Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-818/2023 21.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 və üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə qarşı mərhum atası X4 miras qalmış Gədəbəy şəhərində yerləşən A 275059 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında atasına verilmiş 699.48 kvm həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli fərdi yaşayış evindən və atasının adına qoyulmuş "xxxx" ASC-də mövcud olan əmanətdən ibarət miras əmlakın qanun üzrə vərəsə olaraq, onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, atası X14 ilə X3 1960-cı ildə ailə qurmuş, 10 iyun 1962-ci ildə nikaha bağlamışlar. Onların 3 övladı olmuşdur: o, bacısı X5 və qardaşı-Cavabdeh2. X3 17 mart 2000-ci il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra atası 19 mart 2003-cü ildə X9 ilə nikaha daxil olaraq, ikinci dəfə ailə qurmuşdur. Atasının ikinci ailəsindən övladı olmamışdır. Atası 31 mart 2010-cu il tarixdə vəfat etmişdir. Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2009cu il tarixli, 03 nömrəli qərarı ilə Gədəbəy şəhərində atası X10 699.48 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə atasına keçmiş DT və XK tərəfindən A № 275059 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin torpaq sahəsində valideyləri 1963-cü ildə ikimərtəbəli fərdi yaşayış evi tikmişlər. Evin texniki pasportu atasının adına tərtib edilmişdir.Həm valideynlərinin sağlığında, həm də onların ölümündən sonra həmin evdə ailə üzvlərilə birlikdə o, yaşamışdır. Valideynlərinə o, baxıb qulluq etmişdir. Cavabdeh Gədəbəy şəhərində özünün ayrıca evi olmaqla orada yaşayır. Atasını ölümündən sonra da, ondan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini faktiki olaraq, o, miras kimi qəbul etmiş, miras əmlak üzərində sahiblik və istifadəni həyata keçirmişdir. Həmçinin, atasının adına bankda hesab açılmış və həmin hesaba əmanət qoyulmuşdur. Əmanət ABŞ dolları və manat ilə qoyulmuşdur. Həmin pul vəsaitinin dəqiq məbləği ilə bağlı "xxxx" ASC-nin Gədəbəy filialına müraciət etsə də, bununla bağlı məhkəmə qərarı olacağı təqdirdə, mərhum atasının adına bankda olan hesab və əmanət haqqında məhkəməyə rəsmi cavab veriləcəyi bildirilmişdir. O, atasının vəfatından sonra ondan qalmış miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmiş, lakin Cavabdeh2 mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə Gədəbəy Notariat Ofisi ona 29 mart 2023-cü il tarixdə imtina məktubu vermiş və məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarımasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X15 izahat verərək, bildirmişdir ki, o, cavabdehin həyat yoldaşıdır. Onlar doqquz il ərzində qaynatası olan mirasqoyanın evində yaşmışlar. 1998-ci ildə onlar başqa evə köçmüşlər və o vaxtdan həmin evdə yaşayırlar. Mirasqoyandan qalmış evdə iddiaçının yaşamasına etiraz etmir, lakin evin satılmamasını istəyir. Üçüncü şəxs Gədəbəy Rayon Notariat Ofisinə məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X12 ifadə verərək, bildirmişdir ki, tərəfləri tanıyır. Tərəflərin atası xəstəxanada işləyirdi. İddiaçı bir müddət Rusiyada yaşamış, həmişə atasına pul göndərmişdir. Cavabdeh isə son 20-25 ildə ata evində deyil, özünə məxsus evdə yaşamışdır. İşdə olan X6 surətindən görünür ki, X14 31 mart 2010-cu il tarixdə ölmüşdür. İşdə olan Arayışdan görünür ki, X2 Firidun Mirzə oğlunun atasıdır. İşdə olan “Torpaq sahəsinin planı ölçüsü” sənədindən görünür ki, Gədəbəy şəhərində X8 mülkiyyətinə 699.48 kvm ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Texniki Pasport və Kartoçkadan görünür ki,Gədəbəy şəhərində X8 mülkiyyətində fərdi yaşayış evi olmuşdur. İşdə olan "xxxx" ASC-nin məktubundan görünür ki, X8 adına bank hesabı aşkar edilməmişdir. İşdə olan Ərizədən görünür ki, X5 atası X4 miras qalmı əmlakı qəbul etməkdən imtina etmişdir. İşdə olan Gədəbəy Notariat Ofisi tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli məktubdan görünür ki, mübahisə olduğu üçün iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Аzərbаycаn Rеspublikаsının tərəfdаr çıхdığı “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsınа 1 sаylı Prоtоkоlun 1-ci mаddəsinə əsаsən hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən mаnеəsiz istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlmаqlа, mülkiyyətindən məhrum еdilə bilməz. “İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Beləliklə, məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. 16 iyul 1996-cı ildə qəbul еdilmiş “Tоrpаq İslаhаtı hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 9-10-cu mаddələrinə və “Vətəndаşlаrın qаnuni istifаdəsindəki tоrpаq sаhələrinin оnlаrın mülkiyyətinə vеrilməsi hаqqındа” Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin 10 yаnvаr 1997-ci il tаriхli 534 sаylı fərmаnınа əsаsən vətəndаşlаrın qаnuni istifаdəsindəki fərdi yаşаyış еvlərinin, həyətyаnı sаhələrin qаnunvеricilikdə müəyyən оlunmuş qаydаdа qаnuni istifаdədə оlduğu ölçülər dахilində əvəzsiz оlаrаq оnlаrın mülkiyyətinə vеrilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy şəhərində yerləşən 699.48 kvm həyətyanı torpaq sahəsi iddiaçının atası X1 olmuşdur. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə mirasqoyanın mülkiyyət hüquqları qanunda nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasa da, mülkiyyət hüququnun gözləntisi prinsipinə əsasən mirasqoyanın mülkiyyət hüquqlarının qeydiyyata alınmasına qanuni gözləntisi olmuşdur və bu əmlak onun mülkiyyəti kimi qiymətləndirilməlidir. İddiaçı atasının ölümündən sonra miras qalmış evdə yaşamış, təsərrüfatı idarə etmiş, mirası qəbul etmək iradəsini şəksiz nümayiş etdirmiş, yəni, mirası qəbul etmişdir. Digər vərəsələr özlərinə məxsus evlərdə yaşmış, mirası qəbul etmək niyyətlərini ifadə etməmiş, yəni, mirası qəbul etməmişlər. Ona görə də həytəyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin iddiaçı tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Bununla belə, mirasqoyanın adına hər hansı bir bank hesabı müəyyən edilməmişdir. Ona görə də iddia tələbi qismən təmin edilməli, iddiaşı İddiaçı tərəfindən atası X4 miras qalmış Gədəbəy şəhərində yerləşən 699.48 kvm həyətyanı torpaq sahəsi və üzərində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin qanun üzrə vərəsə kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən atası X4 miras qalmış Gədəbəy şəhərində yerləşən 699.48 kvm həyətyanı torpaq sahəsi və üzərində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin qanun üzrə vərəsə olaraq miras kimi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-818/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-818/2023
21.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver