Məhkəmə qərarları › İş №2(042)-830/2022

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-830/2022

21.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-830/2022 21.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi və payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, mərhum babası X9 miras qalmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 2000-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evinə və Gədəbəy rayon Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 17 saylı qərarı əsasında paylı mülkiyyətə verilmiş 0.10 ha torpaq sahəsindən mərhum babası tərəfindən ona verilmiş vəsiyyətnamə üzrə torpaq sahəsindən (payın) müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, xx.xx.1995-ci il tarixdə Gədəbəy rayonu, Arıqdam kəndində doğulmuşdur. Mərhum babası X14 və mərhum nənəsi X7 himayəsində böyümüşdür. O, ailə qurmuşdur və hal-hazırda iki övladı vardır. Onun valideyinləri sağdır və hal-hazırda Gəncə şəhərində yaşayırlar. Valideyinləri Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatdadır. O, ailəsi ilə birlikdə mərhum babası Q.Mahmudovun himayəsində yaşamaqla təsərrüfatbaşına kitabda qeydiyyatdadır. Hal-hazırda Gədəbəy rayonu, Arıqdam kənd İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 517 saylı arayışda da bu öz əksini tapmışdır. Mərhum babası Qurban Mahmudovun faktiki istifadəsində 0.60 ha həyətyanı torpaq sahəsi olsa da, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 17 saylı qərarı ilə 0.10 ha torpaq sahəsi JN-245A KOD 50532018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında babası X11, nənəsi X7 və atası Cavabdeh paylı mülkiyyətin verilmişdir. Mərhum babası Q.Mahmudov sözü gedən torpaq sahəsinin içərisində əvvəl yaşadığı mülkü və sonra 2000-ci il tarixdə hal-hazırda o yaşadığı evi inşa etdirmişdir. Hal-hazırda atası Cavabdehla onların aralarında mülki mübahisə olmuş və atası mərhum babasını məhkəməyə vermişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə atası Cavabdeh 60 kv.m olan köhnə tiklidən ibarət fərdi yaşayış evindən və evin yardımçı sahələrindən istifadə hüququ tanınmaqla həmin evə köçürülməsinə dair qətnamə çıxarılmışdır. Hal-hazırda həmin qətnamə qüvvəyə minmişdir. Atası Cavabdeh həmin evdə yaşamasına və həyətyanı torpaq sahəsindən istifadə etməsinə etirazı yoxdur. Babası Q.Mahmudov ölməmişdən öncə yəni xx.xx.2019-cu il tarixdə Gədəbəy Notariat ofisi tərəfindən ona vəsiyyətnamə vermiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. Babası Q.Mahmudov xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda həmin evdə o yaşamaqla təsərrüfatı idarə edir. Eyni zamanda sözü gedən daşınmaz əmlakları adına rəsimləşdirmək məqsədi ilə sənədlərini toplayıb DƏDRXnin Şəmkir Ərazi İdarəsinin Gədəbəy rayon şöbəsinə təqdim etsə də onun sənədlərini qəbul etməmişlər və həmin mülkün mülkiyyət kimi qeydiyyatdan keçməməsini əsas gətirmişlər. Bununla yanaşı ona mərhum babasından qalmış miras mülkə vəsiyyət üzrə və mirasın vərəsələr arasında bölgüsü ilə bağlı aidiyyəti üzrə Gədəbəy rayon Notariat ofisindən qanun üzrə vərəsəlik şəhadətnaməsi aldıqdan sonra DƏDRX-nin 11 saylı ərazi idarəsinə müraciət edə biləcəyi ona izah olunmuşdur. O, Gədəbəy rayon Notariat Ofisinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Onun müraciəti əsasında DƏDRX-nin 11 saylı ərazi idarəsinə məktub göndərilmişdir. DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən ona imtina məktubu gəlmiş və qeyd edilmişdir ki, atası ilə aralarında olan mülki mübahisə könüllü şəkildə həll edilmədiyi təqdirdə ona həmin torpaq sahəsi və mülklə bağlı şəhadətnamə verilə bilməz. Lakin hazırda atası könüllü olaraq razılıq vermək istəmir. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. O, babası Qurban Mahmudovdan miras qalmış daşınmaz əmlakları istər vəsiyyət üzrə, istərsə də faktiki olaraq qəbul etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, iddiaçı onun qızı, mərhum X14 isə atasıdır. O, anadan olduğu vaxtdan 2020-ci il tarixə kimi atasından miras qalmış Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən mübahisəli evdə yaşamışdır. Daha sonra isə oğlunun Gəncə şəhərində yerləşən evində yaşamağa başlamışdır. İddiaçı vəsiyyətnaməni mərhum atasının savadsızlığından istifadə edərək almışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin faktiki hallarını hərtərəfli araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 162 saylı arayışdan görünür ki, Alıyeva X3 nümayəndəliyində qeydiyyatdadır. Hal-hazırda Arıqdam kəndində yaşayır. İşdə olan Gədəbəy rayon İHB-nın Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 163 saylı arayışdan görünür ki, Alıyeva X1 mərhum X13 məxsus evdə yaşayır. İşdə olan Gədəbəy rayon İHB-nın Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 517 saylı arayışdan görünür ki, İddiaçı babası X14 03 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən qabaq nəvəsi İddiaçı ilə birlikdə yaşamışdır. Vəfat etdikdən sonra da nəvəsi İddiaçı həmin evdə qeydiyyatdadır, yaşayış və həmin təsərrüfatı idarə edir. İşdə olan Gədəbəy rayon İHB-nın Arıqdam kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 04 saylı arayışdan görünür ki, İddiaçı adına Gədəbəy rayonu, Arıqdam kəndində 01 nömrəli təsərrüfatbaşına kitabın 23-cü səhifəsinə əsasən, 2000-ci ildə tikilmiş yaşayış evi, çardaq, tövlə və 0.27 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2021-ci ildə Gədəbəy rayonu, Arıxdam kəndində ölmüşdür. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(042)-536/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən, Gədəbəy RİHB-nin Arıqdam kənd İƏD üzrə nümayəndəliyində X11 adına qeydə alınmış, cavabdeh X11 yaşadığı, ümumi sahəsi 60 kv.m olan köhnə tikilidən ibarət fərdi yaşayış evindən və evin yardımçı sahələrindən istifadə etmək hüququ tanınmaqla həmin evə köçürülməsi və iddiaçı Cavabdeh 245A KOD 50532018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.10 ha torpaq sahəsindən istifadə etmək hüququ verilməsi qət edilmişdir. İşdə olan JN-245A KOD 50532018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 17 saylı qərarı ilə Gədəbəy rayonu, Arıxdam kəndində X13, X10 və Cavabdeh 0.10 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayonu, Arıxdam kəndində yaşayan X14 tərəfindən Gədəbəy rayon notariat ofisində verilmiş, reyestrdə 2V-184 № ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 ölən günədək ona məxsus olan Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən evini, həyətyanı torpaq sahəsini, çöl torpaq sahəsini və adına nə varsa hamısını nəvəsi İddiaçı vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən İddiaçı verilmiş məktubun surətindən görünür ki, babası X9 və nənəsi X5 miras qalmış Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinə, həyətyanı torpaq sahəsinə və çöl torpaq sahəsinə dair reyestrdən çıxarış aldıqdan sonra ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilər. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş məktubdan görünür ki, qeyd edilən torpaq sahəsi ilə bağlı yaranmış mübahisənin həll olunması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuş, hər hansı əmlaka dair mübahisənin həll olunması 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricində olduğuna görə ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X9 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürlməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, X14 xx.xx.2022-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində ölmüşdür. İşdə olan JN-245A KOD 50532018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 17 saylı qərarı ilə Gədəbəy rayonu, Arıxdam kəndində X13, X10 və Cavabdeh 0.10 ha torpaq sahəsi verilmişdir. Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin 1/3 hissəsi barəsində X11 mülkiyyətə dair qanuni gözləntisi olmuşdur. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarında xatırlatmışdır ki, real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Həmin məhkəmənin “Burdov Rusiya Federasiyasına qarşı” və “Yunanıstan neftayırma zavodu “Strən və X4rşı” iş üzrə qərarında xatırlamasına görə, “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilərsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından “mülkiyyət kimi qəbul edilir”. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, mübahisəli torpaq sahəsinin 1/3 hissəsinə dair mərhum X11 mülkiyyət hüququnun gözləntisi olduğundan həmin torpaq sahəsi 1/3 hissədə mülkiyyəti kimi qiymətləndirilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X11 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsindən ibarət əmlak X11 mülkiyyəti hesab edilməklə onun ölümündən sonra qalmış miras kütləsinə daxil edilməlidir. Məhkəmə fərdi yaşayış evinin miras kütləsinə daxil edilib-edilməməsi məsələsinə qiymət verərək qeyd edir ki, miras əmlakın kütləsinə miras qoyanın sağlığında qanunun tələbi əsasında malik olduğu əmlak daxildir. Qanunun tələbi isə ondan ibarətdir ki, miras kütləsinə daxil olan əmlak miras qoyanın öldüyü məqamadək mövcud olmalı və həmin əmlak miras qoyana mülkiyyət hüququ ilə məxsus olmalıdır. Məhkəmə daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının yaranması əsaslarını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qeyd edilən normalardan göründüyü kimi, daşınmaz əmlaka dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Lakin, iddiaçı tərəfindən mərhum X11 adına mübahisəli fərdi yaşayış evinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənədi məhkəməyə təqdim etmədi. Məhkəmə qeyd edir ki, miras əmlakın miras kütləsinə daxil edilməsi üçün həmin əmlak qanuni əsasla miras qoyana məxsus olmalıdır. İşə əlavə edilmiş heç bir sənədlə mərhum X11 mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququnun olması təsdiq edilməmişdir. Belə olan halda, fərdi yaşayış evi X11 ölümündən sonra qalmış miras kütləsinə daxil edilə bilməz. Odur ki, mübahisəli fərdi yaşayış evi miras kütləsinə daxil olan əmlak olmadığından və mübahisələndirilən əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri yaranmadığından iddiaçının iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə mübahisəli torpaq sahəsinin ilə əlaqədar tətbiq olunmalı vərəsəlik hüquq münasibəti ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə X2 qalmış miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, mərhum X14 tərəfindən nəvəsi İddiaçı adına vəsiyyətnamə qoyulduğundan X9 qalmış miras əmlaka münasibətdə vəsiyyətnamə üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vəsiyyətnamə üzrə vərəsə tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, tərəflərin izahatı və işdə olan sübutlarla müəyyən edilir ki, miras qoyan tərəfindən iddiaçının adına vəsiyyətnamə qoyulduğundan həmin əmlakı vəsiyyətnamə üzrə vərəsə olaraq İddiaçı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, məhkəmə iddia tələbinin həcmində qətnamə çıxarır və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, tələbdən kənara çıxmamalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X2 miras qalmış Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən JN-245A KOD 50532018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 17 saylı qərarı ilə X11, X7 və Cavabdeh ümumi birgə mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınmalı, onun qeyd olunan mirası faktiki olaraq qəbul etməsi müəyyən edilməli və həmin torpaq sahəsinin 1/3 hissəsində İddiaçı payı müəyyən edilməlidir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X2 miras qalmış Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən JN-245A KOD 50532018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 17 saylı qərarı ilə X11, X7 və Cavabdeh ümumi birgə mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 1/3 hissəsinə İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınsın, onun qeyd olunan mirası faktiki olaraq qəbul etməsi müəyyən edilsin və həmin torpaq sahəsinin 1/3 hissəsində İddiaçı payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar