Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-777/2021 16.08.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızına qarşı “vərəsəlik hüququndan məhrum etmə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızına qarşı məhkəmədə iddia qaldıraraq 02.10.2020-ci ildə şəhid olmuş oğlu X17 münasibətdə cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızının vərəsəlik hüququndan məhrum edilməsi, Gədəbəy rayon Notariat ofisi tərəfindən Yusifova (Həsənova) Südabə Arif qızının adına verilmiş 12.03.2021-ci il tarixli, 2V-141 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, şəhid ailəsi üçün nəzərdə tutulmuş 11000 manatdan ibarət birdəfəlik sığorta ödənişinə şəhidin birinci növbə tək vərəsəsi olaraq onun tam hissə payının müəyyən edilməsi, 11000 manatın 1/2 hissəsi olaraq 5500 manat pulun cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızından alınaraq ona verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsində dəqiqləşdirmə aparılması barədə ərizə verərək, 02.10.2020-ci ildə şəhid olmuş oğlu X17 münasibətdə cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızının vərəsəlik hüququndan məhrum edilməsi, Gədəbəy rayon Notariat ofisi tərəfindən Yusifova (Həsənova) Südabə Arif qızının adına verilmiş 12.03.2021-ci il tarixli, 2V-141 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, şəhid ailəsi üçün nəzərdə tutulmuş 11000 manatdan ibarət birdəfəlik sığorta ödənişinə şəhidin birinci növbə tək vərəsəsi olaraq onun tam hissə payının müəyyən edilməsi, 11000 manatın 1/2 hissəsi olaraq 5500 manat pulun cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızından alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, Həsənov X22 rayonu, Çobankənd İƏD-nin Yenikənd kəndində yaşayır. Vaxtilə cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızı ilə ailə qurmuşdur. Birgə yaşamaqlarından X23 adında bir övladları olmuşdur. Cavabdehlə ailə münasibətləri dağılmışdır. 1993-cü ildə cavabdeh oğlu X18 onun və anasının himayəsinə verərək çıxıb atası evinə getmişdir. Həmin vaxtdan oğluna o baxmış, oğlunun qayğısını o çəkmiş, ona həm ata, həm də ana olmuşdur. Cavabdeh 1994-cü ildə yeni ailə qurmuş, onunla və oğlu ilə heç bir əlaqəsi olmamışdır. X23 “Vətən” müharibəsində 02.10.2020-ci ildə şəhid olmuşdur. Şəhid olduqdan sonra Novosaratovka kənd qəbiristanlığında dəfn edilmişdir. Oğlu şəhid olduqdan sonra Gədəbəy rayon Notariat Ofisi tərəfindən ona 03.06.2021-ci ildə 2V-279 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnaməyə əsasən, şəhid ailəsi üçün nəzərdə tutulmuş 11000 manatdan ibarət birdəfəlik sığorta ödənişinin 1/2 hissə payı müəyyən edilmişdir. Sığorta ödənişinin digər 1/2 hissəsinə isə Gədəbəy rayon Notariat Ofisi tərəfindən verilmiş 12.03.2021-ci il tarixli, 2V-141 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Yusifova (Həsənova) Südabə Arif qızının payı müəyyən edilmiş və cavabdeh həmin 5500 manatı almışdır. Həmçinin, cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızı şəhid ailəsinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünü 1/2 hissədə alır. Halbuki, cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızı bir dəfə də olsun, oğlu X17 münasibətdə bir ana kimi üzərinə düşən valideynlik vəzifələrini yerinə yetirməmişdir. Şəhid oğlu Röyal Həsənov heç vaxt Südabəni bir ana kimi tanımamışdır. Hesab edir ki, Yusifova (Həsənova) Südabə Arif qızı ləyaqətsiz vərəsə hesab edilməlidir. Ona görə də, o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edib Yusifova (Həsənova) Südabə Arif qızının X17 münasibətdə vərəsəlik hüququndan məhrum edilməsini istəyir. Həmçinin, Gədəbəy rayon Notariat ofisi tərəfindən Yusifova (Həsənova) Südabə Arif qızının adına verilmiş 12.03.2021-ci il tarixli, 2V-141 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, şəhid ailəsi üçün nəzərdə tutulmuş 11000 manatdan ibarət birdəfəlik sığorta ödənişinə şəhidin birinci növbə tək vərəsəsi olaraq onun tam hissə payı müəyyən edilməli, 11000 manatın 1/2 hissəsi olaraq 5500 manat cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızından alınaraq ona verilməlidir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızına məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçün şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçün şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Gədəbəy rayonu, Çobankənd İƏDnin Yenikənd kəndində yaşayır. İddiaçı onun yaxın qonşusudur. İddiaçı ilə cavabdeh əvvəllər ailə münasibətlərinə yaşamışlar. Onlar birgə yaşadıqları dövrdə X23 adında bir övladları anadan olmuşdur. X23 daha uşaq olan vaxtından cavabdeh onu iddiaçının yanında qoyaraq çıxıb getmişdir. O, cavabdehin ayrıldıqdan sonra uşağı ilə bir dəfə də olsun görüşməsini görməmişdir. O, cavabdehin daha sonra başqa şəxslə ailə qurduğunu eşitmişdir. X23 isə “Vətən” müharibəsində 02.10.2020-ci ildə şəhid olmuşdur. Şəhid olduqdan sonra Novosaratovka kənd qəbiristanlığında dəfn edilmişdir. Cavabdeh dəfn mərasimində iştirak etməmişdir. X5 və X7 məhkəmə iclasında X19 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iddiaçı və şahidləri dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Çobankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli, 111 saylı arayışdan görünür ki, Həsənov X22 RİHB-nın Çobankənd kənd İƏD üzrə nümayəndəliyinin Qızılqaya kəndində qeydiyyatdadır. İddiaçı mərhum oğlu X23 doğulduğu gündən 2010-cu il tarixə, kimi atası İddiaçı himayəsində yaşamışdır. İşdə olan Gədəbəy rayonu, Qızılqaya kənd sakinləri X9, X1, X8, X4 və X3 imzaları ilə tərtib edilmiş 09 iyun 2021-ci il tarixli aktdan görünür ki, şəhid X15 anası Yusifova (Həsənova) Südabə Arif qızı 1993-cü il tarixdən övladı şəhid Həsənov Röyalı nənəsi və atasının himayəsinə verərək atasının evinə getmişdir. Yusifova (Həsənova) Südabə Arif qızı 1994-cü il tarixdə isə qeyri-rəsmi olaraq ailə qurmuşdur. Həmin tarixdən isə şəhid X23 ilə heç bir əlaqəsi olmamışdır. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyun 2021-ci il tarixli , 116 saylı arayışdan görünür ki, X23 02.01.1992-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, atası qrafasında İddiaçı, anası qrafasında X20 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ № 115890 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 02.10.2020-ci il tarixdə “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr” səbəbindən Daşkəsən rayonunda ölmüşdür. İşdə olan Gədəbəy Notariat Ofisi tərəfindən İddiaçı verilmiş, reyestrdə 2V-279 № ilə qeyd edilmiş 03.06.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 02.10.2020-ci il tarixdə vəfat etmiş, X15 vərəsələri Gədəbəy rayonu, Çobankənd Ərazi Dairəsi, Qızılqaya kəndində qeydiyyatda olan atası İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta şirkətinin 05.03.2021-ci il tarixli, 76 nömrəli arayışına əsasən hesabında olan 11000 manat pul vəsaitindən ibarət əmlakdan ½ hissədə pay almalıdır. İşdə olan Gədəbəy Notariat Ofisi tərəfindən X10 verilmiş, reyestrdə 2V-141 № ilə qeyd edilmiş 12.03.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 02.10.2020-ci il tarixdə vəfat etmiş, X15 vərəsələri Gədəbəy rayonu, Yenikənd kəndində qeydiyyatda olan anası X20 Azərbaycan Respublikası Dövlət Sığorta şirkətinin 05.03.2021-ci il tarixli, 76 nömrəli arayışına əsasən hesabında olan 11000 manat pul vəsaitindən ibarət əmlakdan ½ hissədə pay almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, şahid ifadələri və tədqiq edilmiş digər sübutlarla müəyyən olundu ki, İddiaçı və Yusifova (Həsənova) Südabə Arif qızının ailə münasibətlərindən X23 adında bir övladları olmuşdur. Lakin ailə münasibətləri qısa zamanda pozulmuşdur. Cavabdeh oğlu X18 atası İddiaçı və onun anasının himayəsinə verərək çıxıb getmişdir. X23 “Vətən” müharibəsində 02.10.2020-ci ildə şəhid olmuşdur. Şəhid olduqdan sonra Novosaratovka kənd qəbiristanlığında dəfn edilmişdir. Gədəbəy rayon Notariat Ofisi tərəfindən verilmiş 12.03.2021-ci il tarixli, 2V-141 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sığorta ödənişindən Yusifova (Həsənova) Südabə Arif qızının payı müəyyən edilmiş, lakin cavabdeh, yəni, Yusifova (Həsənova) Südabə Arif qızı valideyn kimi uşağı saxlamaq öhdəliyini və valideynlik vəzifələrini yerinə yetirməmişdir. Bu işdə olan sübutlar və şahid ifadələri ilə öz təsdiqini tapır. Odur ki, 02.10.2020-ci ildə şəhid olmuş X17 münasibətdə cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızının vərəsəlik hüququndan məhrum edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları arasında göstərilmişdir. Digər hüquq və azadlıqlarla yanaşı, mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Göstərilən Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Vərəsəlik şəhadətnaməsi birtərəfli əqd olduğundan onun etibarsızlığı barədə münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdin etibarsızlığı ilə əlaqədar müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci madəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, hazırki qətnamə ilə Yusifova (Həsənova) Südabə Arif qızı valideyn kimi uşağı saxlamaq öhdəliyini və valideynlik vəzifələrini yerinə yetirmədiyinə görə 02.10.2020-ci ildə şəhid olmuş X17 münasibətdə cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızının vərəsəlik hüququndan məhrum edilməsi müəyyən edilmişdir. Belə olan halda Gədəbəy rayon Notariat Ofisi tərəfindən verilmiş 12.03.2021-ci il tarixli, 2V-141 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə görə, iddiaçının cavabdehdən pul tələb etməsinin qanuni əsaslarının mövcudluğu üçün onlar arasında mülki hüquq və vəzifələrin yaranmasına səbəb olan hüquqi faktlardan hər hansı biri olmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı şəhid ailəsi üçün nəzərdə tutulmuş 11000 manatdan ibarət birdəfəlik sığorta ödənişinə şəhidin birinci növbə tək vərəsəsi olaraq onun tam hissə payının müəyyən edilməsi, 11000 manatın 1/2 hissəsi olaraq 5500 manat pulun cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızından alınaraq ona verilməsini xahiş etmişdir. MM-in 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. MM-in 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-in 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan hüquq normalarının dispozitiv şərtlərinə əsasən, məhkəmə qeyd edir ki, hazırki qətnamə ilə cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızı şəhid X17 münasibətdə vərəsəlik hüququndan məhrum edildiyindən və cavabdehə verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən iddiaçı şəhid ailəsi üçün nəzərdə tutulmuş 11000 manatdan ibarət sığorta ödənişinə şəhidin birinci növbə yeganə qanun üzrə vərəsəsi olaraq payının müəyyən edilməsini və 11000 manatın ½ hissəsi olaraq 5500 manat pulun cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, məhkəmə iddia tələbinin həcmində qətnamə çıxarır və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, tələbdən kənara çıxmamalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, 02.10.2020-ci il tarixdə şəhid olmuş X17 münasibətdə cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızı vərəsəlik hüququndan məhrum edilməli, Gədəbəy rayon Notariat ofisi tərəfindən Yusifova (Həsənova) Südabə Arif qızının adına verilmiş 12.03.2021-ci il tarixli, 2V-141 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, X2 miras qalmış 11000 sığorta ödənişinə İddiaçı vərəsəlik hüququ tanınsın və sığorta ödənişinə onun tam payı müəyyən edilməli və Gədəbəy rayon Notariat ofisi tərəfindən 12.03.2021-ci il tarixli, 2V-141 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızına verilmiş 5500 manat pul cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızından alınaraq İddiaçı geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı iddia tələbi təmin edilsin. 02.10.2020-ci il tarixdə şəhid olmuş X17 münasibətdə cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızı vərəsəlik hüququndan məhrum edilsin. Gədəbəy rayon Notariat ofisi tərəfindən Yusifova (Həsənova) Südabə Arif qızının adına verilmiş 12.03.2021-ci il tarixli, 2V-141 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. X2 miras qalmış 11000 manat sığorta ödənişinə İddiaçı vərəsəlik hüququ tanınsın və sığorta ödənişinə onun tam payı müəyyən edilsin. Gədəbəy rayon Notariat ofisi tərəfindən 12.03.2021-ci il tarixli, 2V-141 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızına verilmiş 5500 manat pul cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızından alınaraq İddiaçı geri qaytarılsın. Cavabdeh Yusifova (Həsənova) Südabə Arif qızından 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-777/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-777/2021
16.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver