Məhkəmə qərarları › İş №2(042)-685/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-685/2022

01.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-685/2022 01.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Rafael qızına qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Rafael qızına qarşı xx.xx.2014-cu il tarixdə doğulmuş X4 və xx.xx.2016-cü il tarixdə doğulmuş X1 üçün Cavabdeh Rafael qızından hər ay sabit pul məbləğində hər uşaq üçün 193 manat, cəmi, 386 manat miqdarında aliment alınaraq, ona verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Cavabdeh Rafael qızı ilə 2014-cü il tarixdə nikah bağlamadan, evlənmişlər. Birgə ailə münasibətlərindən xx.xx.2014-cu il tarixdə X6 və xx.xx.2016-cü il tarixdə X7 doğulmuşlar. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan başqa şəxslərə qoşularaq, Bakı şəhərinə getmişdir. Azyaşlı uşaqlar hazırda onun himayəsində qalmışdır. Onun maddi vəziyyəti çox pisdir. Uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Ona görə də o, aliment tələbi ilə müraciət etmişdir və iddianın təmin edilməsini xahiş edir. Cavabdeh Rafael qızına məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq, ona göndərilmiş bildirişlər cavabdehin ərazidə olmaması qeydi ilə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan X3 surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cu il tarixdə X6 və xx.xx.2016-cü il tarixdə X7 doğulmuşlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında iddiaçı iddia tələbi müdafiə etmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin rəsmi iş yeri, onun aylıq qazancı barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi vəziyyətini, uşaqların saxlanılmasında onların iştirakları dərəcəsini, cavabdehin qadın olmasını nəzərə alır və belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2014-cu il tarixdə doğulmuş X4 və xx.xx.2016-cü il tarixdə doğulmuş X1 üçün Cavabdeh Rafael qızından hər ay hər uşaq üçün 75 manat, cəmi, 150 manat miqdarında aliment alınaraq, İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yəni, Cavabdeh Rafael qızından 38 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2014-cu il tarixdə doğulmuş X4 və xx.xx.2016-cü il tarixdə doğulmuş X2 tərbiyə edilməsi üçün Cavabdeh Rafael qızından hər ay hər uşaq üçün 75 manat, cəmi, 150 manat miqdarında aliment alınaraq, İddiaçı verilsin. Cavabdeh Rafael qızından 38 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Alimentin tutulması 09 iyun 2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar