3-cü maddəsinə müvafiq olaraq şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə Məhkəmə xüsusi icraat qaydasında baxır.
10. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.
11. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.
12. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
V. Nəticə:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 326, 360, 362ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 2007-ci ildə Gədəbəy rayonunda anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zamiq Rəsulov