Məhkəmə qərarları › İş №2(042)-886/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-886/2021

07.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-886/2021 07.09.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və ona məxsus ev əşyalarının evdən çıxarılması tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı ona xüsusi mülkiyyət hüququ əsasında Gədəbəy şəhəri, H.Əliyev prospekti 8 saylı fərdi yaşayış evinə olan istifadə hüququna 15000 manat kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehə məxsus ev əşyalarının çıxarılması tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy şəhəri,Heydər Əliyev prospekti,8 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh iddiaçının oğlu ilə 1991-ci ildə ailə quraraq həmin mənzildə yaşamışdır. Cavabdeh iddiaçının oğlu ilə ailə qurduğu vaxtdan iddiaçıya məxsus evdə yaşamaqla orada istifadə hüququ əldə etmişdir. Cavabdeh və iddiaçının oğlu Məzahir Bağırovun birgə nikahından 22.08.1992-ci il tarixdə Məlahət və 11.05.1995-ci il tarixdə Aysel adlı övladları doğulmuşlar. İddiaçının oğlu 2010-cu ilə vəfat etmişdir. Məlahət Bağırzadə 24.07.2014-cii il tarixdə evlənərək əri ilə birlikdə Rusiya Federasiyasının Penza şəhərinə, Aysel Bağırzadə isə 17.09.2014-cıi il tarixdə evlənərək əri ilə birlikdə Rusiya Federasiyasının Yekaterinburq şəhərinə köçmüşdür. Məlahət və Aysel evləndikləri tarixdən daimi olaraq gəlin köçdükləri yerdə yaşayırlar və iddiaçının evinə istifadə hüququnu itirmişlər. Cavabdehin özü də hazırda iddiaçıya məxsus evdə yaşamır. İddiaçının oğlu öldükdən sonra cavabdehin iddiaçı və qaynanası ilə münasibətləri pisləşmişdir. Onlar hazırda bir evdə yaşaya bilməzlər. İddiaçının hazırda 88 yaşı var. O, mülkiyyətindən sərbəst istifadə etmək, rahat yaşamaq istəyir. İddiaçı Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsinə əsasən X2 İddiaçı mülkiyyətində olan Gədəbəy şəhəri, H.Əliyev prospekti, 8 saylı fərdi yaşayış evinə olan istifadə hüququna 7000 manat kompensasiya ödənilməklə xitam verilməsi və ona məxsus ev əşyalarının fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi kompensasiya miqdarının az olması səbəbindən ləğv edilmişdir. Cavabdeh Gəncə Apellyasiya Məhkəməsində iş üzrə keçirilmiş iclaslarda kompensasiyanın miqdarının 15000 manat olacağı halda, həmin evdən çıxacağı haqqında izahat vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsin qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir. İddiaçı hazırda cavabdehin tələb etdiyi 15000 manat miqdarında kompensasiya verməyə razıdır. Ona görə də iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X4 məhkəmə iclasında iddia tələbinə etiraz etmiş, izahat verərək, bildirmişdir ki, hazırda iddiaçının təklif etdiyi kompensasiya məbləği çox azdır. O, həmin məbləğə Gədəbəy şəhərində ev ala bilməz. Ümumiyyərlə iddiaçılarla bir yerdə mehriban yaşayır və evdən çıxmayacaqdır. Lakin onun izahatı təhrif olunaraq, 15000 manat kimi qeyd edilmişdir. O, kompensasiya məbləği ilə razı deyil. Ona görə də iddia tələblərinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan DƏDRX tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, 22 aprel 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 128.9 kvm olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan Texniki Pasportun surətindən görünür ki, İddiaçı məxsus reyestr nömrəsi **********56-10301 olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçotaqlıdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-968/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli, 2(042)-390/2021 saylı qətnaməsi ləğv edilmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, 15000 manat manat miqdarında kompensasiya ödənilərsə, istifadə hüququna xitam verilməsinə razı ola bilər. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(042)-3702/2021 saylı qərarının surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-968/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Maddənin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu bəndinə əsasən Konsitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respulikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvüləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ) digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi vəhəyata keçirilməsinə dair Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, Mənzil məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа” Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152-ci mаddəsinə əsаsən mülkiyyət hüququ subyektin onа mənsub əmlаkа öz istədiyi kimi sаhib olmаq, ondаn istifаdə etmək və onа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qorunаn hüququdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gədəbəy şəhəri, Heydər Əliyev prospekti 8 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh iddiaçının gəlinidir. O, iddiaçının oğlu Məzahir Bağırovla 1991-ci ildə ailə qurmuş, həmin mənzilə köçmüş və evə istifadə hüququ əldə etmişdir. Cavabdehlə iddiaçının oğlunun birgə nikahından 22.08.1992-ci il tarixdə Məlahət və 11.05.1995-ci il tarixdə isə Aysel doğulmuşlar. Cavabdehin övladları Məlahət Bağırzadə 24.07.2014-cii il tarixdə ailə quraraq, əri ilə birlikdə Rusiya Federasiyasının Penza şəhərinə, Aysel Bağırzadə isə 17.09.2014-cıi il tarixdə ailə quraraq, əri ilə birlikdə Rusiya Federasiyasının Yekaterinburq şəhərinə köçmüşlər. İddiaçının oğlu Məzahir Bağırov 2010-cu ildə vəfat etmişdir. İddiaçının oğlu Məzahir Bağırov öldükdən sonra cavabdehlə iddiaçı arasında olan münasibətlər pisləşmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçının hazırda 88 yaşı vardır. Onun cavabdehə evdən pay vermək və ya ona ev tikmək vəzifəsi yoxdur. İddiaçı yalnız ağlabatan müddətdə cavabdehin özünə ev əldə etməsi və ya inşa etməsi üçün onu hazırkı şəraitə oxşar şəraiti olan evlə təmin etməldir. Məhkəmə bu zaman həm də o halı da nəzərə alır ki, iddiaçı ahıl yaşındadır və cavabdehin evə istifadə hüququnun bundan sonra da saxlanılması, iddiaçının yaşayış evinə olan mülkiyyət, evə sahiblik etmək, istifadə etmək və sərəncam vermək hüquqlarının geriyədönməz həddə məhdudlaşdırılmasına səbəb ola bilər. İddiaçı Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə qətnaməsinə əsasən X2 İddiaçı mülkiyyətində olan Gədəbəy şəhəri, H.Əliyev prospekti, 8 saylı fərdi yaşayış evinə olan istifadə hüququna 7000 manat kompensasiya ödənilməklə xitam verilməsi və ona məxsus ev əşyaları fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi kompensasiya miqdarının az olması səbəbindən ləğv edilmişdir. Cavabdeh Gəncə Apellyasiya Məhkəməsində iş üzrə keçirilmiş iclaslarda kompensasiyanın miqdarının 15000 manat olacağı halda həmin evdən çıxacağı haqqında izahat vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsin qərarına əsasən kassasiya şikayəti təmin edilməmişdir. Hazırda iddiaçının cavabdehə təklif etdiyi 15000 manat kompensasiya kifayət qədər yüksək məbləğdir. Məhkəmənin qənaətinə görə cavabdeh həmin məbləğlə özünə yaşayış şəraiti əldə edənı qədər şərait yarada bilər. Ona görə də iddia ərizəsi təmin edilməli, cavabdehin iddiaçının mülkiyyətində olan Gədəbəy şəhəri, H.Əliyev prospekti, 8 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış hüququna 15 min manat kompensasiya verilməklə xitam verilməli və cavabdehin əşyaları evdən çıxarılmalıdır. Cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən olan istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evindən çıxarılması kompensasiya məbləğinin ödənilməsi ilə eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu X1 alınaraq İddiaçı verilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbləri təmin edilsin. X2 İddiaçı mülkiyyətində olan Gədəbəy şəhəri, H.Əliyev prospekti, 8 saylı fərdi yaşayış evinə olan istifadə hüququna 15000 manat kompensasiya ödənilməklə xitam verilsin və ona məxsus ev əşyaları fərdi yaşayış evindən çıxarılsın. İstifadə hüququna xitam verilməsi və əşyaların evdən çıxarılması kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunsun. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi X1 alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar