Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-787/2022 24.08.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı və Cavabdeh qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2018-ci il doğum tarixli X1 və xx.xx.2020-ci il doğum tarixli X2 atasının Cavabdeh Nurəddin oğlu olması faktının müəyyən edilməsi və azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Nurəddin oğlundan hər ay sabit pul məbləğində hər uşağa görə 193 manat məbləğində aliment tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Gədəbəy rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(042)-787/2022 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair 2(042)-787/2022 saylı mülki işin icraatına “atalığın müəyyən edilməsi” tələbinə dair hissəsində xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahat verərək bildirdi ki, O, Cavabdeh Nurəddin oğlu ilə 2017-ci ilin əvvəllərində qeyri-rəsmi ailə qurmuş aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə onların xx.xx.2018-ci il doğum tarixli X3 və xx.xx.2020-ci il doğum tarixli X4 adında iki övladları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət münasibətləri normal olsa da, sonradan aralarında tez-tez mübahisələr yaranmışdır. Cavabdeh Nurəddin oğlu uşaqlarına heç bir köməklik göstərmir. Maddi imkanı olduqca aşağıdır. Uşaqlarına təkbaşına baxmaqda çətinlik çəkir. Cavabdeh isə nə onunla, nə də uşaqları ilə maraqlanmır. Ona heç bir maddi yardım göstərmir. Ona görə də cavabdehdən onun xeyrinə uşaqlarının saxlanılması üçün sabit pul məbləğində hər uşaq üçün 193 manat olmaqla aliment tutulmasını istəyir. Cavabdehlə aralarında rəsmi nikah olmadığından azyaşlı uşaqları Ayanın və Amirin atalığı müəyyən edilməmişdir. Ona görə də xx.xx.2018-ci il doğum tarixli X1 və xx.xx.2020-ci il doğum tarixli X2 atalığının məhkəmə qaydasında müəyyən edilməsini istəyir. Bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə mediator Anar Tahirov tərəfindən ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etdi və izahat verərək bildirdi ki, iddiaçı ilə 2017-ci il tarixdə qeyri-rəsmi olaraq ailə qurmuşlar. Aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2018-ci il doğum tarixli X3 və xx.xx.2020-ci il doğum tarixli X4 adında iki övladları olmuşdur. Eləcə də, iddiaçının tələb etdiyi aliment məbləğini tam olaraq qəbul edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gədəbəy rayonu, Qaraməmmədli kəndində qeydiyyatdadır. İşdə olan Gədəbəy rayonu İHB-nın Qaraməmmədli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən vermiş 05 iyul 2022-ci il tarixli, 81 saylı arayışdan görünür ki, İddiaçı Gədəbəy RİH başçısının Qaraməmmədli kənd İƏD üzrə nümayəndəliyinin 01 nömrəli ev təsərrüfatlarının uçotu kitabına əsasən, Gədəbəy rayonu, Qaraməmmədli kəndində qeydiyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə, X4 xx.xx.2020-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşlar. Ataları qrafasında Cavabdeh, anaları qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan mediator Anar Tahirov tərəfindən verilmiş 29 iyun 2022-ci il tarixli, “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh 2017-ci ildə qeyri-rəsmi ailə qurub evlənmiş, aralarında rəsmi nikah olmamışdır. Birgə yaşadıqları dövrdə onların xx.xx.2018-ci il doğum tarixli X3 və xx.xx.2020-ci il doğum tarixli X4 adında iki uşaqları olmuşdur. Uşaqlar nikahdan kənar doğulsa da, atalıqları müəyyən edilmişdir. Tərəflər ailə qurduqdan sonra onların bir müddət münasibətləri normal olsa da, sonradan aralarında narazılıqlar olmuş və ayrılmışlar. Uşaqlar iddiaçının himayəsində yaşayır. Cavabdeh uşaqları ilə maraqlanmır. İddiaçı uşaqlarının saxlanmasında çətinlik çəkdiyini bildirərək aliment təyin edilməsini tələb edir. Cavabdeh məhkəmə iclasında cavabdehin tələb etdiyi miqdarda aliment ödəməyi qəbul etdi. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdehin iddia tələbini etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, məhkəmə cavabdehin iddia tələbini etiraf etməsini qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “...Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Həmin qərarda göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün ən azı ona minimum yaşayış imkanı yaradılmalıdır. Odur ki, alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu əsas götürərək, eləcə də tərəflərin maddi vəziyyətini, uşağın saxlanılmasında tərəflərin iştirakları dərəcəsini və cavabdehin iddia tələbini etiraf etməsini nəzərə alaraq, hər uşağa görə 193 manat olmaqla, iki uşaq üçün 386 manat məbləğində aliment təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227,233-cü və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 07 iyul 2022-ci il tarixdən başlayaraq, 09 avqust 2018-ci il doğum tarixli X1 və 14 oktyabr 2020-ci il doğum tarixli X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşağa görə 193 manat olmaqla, iki uşaq üçün 386 manat aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-787/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-787/2022
24.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver