Məhkəmə qərarları › İş №2(042)-697/2023

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-697/2023

05.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-697/2023 05.10.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 miras qalmış, Gədəbəy rayonu, Hacıalılar kəndində yerləşən, JN-002A KOD 50523028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.31 ha həyətyanı torpaq sahəsinin 1/4 hissəsindən və həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli, 1-ci mərtəbəsi zirzəmidən, 2-ci mərtəbəsi 2 otaqdan və yardımçı sahə kimi tövləsi olan fərdi yaşayış evindən ibarət miras əmlakın qanun üzrə vərəsə olaraq, onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 iddia ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, iddiaçı onun əridir. İddiaçının atası X10 ilə anası X6 birgə nikahından dörd övladları – İddiaçı, X14, X11 və Cavabdeh olmuşdur. İddiaçının atası X10 xx.xx.1982-ci ildə, anası X12 xx.xx.2003-cü ildə, qardaşı X14 xx.xx.2002-ci ildə, bacısı X11 isə xx.xx.1986-cı ildə vəfat etmişlər. X10 və X1 onların Gədəbəy rayonu, Hacıalılar kəndində torpaq sahəsi olmuş, həmin torpaq sahəsində 1979-cu ildə ümumi sahəsi 70 kv.m olan fərdi yaşayış evi tikdirmişlər. İddiaçı həm valideynlərinin sağlığında, həm də onların ölümündən sonra həmin evdə ailə üzvləri ilə birgə yaşamışdır. Bu səbəbdəndir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 26 nömrəli qərarı ilə Gədəbəy rayonu, Hacıalılar kəndində iddiaçının, onun, X6 və övladı X3 ümumi birgə mülkiyyətinə 0.31 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN-002A KOD 50523028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsində iddiaçının valideynləri 1979-cu ildə fərdi yaşayış evi tikmişdir. Ev arxiv arayışına əsasən X6 adına qeyd edilmişdir. Həmin evdə onlar birlikdə yaşamışlar. İddiaçının valideynlərinə o və iddiaçı baxıb qulluq etmişdir. Cavabdeh Gədəbəy rayonu, Novosaratovka kəndində öz evində yaşayır. X12 vəfat edəndə bütün dəfn xərclərini iddiaçı qarşılamışdır. İddiaçı anasının ölümündən sonra da, ondan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini faktiki olaraq qəbul etmiş, miras əmlak üzəriəndə sahiblik və istifadəni həyata keçirmişdir. İddiaçı anasının vəfatından sonra ondan qalmış miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmiş, lakin iddiaçının qardaşı Cavabdeh mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə və vərəsəliyin qəbulu müddəti ötürüldüyünə görə Gədəbəy Notariat Ofisi ona xx.xx.2023-cü il tarixdə imtina məktubu vermiş və məhkəməyə müraciət etməyini izah etmişdir. Miras kütləsi ilə bağlı bildirir ki, Gədəbəy rayonu, Hacıalılar kəndində yerləşən 0.31 ha torpaq sahəsinə dair JN-002A KOD 50523028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə vardır. Həmin şəhadətnaməyə əsasən torpaq sahəsinin 1/4 hissəsi X4 miras qalmışdır. Eləcə də həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 143 nömrəli arxiv arayışına əsasən, X6 adına qeyd edilmişdir. Yaşayış sahəsi ikimərtəbəli olmaqla birinci mərtəbə zirzəmidən, ikinci mərtəbə 2 otaqdan ibarət fərdi yaşayış evindən və yardımçı sahə olaraq tövlədən ibarətdir. Həmin əmlakı X1 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasında heç bir maneə olmamış və onun həmin əmlaka dair mülkiyyət gözləntisi olmuşdur. Ona görə də Gədəbəy rayonu, Hacıalılar kəndində yerləşən JN-002A KOD 50523028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.31 ha həyətyanı torpaq sahəsinin 1/4 hissəsi və həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli, 1-ci mərtəbəsi zirzəmidən, 2-ci mərtəbəsi 2 otaqdan ibarət fərdi yaşayış evi və yardımçı sahə kimi tövlə X4 qalmış miras kütləsinə daxil edilməlidir. Ona görə də iddia tələbinin təmin edilmsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəcə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Gədəbəy Rayon Notariat Ofisinə məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 185.6-cı maddələrinin tələblərini nəzərə alaraq, işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Hacıalılar kəndində qeydiyyatda olmaqla yaşayır. İşdə olan doğum haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Gədəbəy rayonu, Hacıalılar kəndində doğulmuş, atası qrafası boş saxlanılmış, anası qrafasında X12 qeyd edilmişdir. İşdə olan JN-002A KOD 50523028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 26 nömrəli qərarı ilə Gədəbəy rayonu, Hacıalılar kəndində X6, İddiaçı, X5 və X3 ümumi birgə mülkiyyətinə 0.31 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 143 nömrəli arxiv arayışından göürnür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Poladlı Kənd İƏD üzrə Nümayəndəliyinin 2001-2005-ci illərə dair 2 nömrəli təsərrüfatbaşına kitabın 106-cı şəxsi hesabında qeydiyyatda olmaqla X6 adına təsərrüfat qeyd edilmiş, təsərrüfatda ailə başçısı kimi X12, ailə üzvləri kimi oğlu İddiaçı, gəlini X9 və nəvəsi X7 qeyd edilmişdir. Tikili qrafasında ümumi sahəsi 70 kv.m olan ev qeyd edilmişdir. İşdə olan AZ-İ № 527158 seriyalı ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1982-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ № 527279 seriyalı ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2003-cü il tarixdə ölmüşdür. İşdə olan AZ-İİ № 356360 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 isə xx.xx.1986-cı il tarixdə ölmüşdür. İşdə olan AZ-İİ № 356352 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2002-ci il tarixdə ölmüşdür. İşdə olan Gədəbəy RİH Başçısının Poladlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 317 nömrəli Arayışdan göürnür ki, Gədəbəy RİH Başçısının Poladlı Kənd İƏD üzrə Nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 02 nömrəli ev təsərrüfatının uçotu kitabının 57-ci səhifəsinə əsasən 147 nömrəli şəxsi hesaba əsasən İddiaçı adına ümumi sahəsi 70 kv.m olab fərdi yaşayış evi qeyd edilmişdir. İşdə olan Gədəbəy RİH Başçısının Poladlı Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 319 nömrəli arayışdan göürnür ki, İddiaçı mərhum anası X12 ilə ölən bir günədək Gədəbəy rayonu, Hacıalılar kəndində yaşamışdır. X12 vəfat etdikdən sonra onun təsərrüfatında ailə üzvləri kimi İddiaçı, X9 və X7 qalmışdır. İşdə olan Gədəbəy Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 261 nömrəli məktubdan göürnür ki, İddiaçı anasının vəfatından sonra ondan qalmış miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmiş, lakin vərəsələr arasında miras bölgüsü ilə bağlı mübahisə olduğuna görə və vərəsəliyin qəbulu müddəti ötürüldüyünə görə ona vərəsəlik hüququ haqıqnda şəhadətnamə almaq üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının anası X12 xx.xx.2003 il tarixdə ölmüşdür. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 26 nömrəli qərarı ilə Gədəbəy rayonu, Hacıalılar kəndində X6, İddiaçı, X5 və X3 ümumi birgə mülkiyyətinə 0.31 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN-002A KOD 50523028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Eləcə də X12 ona məxsus həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Həmin fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər olmasa da, onların mərhum X8 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, sözügedən fərdi yaşayış evi və torpaq sahəsinin ¼ hissəsi barəsində X6 mülkiyyətə dair qanuni gözləntisi olmuşdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarında xatırlatmışdır ki, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X6 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Hacıalılar kəndində yerləşən 0.31 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ibarət əmlak X6 mülkiyyəti hesab edilməklə onun ölümündən sonra qalmış miras kütləsinə daxil edilməlidir. Qanun üzrə vərəsələr tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd edir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək övladı Cavabdeh X6 ölümündən uzun müddət əvvəl başqa təsərrüfata köçmüş və hal-hazırda da başqa təsərrüaftlarda yaşayır. Bununla da məhkəmə onun miras əmlakı qəbul etməməsini nəzərə alır. X6 ölümündən sonra iddiaçı həmin əmlakdan istifadə etməklə, onu miras kimi faktiki olaraq qəbul etmişdir. Ona görə də iddia tələbi təmin edilməli, İddiaçı tərəfindən mərhum anası X4 qalmış, Gədəbəy rayonu, Hacıalılar kəndində yerləşən, JN-002A KOD 50523028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmiş 0.31 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsindən və həmin torpaq sahəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evindən ibarət mirasın qanun üzrə vərəsəlik hüququ əsasında qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. X2 miras qalmış, Gədəbəy rayonu, Hacıalılar kəndində yerləşən, JN-002A KOD 50523028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.31 ha həyətyanı torpaq sahəsinin 1/4 hissəsindən və həmin torpaq sahəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evindən ibarət mirasın qanun üzrə vərəsəlik hüququ əsasında İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar