Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-670/2023 08.08.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İB tərəfindən ona əsassız hesablanmış 1555.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı müqaviləsi” bağlanmış və tərəfindən istifadə olunmuş qaz sərfiyyatına görə vaxtlıvaxtında ödənişlər edilmişdir. Buna baxmayaraq, Cavabdeh tərəfindən ona əsassız olaraq 1555.20 manat borc məbləği hesablanmışdır. Cavabdeh səbəb olaraq onu göstərmişdir ki, guya o qaz sayğacını yararsız hala salaraq təbii qazdan sayğacdan kənar istifadə etmiş və həmin səbəbdən akt əsasında ona qeyd olunan borc məbləği hesablanmışdır. Bu tamamilə yalandır. O, heç vaxt sayğacı nə yarasız hala salmamış, nə ona müdaxilə etməmiş, nə də qazdan sayğacdan kənar istifadə etməmişdir. Elə buna görə də akta imza etməkdən imtina etmişdir. Bununla bağlı o cavabdehə pretenziya qaydasında müraciət edərək əsassız hesablanmış borcun silinməsini tələb etmişdir. Lakin cavabdeh tərəfindən həmin əsassız borcun silinməsi ilə bağlı heç bir hərəkət edilməmiş, ümumiyyətlə pretenziyaya cavab verilməmişdir. Odur ki, əsassız hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdeh tərəfindən onda hesablanmış əsassız borc məbləği silinməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, o, qaz sayğacından kənar istifadə etməmiş, qaz sayğacına müdaxilə etməmişdir. Onun qaz sayğacı dəyişmiş və ona həmin borc hesablanmışdır. Onun həmin borcdan məlumatı olmamış və bununla bağlı heç bir yerə çağırılmamışdır. Qaz idarəsinin işçiləri tərəfindən ona həmin akt təqdim edilərək ona cərimə hesablanması bildirilmişdir. Qaz sayğacı 2016-cı il tarixdə quraşdırılmış və 2022-ci il tarixdə dəyişdirilmişdir. Qaz sayğacı açıq yerdə yerləşir. Qaz sayğacı dəyişdirilərkən orada olmuş və ona hər 5-6 ildən bir qaz sayğaclarının dəyişdirildiyi, ona görə də onun qaz sayğacının dəyişdirildiyi bildirilmişdir. Bu vaxt qaz sayğacının dəyişdirilməsi barədə ona akt təqdim edilmişdir. Qaz sayğacı dəyişdirilən zaman qaz sayğacının plombu yerində olmuş, üzərində heç bir cızığı olmamış və saz vəziyyətdə olmuşdur. 13 may 2022-ci il tarixdə yeni sayğac quraşdırılmışdır. 31 mart 2023-cü il tarixdə ona borcun hesablanması barədə akt təqdim edilmişdir. Sayğac lobaratoriyada yoxlanılan və bu barədə araşdırma aparılan zaman ona heç bir məlumat verilməmişdir. Qaz sayğacı sökülüb aparılarkən xüsusi qabda aparılmalıdır. Buna əməl edilməmişdir. Qaz sayğacı dəyişdikdən 11 ay sonra belə bir borcun olması barədə akt verilmişdir. Ona əsassız olaraq cərimə hesablanmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, işdə olan paylayıcı X2 İstismarı İdarəsi ilə fiziki şəxs olan istehlakçı İddiaçı arasında qazın alıq-satqısı barədə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakıçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödənilməsi barədə öhdəliklər götürmüşdür. İşdə olan qaz sayğacının çıxarılması, quraşıdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktından görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən sifarişçi İddiaçı adına olan qaz sayğacı yenisi ilə əvəzlənmişdir. İşdə olan təbbi qazdan istifadə qaydalarının pozulması haqqında 31 mart 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, ******* nömrəli qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfindən əzilməsi və daxili hissələrində əzik-cızıq izləri aşkar edilməsi qeyd edilmiş, dəymiş ziyanın hesablanması və dəyərinin abonent tərəfindən ödənilməsi tələb edilmişdir. İşdə olan abonent İddiaçı adına olan abonent saldosundan görünür ki, akt üzrə İddiaçı 1555.2 manat borc hesablanmışdır. Məhkəmədə müəyyən edildi ki, X2 İstismarı İdarəsi ilə istehlakçı İddiaçı arasında Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alıq-satqısı barədə bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakıçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödənilməsi barədə öhdəliklər götürmüşdür. 13 may 2022-ci il tarixdə sifarişçi İddiaçı adına olan qaz sayğacı yenisi ilə əvəzlənmişdir. Bundan sonra 31 mart 2023-cü il tarixli akta əsasən İddiaçı təbbi qazdan istifadə qaydalarını pozması müəyyən edilmiş və ona 1555.2 manat borc hesablanmışdır. İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən ona əsassız olaraq borc hesablandığını iddia etmiş və həmin borcun silinməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafıəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı dəyişdirilməsi üçün götürülmüş, bununla əlaqədar aktda sayğacda hər hansı qüsürün olması qeyd edilməmiş, qaz sayğacının laboratoriyada yoxlanılıb-yoxlanılmaması barədə iddiaçıya hər hansı məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş, yalnız bir ildən sonra iddiaçıya borc hesablanmışdır. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda istehlakçının (hazırki iş üzrə iddiaçının) üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qeyd edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi 5 ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edildi ki, Cavabdeh tərəfindən Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan İddiaçı adına 31 mart 2023-cü il tarixli akt üzrə 1555.2 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclası barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o nümayəndəsinin iştirakını təmin etməmiş, iddia tələbinə dair hər hansı etirazı məhkəməyə daxil olmamış, həqiqətin müəyyən edilməsi üçün qaz sayğacına baxış keçirmiş əməkdaşların məhkəmə iclasında iştirakı təmin edilməmiş, qeyd edilən borcun hansı əsasla hesablanması, iddiaçının qaz sayğacına hər hansı qanunsuz müdaxiləsinin olması və ya iddiaçının təqsirli hərəkət (hərəkətsizliyi) nəticəsində həmin borcun yaranmasını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə iddiaçıya heç bir əsas olmadan 1555.2 manat borcun hesablanması onun qanunla qorunun hüquqlarının pozulmasına gətirib çıxarır. Ona görə də məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən 31 mart 2023-cü il tarixli akt üzrə İddiaçı hesablanmış 1555.2 manat məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən 31 mart 2023-cü il tarixli akt üzrə İddiaçı hesablanmış 1555.2 manat məbləğində borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-670/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-670/2023
08.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver