Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-718/2023 07.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X19 oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum anası X7 miras qalmış, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən, JN-034D KOD 50531018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq tam hissə vərəsəlik payının müəyyən edilməsi və həmin mirasın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və mərhum X3ndan miras qalmış, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən, JN-034D KOD 50531018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən və həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq tam hissə vərəsəlik payının müəyyən edilməsi və həmin mirasın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 ilə anası X20 1956-cı ildə qeyrirəsmi olaraq ailə qurmuşlar, xx.xx.1960-cı ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından o, X23, X26, X14 və Cavabdeh olmaqla 5 övladı olmuşdur. X3 xx.xx.2018-ci ildə, anası X20 xx.xx.2022-ci ildə vəfat etmişdir. Atası və anasının sağlığında onların Gədəbəy rayonu, Şahdağ kəndində torpaq sahəsi olmuş, həmin torpaq sahəsində 1963cü ildə ümumi sahəsi 110 kv.m olan fərdi yaşayış evi tikdirmişlər. Həm valideynlərinin sağlığında, həm də onların ölümündən sonra həmin evdə o və ailə üzvləri yaşamışdır. Bu səbəbdəndir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 nömrəli qərarı ilə Gədəbəy rayonu, Şahdağ kəndində X3nun, anası X10, onun, arvadı X2 və övladları X15, X12 və X16 ümumi birgə mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-034D KOD 50531018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Ev ərizəyə əlavə etdiyi Şahdağ kənd İƏD üzrə nümayəndəlyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən atasının adına qeyd edilmişdir. Həmin evdə valideynləri və o ailə üzvləri ilə birlikdə yaşamışlar. Valideynlərinə o baxıb qulluq etmişdir. Valideynləri vəfat edəndə bütün dəfn xərclərini o və həyat yoldaşı qarşılamışdır. Bu barədə Şahdağ kənd İƏD üzrə nümayəndəlyinin xx.xx.2012-ci il tarixli arayışını ərizəsinə əlavə edir. Atasının və anasının ölümündən sonra da, onlardan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini faktiki olaraq o qəbul etmiş, miras əmlak üzəriəndə sahiblik və istifadəni həyata keçirmişdir. O, atasının və anasının vəfatından sonra onlardan qalmış miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmiş, lakin qardaşı Cavabdeh mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə Gədəbəy Notariat Ofisi ona xx.xx.2023-cü il tarixdə imtina məktubu verdi və məhkəməyə müraciət etməsi izah edilmişdir. Digər qardaşları X23, X26 və X14 valideynlərindən miras qalmış əmlakdan heç bir pay tələb etmirlər, onlar bu barədə notarial qaydada imtina ərizələri vermişlər. Odur ki, qardaşı Cavabdeh mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Hazırda cavabdeh olan qardaşı Cavabdeh valideynlərinin ölümündən uzun müddət əvvəl, təxminən 40 ildən çoxdur ki, Bakı şəhərində yaşayır. O, heç vaxt həmin torpaq sahəsini istifadə etməmiş, nə valideynlərimin sağlığında, nə də onların ölümündən sonra həmin torpaq sahəsində yerləşən evdə yaşamamışdır. Bu da onu göstərir ki, valideylərindən qalmış miras əmlakı qanun üzrə vərəsə olaraq təkcə o qəbul etmişdir. Miras kütləsi ilə bağlı qeyd etmək istəyir ki, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən 0.26 ha torpaq sahəsinə dair JN-034D KOD 50531018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə vardır. Həmin şəhadətnaməyə əsasən torpaq sahəsinin 2/7 hissəsi valideynlərindən (1/7 hissə atasından, 1/7 hissə anasından) miras qalmışdır. Eləcə də həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi Gədəbəy rayonu Şahdağ kənd İƏD üzrə nümayəndəlyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 252 nömrəli arayışa əsasən, X3nun adına qeyd edilmişdir. Yaşayış sahəsi ikimərtəbəli olmaqla birinci mərtəbə zirzəmidən, ikinci mərtəbə 2 otaqdan ibarət fərdi yaşayış evindən ibarətdir. Həmin əmlakı X3nun və anası X1 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasında heç bir maneə olmamış və onların həmin əmlaka dair mülkiyyət gözləntiləri olmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən JN-034D KOD 50531018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi anası X7, 1/7 hissəsi X3ndan və həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli fərdi yaşayış evi X3ndan qalmış miras kütləsinə daxil edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh onun qardaşıdır. Cavabdeh 1983-cü il tarixdə ailə quraraq Bakı şəhərinə köçmüşdür. Cavabdeh özünün Şahdağ kəndində evi və torpaq sahəsi vardır. Cavabdeh ailə qurub köçdükdən sonra ata evinə gəlməmiş, fərdi yaşayış evində yaşamamış və torpaq sahəsinən istifadə etməmişdir. Fərdi yaşayış evini atası inşa etdirmişdir. O, Rusiya Federasiyası vətəndaşıdır. Ata evinə mütəmadi olaraq gəlibgetmişdir. Fərdi yaşayış evi və torpaq sahəsi onun nəzarətində olmuşdur. O, Rusiya Federasiyasında olan zaman evin açarı nəzarət edilməsi üçün digər qardaşı X17 olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, o, 1983-cü il tarixdən Bakı şəhərində yaşamışdır. İddiaçı onun qardaşıdır. İddiaçı Rusiya Federasiyası vətəndaşıdır və orda yaşamışdır. O, ata evinə daimi olaraq gəlib-getmişdir. Ona məxsus əşyalar həmin evdə olmuşdur. İddiaçı ata və anasından qalmış miras əmlakı qəbul etməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədədəy rayon Notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxs Gədədəy rayon Notariat ofisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid X26 məhkəmə iclasında bildirdi ki, iddiaçı və cavabdeh onun qardaşıdır. Ata və anasında fərdi yaşayış evi və torpaq sahəsi miras qalmışdır. Valideynlərinin sağlığında və onlar vəfat etdikdən sonra onlardan miras qalmış evdə qardaşı İddiaçı yaşamış və torpaq sahəsini İddiaçı əkib-becərmişdir. Onun miras əmlakdan hər hansı pay tələbi yoxdur və ona çatası payı İddiaçı verir. Valideynlərinə İddiaçı baxmışdır və hazırda onlardan qalmış miras əmlakı iddiaçı idarə edir. X6 məhkəmə iclasında şahid X26 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Şahdağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 251 saylı arayışdan görünür ki, Quliyev X18 RİHB-nın Şahdağ kənd İƏD üzrə nümayəndəliyinin Şahdağ kəndində həyat yoldaşı X4 məxsus fərdi yaşayış evində yaşayır. İşdə olan Gədəbəy rayonu İHB-nin Şahdağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 182 saylı arayışdan görünür ki, X2 mərhum qayınanası X20 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumun ilkin dəfn xərclərini X9 çəkmişdir. İşdə olan Gədəbəy rayonu İHB-nin Şahdağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 252 saylı arayışdan görünür ki, İddiaçı mərhum X3nun adına Gədəbəy RİHB-nın Şahdağ kənd İƏD üzrə nümayəndəliyinin Şahdağ kəndində 1963-cü ildə tikilmiş ümumi sahəsi 110 kv.m fərdi yaşayış evi və 0.26 ha həyətyanı torpaq sahəsi vardır. İşdə olan Gədəbəy rayonu İHB-nin Şahdağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 255 saylı arayışdan görünür ki, İddiaçı mərhum X3 ölən bir günə kimi Gədəbəy rayonu, Şahdağ kəndində yaşamışdır və xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra təsərrüfatda qalmış ailə üzvləri kimi oğlu İddiaçı və gəlini X9 qeyd edilmişdir. Başqa yerə yaşayan ailə üzvləri kimi oğlu X23, oğlu X26, oğlu X14 və oğlu Cavabdeh qeyd edilmişdir. İşdə olan Gədəbəy rayonu İHB-nin Şahdağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 290 saylı arayışdan görünür ki, İddiaçı mərhum anası X25 ölən bir günə kimi Gədəbəy rayonu, Şahdağ kəndində yaşamışdır və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra təsərrüfatda qalmış ailə üzvləri kimi oğlu İddiaçı və gəlini X9 qeyd edilmişdir. Başqa yerə yaşayan ailə üzvləri kimi oğlu X23, oğlu X26, oğlu X14 və oğlu Cavabdeh qeyd edilmişdir. İşdə olan X23, X26 və X14 tərəfindən notarial qaydada verilmiş ərizələrdən görünür ki, onlar atalarında qalmış miras əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişlər və miras əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə almaq niyyətində deyildirlər. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X9 nikahlarını 01 iyun 1990-cı il tarixdə bağlamışlar. İşdə olan evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X25 nikahlarını xx.xx.1960-cı il tarixdə bağlamışlar. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Gədəbəy rayonu, Şahdağ kəndində doğulmuşdur. Atası qrafasında X13, anası qrafasında X20 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə, X21 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan JN-034D KOD 50531018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə Gədəbəy rayonu Şahdağ kəndində X8, X10 və digərlərinin mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən X11 ünvanlanmış 23 iyun 2023-cü il tarixli, 398 nömrəli məktubdan görünür ki, miras mülklə əlaqədar mübahisə olduğuna görə İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X5 və X7 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X13 və X20 nikahlarını xx.xx.1960-cı il tarixdə bağlamışlar. Onların nikahlarından 5 övladı – İddiaçı, X23, X26, X14 və Cavabdeh olmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 nömrəli qərarı ilə Gədəbəy rayonu Şahdağ kəndində X8, X10 və digər 5 nəfərin mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. X13 xx.xx.2018-ci ildə, anası X20 xx.xx.2022-ci ildə ölmüşdür. Məhkəmə iddiaçının atasından miras qaldığını iddia etdiyi fərdi yaşayış evinin miras kütləsinə daxil olub-olmaması ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, miras əmlakın kütləsinə miras qoyanın sağlığında qanunun tələbi əsasında malik olduğu əmlak daxildir. Qanunun tələbi isə ondan ibarətdir ki, miras kütləsinə daxil olan əmlak miras qoyanın öldüyü məqamadək mövcud olmalı və həmin əmlak miras qoyana mülkiyyət hüququ ilə məxsus olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd edilən normalardan göründüyü kimi, daşınmaz əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Lakin, iddiaçı tərəfindən fərdi yaşayış evi üzrə mərhum X8 adına hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və ya həmin evin mövcudluğunu və X11 məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, miras əmlakın miras kütləsinə daxil edilməsi üçün həmin əmlak miras qoyanın öldüyü məqamadək mövcud olmalı və qanuni əsasla miras qoyana məxsus olmalıdır. İşə əlavə edilmiş heç bir sənədlə fərdi yaşayış evinin X8 öldüyü məqamadək mövcud olmasını və mərhum X8 həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun olması təsdiq edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən mübahisəli fərdi yaşayış evi miras kütləsinə daxil edilə bilməz. Məhkəmə hesab edir ki, X10 ölümündən sonra Gədəbəy rayonu, Şahdağ kəndində sahəsi 0.26 ha olan torpaq sahəsinin 1/7 hissəsi, X8 ölümündən sonra Gədəbəy rayonu, Şahdağ kəndində 0.26 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin əmlaklar X5 və X7 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X5 və X7 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək uşaqlarından X23 və X14 mərhum X8 və X10 ölümündən uzun müddət əvvəl ayrılaraq başqa təsərrüfata köçmüş və hazırda da başqa təsərrüfatda yaşayırlar. Həmçinin, X23 və X14 ataları və analarından ölümündən sonra onlara çatası miras əmlakdan imtina etmələri barədə notarial qaydada ərizə vermişlər. Bununla da məhkəmə onların mirası qəbul etməməsini nəzərə alır və hesab edir ki, onlar qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmədiklərindən mərhum ata və analarından miras qalmış əmlaka vərəsə olmaq hüququnu itirmişlər. Məhkəmə iclasında işdə olan sənədlərlə və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur ki, X8 və X10 ölümündən sonra qalmış əmlakları qanun üzrə vərəsə olaraq digər 3 övladları İddiaçı, X26 və Cavabdeh bərabər surətdə qəbul etmişlər və nəzarət etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, mərhum X8 və X10 ölümündən sonra qalmış əmlaklar üzrə hər üç şəxsin bərabər surətdə, yəni miras qoyan X5 və X7 ümumlikdə miras qalmış 0.26 ha torpaq sahəsinin 2/7 hissəsindən 1/3 hissə payları vardır. Həmçinin, qanun üzrə vərəsələrdən X26 məhkəmə iclasında ifadə verərək ona çatası paydan iddiaçının xeyrinə imtina etdiyi bildirdi. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı mərhum X5 və X7 miras qalmış 0.26 ha torpaq sahəsinin 2/7 hissəsindən 2/3 hissə payı müəyyən edilməlidir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı mərhum X8 və X10 ölümündən sonra qalmış JN-034D KOD 50531018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin 2/7 hissəsinin 2/3 hissəsindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ tanınmalı və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu iddia tələbi qismən təmin olunduğundan yarı hissədə cavabdehə, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı mərhum X8 və X10 ölümündən sonra qalmış JN-034D KOD 50531018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin 2/7 hissəsinin 2/3 hissəsindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ tanınsın və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-718/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-718/2023
07.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver